Çar “zombi ordusu” hazırlayır – Qonşular, ayılın!
Dünən, 00:01

Putin 18 milyon məktəbli və tələbəni “pionerlər” sırasına cəlb etməyi planlaşdırır. Rusiyanın “Birincilər Hərəkatı” uşaq-gənclər hərəkatının iştirakçılarının sayı 2030-cu ilə qədər 18 milyon nəfərə qədər arta bilər. Bunu yeni “pionerlər”in idarə heyətinin sədri Artur Orlov deyib.
“Uşaqlar "Birincilər Hərəkatı"na faydalı bacarıqları inkişaf etdirmək və əldə etmək imkanı kimi baxır və cəmiyyətdə fəal iştirak edirlər. İnkişaf proqramının bir hissəsi kimi biz 18 milyona qədər insanı, yəni Rusiyada məktəblərdə, orta ixtisas təhsili müəssisələrində və universitetlərdə oxuyan ən azı hər ikinci tələbəni "Hərəkat"ın müntəzəm fəaliyyətlərində iştirak etmək imkanı ilə təmin etməyi planlaşdırırıq”, - deyə o bildirib.
Əlavə edib ki, “Hərəkat” təkcə uşaq və yeniyetmələri deyil, həm də onların tərbiyəçilərini (mentorlarını) birləşdirir: “Onların sayı artıq 1,8 milyondan çoxdur və 2030-cu ilə qədər bu rəqəm 5 milyonu keçə bilər. Mentorluğun inkişafı sosial mobillik və gənclər siyasəti sahəsində kadr hazırlığına şərait yaradacaq”.
“Birincilər Hərəkatı” 2022-ci ildə Putinin göstərişi ilə yaradılıb. Onun işinin əsasını “gənclərə ənənəvi rus mənəvi-əxlaqi dəyərlərini öyrətmək” təşkil edir. Əvvəlcə hakimiyyət “Hərəkat”a qoşulmağın könüllü olduğunu bəyan edib. “The Moscow Times” yazır ki, ötən ilin payızında məktəblilər və tələbələrdən “Putinin pionerləri”nə məcburi yazılmaq barədə dəfələrlə xəbərlər gəlib.
2024-cü ilin əvvəlində Putin artıq 5 milyona yaxın insanın “Birincilər Hərəkatı”na qoşulduğunu açıqlamışdı. O zaman hakimiyyət ilin sonuna kimi təşkilata 500 min universitet tələbəsini cəlb etməyi, eyni zamanda Rusiyada 5-19 yaş arası uşaq və gənclərin 72%-ni “vətənpərvərlik tərbiyəsi” ilə əhatə etməyi planlaşdırırdı.
2024-cü ildə “Birincilər Hərəkatı”nı maliyyələşdirmək üçün büdcədən 20,3 milyard rubl ayrılıb. Bu məbləğ Kalmıkiya (24 milyard rubl) və ya Yəhudi Muxtar Vilayəti (20,4 milyard rubl) kimi ölkənin ən yoxsul regionlarının illik gəliri ilə müqayisə oluna bilər.
Bütün bunlar Kremlin uzun illər boyu “top yemi” ordusu üçün etibarlı təchizat kanalı yaratmaq cəhdi deyilsə, nədir? Görünür, ümid edirlər ki, “Birincilər Hərəkatı” yeniyetmə və gənclərin “beynini qaynadacaq” ki, onları hərbi komissarlığa çağırıb, sonra cəbhəyə, ölümə göndərəndə artıq heç bir şübhələri qalmayacaq. Böyük pullar ayrılır və milyonlarla insanı işə cəlb etmək planları var. Bu, nədən xəbər verir? Söhbət ondan getmirmi ki, Putin və onun əlaltıları Ukraynada dayanmağı planlaşdırmırlar və yeni işğalçı müharibələrə hazırlaşırlar?
AYNA.AZ mövzunu tanınmış avropalı ekspertlərlə müzakirə edib.
