“MOLLA ONLARA MOSKVALILARI KƏSMƏYİ ƏMR ETSƏ...” – Keşiş Qavril Qurban bayramında aranı qatdı

Dünən, 11:18           
“MOLLA ONLARA MOSKVALILARI KƏSMƏYİ ƏMR ETSƏ...” –
Rusiya - Ukrayna müharibəsi Rusiya cəmiyyətindəki çirkin şovinizm, qatı millətçilik və imperiyaçılıq əlamətlərini yarıgizli formadan tam açıq şəklə gətirməkdədir. Artıq dini, irqi, milli ayrıseçkilik yüksək tribunalarda, ən yüksək vəzifəli şəxslər tərəfindən adi təbliğat formasına çevrilib və bu işə Rus Pravoslav Kilsəsi də can-başla qoşulmaqdadır...

“AzPolitika” xəbər verir ki, Rus Pravoslav Kilsəsinin tanınmış keşişlərindən biri, Valaam kilsəsinin keşişi Qavril xütbə zamanı müsəlmanlar və Qurban bayramı ilə bağlı təxribatçı, anti-İslam fikirlər səsləndirib.

Rusların azalması, müsəlmanlarınsa çoxalmasından gileylənən keşiş Qavril Qurban bayramı günü Moskvanın Mir prospektindəki Məscid ətrafında toplaşan çoxsaylı müsəlmanların izdihamına qıcıqlandığını bildirib. O qeyd edib ki, məscidə sığışmayan müsəlmanlar “12 zolaqlı prospekti bağlayaraq, namaz qılıblar”: "Bunlar sağlam, içki içməyən kişilərdir. Onlar güləşlə məşğul olur, idman zallarına gedirlər. Bu, bütöv bir ordudur. Bir gün molla onlara moskvalıları kəsməyi(bıçaqlamağı) əmr etsə, mənə inanın, dərhal yerinə yetirəcəklər".

Keşiş iddia edib ki, bu zaman Rsuiya Daxili İşlər Nazirliyi də bunun qarşısını ala bilməyəcək və bunun nəticələri çox acınacaqlı olacaq.

Daha sonra Qavril İslam dininə dil uzadaraq, onu “düz olmayan din” adlandırıb və qeyd edib ki, buna baxmayaraq, bu din müsəlmanları bir yerə toplaya bilir və bu, onları güclü edir.



Çeçenistan başçısı Ramzan Kadırovun yaxın adamı, “Axmat” xüsusi təyinatlılarının rəhbəri Apti Alaudinov keşiş Qavrili bu “xütbəsinə” görə “debil” adlandırıb və təxribatçılıqda ittiham edib: “Əyninə keşiş paltarı keçirən hansısa debil 2 milyard müsəlmana deyir ki, bizim dinimiz düzgün deyil... Sən kimsən ki, belə şeyləri deyirsən? Rusiyada 30 milyon yerli müsəlman yaşayır. Sən bizə dinimizin düz, ya səhv olduğunu demək istəyirsən?”


Ardınca, Alaudinov keşişi təhdid edib: “Mütləq kimsə qanunu pozub bu cür debillərə nəsə etməlidirlərmi ki, belə debillər belə şeylər deməsin? Millətçiliyin başını qaldıranın başı mütləq kəsilməlidir!” Rusiya ordusunun generalı rütbəsini daşıyan Alaudinovun bu bəyanatından və Rusiyadakı bəzi müsəlman din xadimlərinin etirazlarından sonra keşiş Qavril kilsədə tutduğu vəzifədən kənarlaşdırılıb. Lakin bu, rus millətçiləri və “Z patriotları” arasında kəskin etiraz və hiddətlə qarşılanıb.

Donbasdakı separatizmin ən aktiv fiqurlarından və yaradıcılarından olan Donbasın keçmiş “qubernatoru” Pavel Qubarev Alaudinovun ünvanına kəskin ifadələr işlədib, onu pravoslav rusları təhqir etməkdə günahlandırıb və keşiş Qavrili müdafiə edib. O hətta iddia edib ki, guya müsəlmanlar Rusiyada rusları öldürür, rus qadınları zorlayırlar: “Qavril ata düz deyib. Bəlkə Apti Alauidinov gəlmə vəhşilərin rusları öldürdüyü və qadınları zorladığı barədə xəbərləri oxumur? Beləliklə, Alaudinov rusların milli heysiyyətini və pravoslavların dini hislərini təhqir edib. Qavril ata vəzifəsindən kənarlaşdırılıb. Belə görünür ki, Rus Provaslav Kilsəsini müsəlmanlar idarə edir... Rus pravoslav döyüşçü kimi mən bundan hiddətlənirəm. Hansısa general paqonlu çeçen bizim keşişlərə qiymət verə bilməz... Biz Qavril atanı dəstəkləyirik!”


Qeyd edək ki, “rus dünyası”nın ən tanınmış təmsilçilərindən olan həmin bu Qubarevi hələ 2015-ci ildə Kadırovun adamları oğurlayaraq, cəzlandırmışdılar. Həmin vaxt o, Kadırov barəsində nəsə yazmışdı və sonradan yazdıqlarını inkar etmişdi...

Alaudinov isə belə görünür ki, Kremldən gələn təzyiqlərdən sonra keşişi təhqir etdiyinə görə üzr istəyib. Daha doğrusu, keşişin ondan yaşca böyük olduğunu qeyd edib və bunu nəzərə almadan onu “debil” adlandırdığına görə üzrxahlıq edib, qalan məsələlərdə isə öz fikrində qaldığını deyib.

Əlbəttə ki, Rus Pravoslav Kilsəsinin KQB-FSB agentura şəbəkəsinin tərkib hissəsi olduğu və bu cür bəyanatların təsadüfən verilmədiyi heç kimə sirr deyil. Məsələ Ukraynaya qarşı işğalçılıq müharibəsində “Putinin əsgəri” şəklində iştirak edən Kadırov və onun adamlarına da yaxşı bəllidir. Onlar da yaxşı bilirlər ki, rus şovinizmi, irqçiliyi və millətçiliyi başqa millət, din, məzhəb sahiblərinə - “nerusskilər”ə heç bir haqq tanımır. İndi də bu xalqlar Kremlə yalnız Ukraynadakı müharibədə “ət maşını” kimi lazımdır. Buna baxmayaraq, onlar Ukraynaya qarşı cinayətkar müharibədə Moskvanın tərəfində döyüşməkdə davam etdirirlər. Hansı ki, Ukrayna heç vaxt Çeçenistana, Dağıstana, yaxud hansısa digər ərazilərə iddia etməyib, Pusiya imperiyası və Putin Rusiyası kimi yüz minlərlə qafqazlını, müsəlmanı qətlə yetirməyib, Qroznını bombalamayıb və sair.

Buna baxmayaraq, Kadırovun dəstələri, eləcə də Şimali Qafqazdan olan digər xalqların nümayəndələri qafqazlıları əsrlərdir əsarətdə saxlayan Moskvanın tərəfində Ukraynaya qarşı, özü də Ukrayna torpaqlarında döyüşməkdədir. Bu yerdə “müsəlmanın sonrakı ağlı” ifadəsi yada düşür, ancaq “sonrakı ağıl” gec gəlir və gələndə də heç nəyə yaramır...

Cəlal Məmmədli

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.