Ermənistan Rusiyanın "təhlükəsizlik çətiri"nə can atır: - İrəvan ABŞ səfirini və gizli "bioloji hərbi bazalar"ını hədəfə çıxartdı

Dünən, 00:08           
Ermənistan Rusiyanın "təhlükəsizlik çətiri"nə can atır: -
Cənubi Qafqazda rəsmi İrəvanın üzləşdiyi situasiya Ermənistanın gələcək taleyi üçün real təhlükələri daha ön plana çıxartmağa başlayıb. Belə ki, Paşinyan hakimiyyətinin bütün geopolitik manipulyasiyaları bir-birinin ardınca iflasa uğramsqdadır. Xüsusilə də, Ermənistanın "Qərbə qaçış" cəhdlərinin uğursuz olması indi rəsmi İrəvan üçün əsl "geopolitik kollaps" effekti verməkdədir. Və bu səbəbdən də, Paşinyan hakimiyyətinin Azərbaycanla qarşıdurma mühitinin zəiflədilməsinə ehtiyacı var.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan hər ehtimala qarşı bu istiqamətdə ilk addımlarını artıq atmağa başlayıb. Belə ki, Paşinyan hakimiyyəti Azərbaycan və Ermənistan arasında imzalanmalı olan yekun sülh sazişinin tam mətni ilə artıq razılaşıb. İndi həmin sənədin imzalanmasına can atan rəsmi İrəvan Azərbaycanın saziş öncəsinə bağlı şərtlərini də icra etmək məcburiyyətindədir. Əks halda, sülh sazişinin imzalanma ehtimalı qətiyyən inandırıcı görünmür.

Bu səbəbdən də, baş nazir Nikol Paşinyan Ermənistanın yeni konstitusiyasının qəbulu, Avropa Birliyinin "mülki müşahidə missiyası"nın gələcək taleyi və ATƏT-in Minsk Qrupunun ləğvi barədə danışıb. Erməni baş nazir bildirib ki, Ermənistan vətəndaşlarına yeni konstitusiyaya sahib olmağı təklif ediləcək və onun qəbul olunması üçün 2027-ci ildə referendumun keçirilməsi planlaşdırılır. O, qeyd edib ki, hakimiyyət komandasının bir hissəsi referendumu 2026-cı ildə parlament seçkiləri ilə paralel keçirməyin məqsədəuyğun olduğunu düşünür.

Avropa Birliyinin "mülki müşahidə missiyası"nın gələcəyi ilə bağlı baş nazir Nikol Paşinyan bildirib ki, sülh sazişi imzalandıqdan sonra Ermənistan və Avropa Birliyi bu missiyanın fəaliyyəti, forması və metodu ilə bağlı ortaq qərar verəcək. ATƏT-in Minsk Qrupunun buraxılması məsələsinə toxunan Nikol Paşinyan vurğulayıb ki, bu mövzu müzakirə edilməlidir. Çünki sülhə doğru irəlilədikcə, Minsk Qrupu formatı öz aktuallığını itirir. O, Ermənistanın bu məsələni gündəmə gətirəcəyini və yaxın vaxtlarda müzakirələrə başlayacağını bildirib.

Ermənistan baş naziri hərbi eskalasiya üçün heç bir əsasın olmadığını bildirməklə yanaşı, tərəflər arasında etimad problemi olmasaydı, sülh sazişinin çoxdan imzalanmış olacağını da vurğulayıb. Halbuki, erməni baş naziri yeni konstitusiyanın qəbulu ilə bağlı referendum 2027-ci ildə planlaşdırıldığını deməklə, sülh sazişin həmin tarixdən öncə imzalanma ehtimalını da istisna etmiş oldu. Və onun fikrincə, Ermənistan və Azərbaycan arasında sülh sazişinin təminatı üçün əlavə qarantlara da ehtiyac yoxdur, çünki ən effektiv təhlükəsizlik zəmanəti sülhün özü, qonşularla normal münasibətlərdir.

Onu da qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupu ilə bağlı məsələdə Rusiyanın da mövqeyi məhz Azərbaycanın tələblərinə uyğundur. Belə ki, "Qərbə qaçış" planları pozulmuş Ermənistanın müttəfiqi Rusiya Minsk Qrupunun fəaliyyətinin bərpasını mümkün hesab etmir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Kremlin Ağ Evlə əlaqələrini bərpası etməsinin Minsk Qrupu ilə heç bir əlaqə yoxdur və Moskvanın bu məsələyə yönəlik mövqeyi dəyişməz qalır: "Minsk Qrupunun bütün strukturları ləğv olunmalıdır və bunun üçün ən optimal variant məhz Bakı və İrəvanın birgə təklifi əsasında bu institutların buraxılmasıdır".