Təqaüddə olan Qərbi Avropa diplomatı, Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steynar Gil:
“Prezident Putinin “Birincilər Hərəkatı” uşaq və gənclərin kütləvi şəkildə beyinlərinin yuyulması cəhdidir. Hərəkat Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra yaradılıb və məqsədi açıq şəkildə Rusiyanın Ukraynaya qarşı müharibəsini, NATO və Qərb ölkələri ilə qarşıdurmasını dəstəkləyən gənc nəsil formalaşdırmaqdır.
Amma bu layihənin uğursuz olmasının bir neçə səbəbi var:
Birincisi, zaman Putinin əleyhinədir. Bir nəslin aşılanması üçün vaxt lazımdır və bu nəsil yetişməmiş Putin özü yox ola bilər;
İkincisi, Putin müxalifəti tamamilə məhv edə bilmədi. Sonda Rusiya heç vaxt yeni Şimali Koreyaya çevrilmədi;
Üçüncüsü, ABŞ-ın gələcək Prezidentinin Putinin nazı ilə Trampın oynadığı şəkildə oynayıb-oynamayacağı bilinmir. Demokratiklardan yeni Prezident seçilməsi Putin rejimindən uzaqlaşmaq və NATO-nu gücləndirmək demək olardı;
Dördüncüsü, Avropa ayıldı və “Birincilər Hərəkatı” səngərlərə keçməzdən əvvəl, çox güman ki, NATO çərçivəsində çəkindirici hərbi güc yaratmağa vaxt tapacaq”.
Latviyalı politoloq, filologiya elmləri doktoru, müstəqil jurnalist, Beynəlxalq Münasibətlər üzrə Amerika Milli Demokratiya İnstitutunun (MDİ) keçmiş əməkdaşı Aleks Qriqoriyevs:
“Maraqlıdır ki, bütün faşist rejimləri və onların liderləri əbədi mövcud olacaqları düşüncəsinə meyillidirlər. Mən “faşist” ifadəsini emosional metaforik mənada deyil, görkəmli Amerika tarixçisi Timoti Snayderin ardınca elmi və tarixi mənada istifadə edirəm. O, Rusiyadakı Putin rejiminin bütün əsas xüsusiyyətləri ilə faşist olduğunu sübut edir.
Əbədiliyə gəlincə, Hitler öz hakimiyyətini “Minillik Reyx” adlandırdı. Ancaq almanların və bütün ətraf xalqların bəxti gətirdi. “Minillik Reyx təxminən on iki il davam etdi. Putin rejimi çox yavaş-yavaş güclənir və hətta iyirmi beşinci ildönümündə də onun tam formalaşdığını söyləmək olmaz. Amma o, əbədi qalmaq niyyətindədir və əvvəlcədən özü üçün itaətkar bir xalq (sürü demək olarasa) hazırlayır.
Beyni yuyulmuş gənclərin rolu iki cür olacaq: ölkə daxilində aqressiv itaətkar çoxluq olmaq və fürerin başqa ölkələrə hücum əmrinə eyni dərəcədə aqressiv şəkildə tabe olmaq. Xarici təcavüzə meyl faşist rejimlərinin xarakterik xüsusiyyətidir.
Rusiyanın qonşu dövlətləri başa düşməlidir ki, Rusiya təcavüzünün növbəti hədəfi onlardır. Təcavüzkarı sakitləşdirmək olmaz; onlar yalnız gücü tanıyır. Bu, o deməkdir ki, biz silahlanmalı, Rusiya ilə sərhəddə mina sahələri, maneələr, tanklar, raketlər hazırlamalı, mərmi istehsalına başlamalıyıq, real koalisiyalar yaratmalıyıq.
Türkiyə kimi etibarlı müttəfiq olsa, yaxşıdır. Bəs Türkiyənin özündə kütləvi və uzunmüddətli iğtişaşlar olsa, nə olacaq? Bunu zaman göstərəcək”.