Avropa Birliyindən Qafqaza yeni sarsıdıcı zərbə planı: - Fransa erməni faktorunu "regional xaos"un mərkəzinə yerləşdirir
Bu gün, 00:06

Cənubi Qafqazda mövcud situasiya kənar qlobal siyasi iradə mərkəzləri üçün olduqca cəlbedici xarakter daşıyır. Ona görə də, Qərb siyasi dairələri gələcək strateji hədəfləri üçün bu regionda təsir mexanizmləri yaratmağa can atırlar. Hər halda, yaxın gələcəkdə Cənubi Qafqazla yanaşı, Xəzəryanı bölgə və Orta Asiyanın da qlobal proseslərin əsas ağırlıq mərkəzinə çevrilə biləcəyi qətiyyən istisna deyil. Və bu baxımdan, tranzit region özəlliyi olan Cənubi Qafqazın strateji əhəmiyyəti indi daha da artmış kimi görünür.
Onu da qeyd etmək lazımdır ki, məhz bu səbəbdən də Qərbdə bəzi siyasi iradə mərkəzləri Cənubi Qafqazda sabitliyin olmasında qətiyyən maraqlı deyillər. Çünki hərbi-siyasi sabitlik bu regionda təsir mexanizmlərinin yaradılma imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər. Xüsusilə də, Avropa Birliyi və Fransa bu səbəbdən Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanması prosesini əngəlləməkdə israrlı davranırlar. Və bu məsələdə Ermənistana təsir alətlərinin rolu kifayət qədər yüksəkdir.
Məsələ ondadır ki, Ukrayna böhranının nizamlanması prosesindən kənarda saxlanılan Avropa Birliyi və Fransa indi əsas diqqətini məhz Cənubi Qafqaza yönəltmiş kimi görünür. Üstəlik, Qərbdən umduğu dəstəyi ala bilməyən rəsmi İrəvanın Ermənistanı yenidən Rusiyanın "təhlükəsizlik çətiri" altına qaytarmaq niyyətinə düşməsi Avropa siyasi mərkəzlərində ciddi narahatlıq yaradıb. Və bu səbəbdən də, həm sülh prosesini pozmaq, həm də Ermənistanın Rusiyaya yaxınlaşma cəhdlərini bıoklamaq məqsədilə müəyyən addımlar atılır.
Bəzi ehtimallara görə, son vaxtlar Ermənistanın atəşkəsi davamlı olaraq, pozması Qərbdən gələn təlimatlardan qaynaqlanmış ola bilər. Belə ki, Ermənistan hökuməti daxilində baş nazir Nikol Paşinyanın da nəzarət etməkdə çətinlik çəkdiyi qrupun olduğu iddia edilir. Həmin revanşist qrup Ermənistanın atəşkəsi pozması ilə sülh prosesini dalana sürükləyir. Və bütün bunların arxasında Fransa kəşfiyyatının dayandığı bildirilir.
Məsələ ondadır ki, bir müddət öncə baş nazir Nikol Paşinyan Ermənistan ordusuna atəşkəsi pozmağı qadağan etdiyini vurğulamışdı. Ancaq buna baxmayaraq, atəşkəsin pozulması hələ də davamlı xarakter daşıyır. Belə anlaşılır ki, erməni baş nazir ya yalan danışır, ya da öz hakimiyyət komandasına tam nəzarət edə bilmir. Və bütün bunlar indiki mərhələdə əsasən Avropa Birliyinin, xüsusilə də Fransanın geopolitik maraqlarına tamamilə uyğundur.
Üstəlik, nə qədər qəribə də olsa, məhz bu proseslərə paralel olaraq, Ermənistan Avropa Birliyi ilə təhlükəsizlik sahəsində əlaqələrini gücləndirmək qərarı verib. Erməni KİV-lərinin məlumatına görə, Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan artıq Avropa Birliyi ilə bu mövzuda dialoqun başladığını və bu quruma inteqrasiya ilə bağlı prosesin yenidən intensivləşdiyini bildirib. Halbuki, bir müddət öncə rəsmi İrəvan Rusiya ilə yenidən yaxınlaşmaq üçün bu məsələni ümumiyyətlə, arxa plana keçirmişdi. Və Fransanın rəsmi İrəvana təsiri indi situasiyanın dəyişməsinə səbəb olub.
Erməni nazir müavini bildirib ki, hazırda Avropa Birliyi ilə müdafiə və təhlükəsizlik məsələləri üzrə daha fəal işə başlamaq üçün yeni formatları müzakirə edilir. Onun sözlərinə görə, Avropa Birliyi hətta Ermənistan üçün təhlükəsizlik sahəsində ən mühüm tərəfdaşlardan birinə çevrilir: "Məhz buna görə də yeni tərəfdaşlıq gündəliyində ilk dəfə olaraq təhlükəsizlik probleminə geniş yer ayrılıb və bu məsələyə ayrıca bir fəsil həsr olunub",
Paşinyan hakimiyyətinin təmsilçisi bildirib ki, hazırda Avropa Birliyi daxilində təhlükəsizlik sahəsinin gücləndirilməsi ilə bağlı gündəliyin aktiv şəkildə müzakirə edilməsi Ermənistanla əməkdaşlıq üçün də yeni perspektivlər açır. Nazir müavini həmçinin Ermənistanın "Avropa Sülh Fondu"ndan 10 milyon dollar maliyyə vəsaiti almaq üçün ikinci dəfə müraciət etdiyini vurğulayıb. Və bütün bunlar onu göstərir ki, Brüsseldə Cənubi Qafqazda sabitliyin bərpasına imkan vermək niyyətindən hələlik çox-çox uzaqdırlar.
Ümumiyyətlə, belə anlaşılır ki, Fransa başda olmaqla, bəzi Avropa siyasi dairələri bu regionu öz strateji maraqlarının girovuna çevirməkdə israrlıdırlar. Yəni, Cənubi Qafqaza tam yerləşib, məkrli geopolitik oyunları davam etdirmək üçün təhlükəli planlar qururlar. Belə ki, rəsmi İrəvan Ermənistanın hətta Azərbaycanla sülh sazişi imzalandıqdan sonra da Avropa Birliyinin "mülki müşahidə missiyası" ilə əməkdaşlığı davam etdirəcəyini bildirib. Və indi rəsmi İrəvan Azərbaycanla sülh sazişinə əsasən, Ermənistan-Azərbaycan sərhədindən çıxarılmalı olan avropalı casuslara həm yeni mandat, həm də fərqli fəaliyyət formatı üzərində düşünür.
Göründüyü kimi, Avropa Birliyi və Fransa Cənubi Qafqazla bağlı məkrli niyyətlərindən hələ də imtina etməyib. Tramp adminstrasiyasının hakimiyyətə gəlişindən sonra ABŞ nisbətən fərqli mövqeyə yönəlmiş olsa da, Avropa Birliyi və Fransa Ermənistanı "geopolitik müstəmləkə" kimi istifadə etməkdə israrlı davranmağa çalışır. Belə vəziyyətdə Fransanın da liderliyi altında bu regionda yerləşmək hədəfinə can atan Avropa Birliyinin Cənubi Qafqazda yeni savaş törətmək planlarını reallaşdırmağa çalışa biləcəyi qətiyyən istisna deyil. Və Avropa Birliyinin strateji planları qarşısında böyük əngəl rolunu oynaya biləcək sülh sazişinin imzalanma perspektivini yalnız yeni savaşla pozmaq mümkün ola bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"