Nəfsin tərbiyyəsi, və ya mülkiyyət hüququnun önəmi.
Dünən, 08:24

Ötən əsrin 60-cı illərində Tokiodan 50 km aralı Narita hava limanının tikilməsinə qərar verilir. Tikinti başlayandan sonra, ehtiyac yarandıqca, aeroport böyüyür. 1970-ci illərdə hava limanı genişləndirilərkən ətrafında yaşayan fermerlərin evlərinin və torpaq sahələrinin dövlət tərəfindən alınmasına başlanılır. Bir qrup fermer imtina edir, ciddi etirazlar olur, amma, bir çox ailələr dövlətin təklif etdiyi böyük məbləğdə kompensasiya ilə razılaşıb köçür – tək bir ailədən, Shito ailəsindən başqa. Onlar təklif olunan məbləğlə razılaşmırlar, dövlətə deyirlər ki, söhbət heç puldan da getmir, bizim nəslimiz bu torpaqda yaşayır, mənəvi dəyəri böyükdür və biz köçmürük.
Narita hava limanının rəhbərliyi hər il kompensasiya miqdarımı artırsa da, hələ də ailə öz mülkiyyətində yaşayır, heç kimin ağlına da gəlmir ki, gəlib zorla köçürsünlər, ekskavatoru salıb evi yerlə-bir etsinlər. Çünki, milkiyyət hüququ toxunulmazdır, bu hüquq olmadan iqtisadi inkişaf mümkün deyil. Bu gün Yaponiyanın inkişafı həm də mülkiyyət hüququnun toxunulmazlığına, qanunun aliliyinə bağlıdır. Shito ailəsi bu gün də öz torpağında milyonlarla dollar kompensasiya təklifinə baxmayaraq, yaşamağa, əkib-becərməyə davam edir.
Azərbaycanda məmurlara bağlı biznes qanunları, hüquqları saymır – bunu bilirik və görürük, amma heç nəfsini də tərbiyə edə, sahib çıxa bilmir. Mülkiyyət formaldır, qanunlar işləmir, sonra da “təəccüblənirik” ki, niyə ölkə iqtisadiyyatı inkişaf etmir. Təməli mülkiyyət, dayağı qanunlar və ədalətli məhkəmə olmadan iqtisadiyyat inkişaf edə bilməz. Nöqtə.
Dəyərli dostlar, Ramazan Bayramınız mübarək, mənim üçün Ramazanın fəlsəfəsi ancaq nəfsin tərbiyyəsidir, qalan məsələlər prosedurlardır. Allah nəfsimizi cilovlamağa yardımçı olsun. Amin!
Natig Cəfərli
TEREF