AVROPA UKRAYNANI MÜDAFİƏ TAKTİKASINI DƏYİŞİR – Silah əvəzinə hərbi sənayeyə milyardlar yatırılacaq
Bu gün, 16:34

Avropa ölkələri birbaşa silah tədarükü əvəzinə Ukraynanın müdafiə sənayesinə dəstəyin gücləndirilməsini nəzərdən keçirirlər.
“AzPolitika” bildirir ki, bu barədə “The Washington Post” Avropa rəsmisinə istinadla xəbər yayıb.
Mənbənin məlumatına görə, getdikcə daha çox dövlət Ukraynanın müdafiə sənayesini maliyyələşdirmə modelinə üstünlük verir, çünki Kiyevə göstərilən illərlə davam edən yardım nəticəsində onların özlərinin silah ehtiyatları xeyli azalıb.
Nəşrin qeyd etdiyinə görə, ABŞ Prezidenti Co Bayden dövründə həyata keçirilmiş silah tədarükünün tükənməsi fonunda Avropanın ABŞ-nin dəstəyinin mümkün dayanmasını kompensasiya etmək imkanlarına dair şübhələr artır - xüsusilə hava hücumundan müdafiə kimi açar sahələrdə.
“The Washington Post”-un əməkdaşı ilə söhbət edən avropalı rəsmiyə görə, bu yanaşma hər iki tərəf üçün sərfəlidir: Avropa üçün bu daha ucuz başa gəlir, Ukrayna isə öz istehsal gücünü inkişaf etdirə bilər. Bundan əlavə, Ukrayna yeni silah növlərinin, məsələn, pilotsuz uçuş aparatlarının sınaqdan keçirilməsi üçün bir meydançaya çevrilə bilər - bu sahədə NATO ölkələrinin hələ ki az təcrübəsi var. Nəşr misal kimi NATO kalibrli ilk Ukrayna haubitsası olan “Boqdan”ın istehsalını göstərir. Müharibə dövründə onların istehsalı 2023-cü ildə ayda altı ədəd ikən, 2025-ci ildə ayda 20-dən çoxa olaraq üç dəfədən çox artıb.
9 aprel tarixində Aİ Ukraynaya artilleriya istehsalı üçün əlavə 1 milyard avro vəsait ayırdığını elan edib. Bu vəsaitlər dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına maliyyələşdiriləcək. Bu, Avropanın Ukraynanın müdafiə sənayesinə ən böyük sərmayəsidir və Ukrayna ərazisində silah istehsalına bir il ərzində 20 milyard avrodan çox vəsait ayırmaq planının bir hissəsidir. Bu, birbaşa silah tədarükü əvəzinə həyata keçiriləcək.