Məmurların pul hərisliyi Şahbuz rayonunda təcili tibbi yardım xidmətini iflic vəziyyətə salıb
28-03-2025, 11:01

Məmurların pul hərisliyi Şahbuz rayonunda təcili tibbi yardım xidmətini iflic vəziyyətə salıb: cəmi bir ambulans işləyir, dördü isə uzun müddətdir nasazdır və təmir olunmur. Lakin, həmin ambulanslar sənədlərdə işlək kimi göstərilir, təmir xərcləri və sürücü maaşları isə mənimsənilir.
Sakinlər bildirirlər ki, təcili yardım çağıranda ya saatlarla gözləməli olurlar, ya da ümumiyyətlə heç gəlmir. Bu vəziyyət xəstələrin həyatını ciddi təhlükə altına qoyur və vaxtında tibbi müdaxilə olmadıqda ölüm riski artır.
Rayon sakini Vüqar Qarayev "Gündəlik Naxçıvan"a danışır ki, bu yaxınlarda yüksək təzyiq və şəkərdən əziyyət çəkən atası üçün təcili tibbi yardım çağırıb. Yardım isə bir neçə saat gözlənilsə də, gəlib çıxmayıb:
"Zəng etdik, dedilər ki, cəmi bir maşın var, o da ucqar kəndlərin birinə çağırışa gedib. Bir saatdan çox gözlədik, gəlib çıxmadı. Atamın halı getdikcə pisləşirdi. Məcbur olub, taksi ilə xəstəxanaya apardıq. Həkimlər dedilər ki, beyninə qan sızması riski yüksək olub. Bir az da yubansaydı, vəziyyəti daha pis ola bilərdi. Sonradan öyrəndik ki, nasaz maşınları işlək kimi göstərib, aylıq xərcləri və maaşları mənimsəyirlər. Bunlar üçün insan həyatı heç nədir. Təki pul yemək üçün fürsət olsun."
Başqa bir rayon sakini Yaqub Musayev də təcili tibbi yardımın gecikməsindən şikayətçidir. O deyir ki, qardaşının halı pisləşəndə yardım çağırıblar, amma maşın gəlməyib:
"Dedilər ki, cəmi bir maşın işləyir, o da Kükü kəndinə gedib. Sonra da başqa kəndə gedəcək. Bizi növbəyə yazdılar. Yaxşı ki, qonşuluqda bir tibb bacısı var idi, ilkin yardımı o etdi. Sonra onun nəzarəti ilə xəstəni xəstəxanaya apardıq. Deyirlər maşınımız yoxdur. Xarab maşınları niyə düzəltmirlər? Çünki, hərəsi öz adamını işə qoyub, pulları mənimsəyirlər. Təki pul olsun, insan həyatı heç veclərinə də deyil."
Təcili tibbi yardım stansiyasının adının çəkilməsini istəməyən əməkdaşı da deyilənləri təsdiqləyib:
"Beş maşından yalnız biri işləyir. Digərləri nasaz olduğu üçün uzun müddətdir işləmir. Problem həll olunmur. Bir neçə ay əvvəl yeni geolokasiya yaradılıb, amma yenə də kömək etmir. Hamısı işləsə belə, problem olmazdı. Təəssüf ki, maşınların hamısı işləmir. Lakin, işlək göstərib, pul silirlər."
Sakinlər aidiyyəti qurumlardan bu problemin aradan qaldırmağı və təcili tibbi yardım xidmətinin tam bərpasını tələb edirlər.