"Məşhur iqtisadçılar Tramp üçün müharibəni dayandırmağın ideal planını hazırlayıb" - "The New York Times"
30-03-2025, 00:09

"Bu plana əsasən, Ağ Ev Moskvaya cəza verə, pul qazana və Ukraynadakı müharibəni dayandıra bilər..."
ABŞ prezidenti Donald Tramp Kreml rəhbəri Putini danışıqlar masasına oturtmaq və Ukraynaya qarşı müharibəni dayandırmaq üçün daha yaxşı rıçaqlara ehtiyac duyur.
Moderator.az xəbər verir ki, məşhur amerikalı iqtisadçılar Qlenn Habbard və Ketrin Volfram "The New York Times" üçün yazdıqları məqalədə "ABŞ-ın mövqeyini gücləndirməyin" sadə üsulunu izah edib.
Müəllifıər Rusiyanın neft və qazının satışında iştirak edən hər kəsə istənilən ölkədə sanksiyalar tətbiq olunmasını təklif edir. Moskva yalnız hər tədarük üçün rüsum ödəməklə bundan yayınmaq imkanı əldə edə bilərdi: "Bu ödəniş Rusiyanın universal rüsumu adlanardı. Aşağı səviyyədən başlayar və hər həftə sülh sazişi olmadan keçdikcə artardı".
Əgər Rusiya bu rüsumu ödəməsə, bütün tranzaksiya iştirakçıları- tanker sahibləri, sığortaçılar və alıcılar ikinci dərəcəli sanksiyalara məruz qalacaq. Müəlliflər xatırladır ki, Hindistan və Çindən olan şirkətlər Rusiya neftini idxal edərkən ABŞ-ın sanksiyalarına düşmək istəmir. Bundan əlavə, bu cür tanker daşımaları kommersiya şirkətləri və ABŞ tərəfindən izlənilir.
İqtisadçılar vurğulayır ki, bu cür rüsum ABŞ-a dərhal gəlir gətirə bilər, bu isə Ukraynanın faydalı qazıntıları ilə bağlı sazişlərdən fərqlənir. Onların hesablamalarına görə, bir barel neft üçün 20 dollar rüsum ABŞ-a gündə 120 milyon dollar qazandıra bilər:
"Məqsəd Rusiya neftinin dünya bazarına çıxmasını təmin etmək, lakin Kremlin bundan daha az gəlir əldə etməsinə nail olmaqdır. Bu plan Rusiyanın müharibəni davam etdirmək imkanlarını zəiflədəcək və eyni zamanda ABŞ-ın dövlət büdcəsini dolduracaq. ABŞ-ın yığdığı hər dollar Rusiyanın müharibəni maliyyələşdirmək üçün xərcləyə bilməyəcəyi bir dollardır".
Bu tədbirlər ya Moskvanı rüsumun ləğvi ümidi ilə danışıqlar masasına əyləşməyə məcbur edəcək, ya da ABŞ-a Trampın təklif etdiyi vergi azaldılmasını maliyyələşdirmək üçün illik gəlir gətirəcək. Bundan başqa, Rusiya Ukraynaya ayrılmış yardımların əvəzini faktiki olaraq geri qaytarmış olacaq.
Habbard və Volfram Konqresə belə bir rüsumun tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul etməyi təklif edir ki, prezident Putinlə münasibətlərini qorumaq üçün bu mexanizmdən istifadə edə bilsin.
Sülh danışıqları
Məlum olduğu kimi, seçki kampaniyası zamanı Tramp Ukraynadakı müharibəni bir gün ərzində bitirəcəyini vəd edib, bunun üçün sadəcə prezident Vladimir Zelenski və Kreml rəhbəri Putinlə danışmağın kifayət edəcəyini bildirib.
Son vaxtlar ABŞ hər iki tərəfi atəşkəsə tam razı olmağa çağırıb. Kiyev bildirib ki, Moskvanın razılığı olduğu anda buna dərhal əməl edəcək, lakin Kreml razılaşmaq istəmir.
Putin bəyan edib ki, Rusiya danışıqlara açıqdır, lakin Ukrayna üçün qəbuledilməz olan şərtlər irəli sürməyə davam edir. Bununla belə, Tramp komandası Kreml rəhbərinin müharibəni dayandırmağa can atdığını iddia edir.