Göründüyü kimi, Ermənistanın formal da olsa, mövcudluğunda israr etdiyi Minsk Qrupu ilə bağlı məsələdə Rusiya rəsmi İrəvanı məyus edə biləcək mövqe tutur. Bunun əsas səbəblərindən biri də məhz Rusiya-Ermənistan münasibətlərində kəskin ziddiyyətlərin olmasıyla bağlıdır. Kremldə artıq ABŞ və Qərbin Ermənistanı sahibsiz buraxdığını da nəzərə almağa başlayıblar. Ona görə də, rəsmi İrəvanın mümkün qədər aciz duruma düşərək, yalnız Rusiyadan imdad diləməsində birbaşa maraqlıdırlar. Və hazırda Paşinyan hakimiyyətinin Kremllə münasibətləri bərpa etməyə can atdığı barədə də məlumatlar mövcuddur.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan Kremllə ünsiyyətə daha çox önəm verməyə başlayıb. Hətta vaxtilə müxtəlif bəhanələrlə Rusiyaya səfərlərdən imtina edən erməni baş nazir indi belə təklifləri böyük ümidlərlə qəbul edir. Yaxın vaxtlarda Ermənistanın KTMT da daxil olmaqla, Rusiyanın patronajlığı altında olan qurumlarda fəaliyyətini bərpa edəcəyi gözlənilir. Üstəlik, baş nazir Nikol Paşinyan hökumətin qapalı toplantısında Rusiya ilə "uçurulmuş körpülər"in bərpası barədə xüsusi tapşırıqlar verib.

Digər tərəfdən, rəsmi İrəvan Rusiyanı məmnun etmək üçün xüsusi kampaniyaya da başlayıb. Belə ki, Qərbdən ümidləri kəsilməkdə olan Paşinyan hakimiyyəti indi də Ermənistanın strateji tərəfdaşı ABŞ-a qarşı etiraz dalğası yaratmağa çalışır. Üstəlik, bu etiraz dalğası üçün məhz Kremlin uzun müddət rəsmi İrəvana sərt ittihamlar irəli sürdüyü məsələ - ABŞ-ın Ermənistandakı bioloji hərbi laboratoriyaları hədəfə çıxarılıb. Və məhz indiki mərhələdə gözlənilmədən bu mövzunun gündəmə gətirilməsi Ermənistanın Rusiyaya möhtac qaldığını göstərir.

Məsələ ondadır ki, Ermənistandakı ABŞ səfirliyi qarşısında Pentaqonun bioloji hərbi bazalarına qarşı etiraz aksiyası rəsmi İrəvanın təlimatı olmadan keçirilə bilməzdi. Erməni aksiyaçılar “Pentaqonun bioloji hərbi bazalarına YOX!”, “ABŞ-ın ölümcül bioloji hərbi laboratoriyalarına YOX!”, “ABŞ-ın bioloji laboratoriyaları Ermənistan üçün təhdiddir” şüaları səsləndiriblər. Üstəlik, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvinin persona non-grata elan edilməsi üçün imza toplama kampaniyası da başlanılıb. Və bu, rəsmi İrəvanın Kreml qarşısında xəyanətə görə günahını yumaq cəhdindən başqa bir şey deyil.

Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan ABŞ və Qərbə artıq ümidlərini tükəmək üzrədir. Qərbin sahibsiz buraxdığı Ermənistan yenidən Rusiyanın "təhlükəsizlik çətiri" altına sığınmaq üçün cəhdlər göstərir. Belə anlaşılır ki, hərbi müttəfiqi Rusiyaya xəyanət etmiş Ermənistan geri dönüş və bağışlanmaq üçün indi də ABŞ və Qərbə arxa çevirir. Və bu baxımdan, son illərdə Rusiyaya qarşı çoxsaylı ittihamlar irəli sürmüş Ermənistanın Qərbə də xəyanət edərək, geri dönüş cəhdlərinə Kremlin necə reaksiya verəcəyi böyük maraq doğurur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.