Məmmədovun xeyrinə qanunları pozan qadın hakim kimdir? - NƏ BAŞ VERİR?

Dünən, 16:46           
Məmmədovun xeyrinə qanunları pozan qadın hakim kimdir? - NƏ BAŞ VERİR?
Hakimin təkidlərinə baxmayaraq, ayağa qalxdı: əli, ayağı əsirdi, xəstə olduğu açıq-aşkar idi, amma nitqi yerindəydi.

Tanınmış biznesmenmiş, özü belə deyir, 1995-də şirkətlərindən birinə rəhbərlik edən iddiaçını ”sənəd oğurluğuna” görə qovub, sonra bacılarının xahişi ilə 2000-ci ildə işə alıb, 2013-cü ildə yenə saxtakarlığını aşkarladığı üçün qovub...

O, iddiaçı haqda sərt sözlərdən də istifadə edirdi – qarşı tərəf dözmədi, ağır sözlərlə cavab verdi, hakim (İkram Şirinov) qalmaqala imkan vermədi və sakitlik yaratdı.

Sual-cavablardan öyrəndim ki: cavabdeh, hazırda xəstə olan şəxs iddiaçının böyük qardaşıdır. 3 qardaş arasında var-dövlət üstündə çəkişmə başlayıb, qardaşlardan biri bu çəkişmə prosesləri zamanı dünyasını dəyişib – indi iki qardaşın sərvət savaşı davam edir.

İddiaçı - kiçik qardaş 1 milyon tələb edir və əsaslandırır: böyük obyektləri necə, hansı “hörmətlə” özəlləşdiriblər, kimlərə nə veriblər... Məhkəmənin hədəfi deyil, mübahisə predmetindən tam yayınıb, hər şeyi açıb-tökürdülər, adam heyrət edirdi!

Adlarının fərqi yoxdur, detalların da - sadəcə onu deyim ki, Paolo Pərvizlə çalışıb, bəzi məqamlarda ona işləyiblər, - maraqlı olan davanın məzmunudur. Kiçik qardaş bir milyon iddiasını sübut etmək üçün sənəd-sübut ortaya qoymağa çalışır, böyük qardaş isə onun üçün hər şey etdiyini, evlər, maşınlar alıb, əlini çörəyə çatdırdığını deyib, qarğayır, söyür, lənətləyir!

Mənzərə aydın oldumu? Böyük qardaş ağır xəstə, kiçik qardaş da yarıyaşı çoxdan keçib, sağlıq durumu kafi sayılmaz, ortancıl isə məhkəmə prosesləri gedərkən ölüb!

Və bu iki qardaş pul üstündə qırğındadır: məhkəmələr, sənədlər, şahidlər, saxta arayışlar, bir-birinə təhqirlər, söyüşlər...

Məhkəmə ekspertizalar təyin etdi, proses yəqin ki, aylarla çəkəcək və bu prosesi hər ikisinin – illah ki, böyük qardaşın - salamat başa vuracağı çox mübahisəlidir.

Bir neçə il, ay və ya gün ömürləri qaldığını, bir gün mütləq gedəcəklərini anons edən fiziki durumlarına məhəl qoymadan, iki qardaş dünya malı üçün belə savaşa bilərmi? Yəni bu çəkişmələrdə qardaşlarını itirmələridəmi onlara görk olmayıb?

Hara yığırsınız, kimin üçün tələb edirsiniz o vəsaiti? Nəyin davasını aparıb, iki doğma bir-birinizə olmazın təhqirlər yağdırırsınız?

***
Bir cavan oğlan idi, 30-35 yaşlarında, ayağa durdu və rayon məhkəməsinin arvadı ilə boşanma qərarını ləğv etməsini istədi! Çünki uşaqlarının atasız böyüməsini istəmir!

Az qaldım, ayağa qalxıb alqışlayam!

Həyat yoldaşı prosesə gəlməmişdi, iddiasını geri götürməmişdi. Hakim faktları saydı: ilkin instansiyada boşanmaya etiraz
Gənc dedi, aldadılıb, xanımı ev almaq üçün rəsmi boşanma lazım olduğuna onu inandırıb, o da bütün sənədlərə qol çəkib.
instansiyada boşanmaya etiraz etməyib, üstəlik, mediasiyada alimentin necə ödəniləcəyi barədə razılaşma imzalayıb. Boşanma qərarından sonra isə xanımı real olaraq da ayrılıb.

Gənc 7 və 8 yaşlarında iki övladından çox narahat olduğunu bildirdi – hakim xatırlatdı ki, bu məsələni ayrıca mübahisələndirə bilər, ancaq həm ilkin məhkəmədə, həm də mediasiyada uşaqların anası ilə qalmasına imza atıb, hüquqi baxımdan edəcək bir şey yox!

“Heç oxumadan imzalamışam, yoldaşıma inanırdım” dedi gənc.

Qərar dəyişmədi!

Oğlan cavabı alıb çıxanda üzünə baxdım: hönkürməkdən özünü zorla saxlamışdı, alt dodağını dişi ilə sıxmışdı, buraxsa, gözündən yaş açılacaqdı...

***
Bu da bizim məhkəmə: Qurban Məmmədov – bu yaxınlarda barəsində qiyabi həbs qərarı verilən, hakimin bildirdiyi kimi, “aktiv şəkildə onlayn ünsiyyətə girən” şəxs Nəsimi Məhkəməsinin onun iddiasını “qismən təmin etməsinə” razı olmayıb, şikayət verib: 10 gün ardıcıl, manşetdən təkzib verilməsini, təntənəli surətdə üzr istənilməsini tələb edir.

Səbəb də odur ki, Qurban Məmmədovun babasının erməni olduğu haqda redaksiyamıza daxil olan arxiv sənədlərini 2023-cü ilin 5 dekabrında dərc etmişik!

Nəsimi Rayon Məhkəməsində hakim Vüsalə Musayevaya nələri təqdim etmişdik:

1. 5 dekabr 2023-cü ildə redaksiyaya daxil olan sənəd dərc edilib – heç bir şəxsi münasibət yoxdur, şərh yoxdur, sadəcə, xəbər;

2. 6 dekabr 2023-cü ildə Qurban Məmmədovun qardaşı S.Cəlaloğlunun mövzu ilə bağlı münasibəti verilib – yəni qarşı tərəfə öz mövqeyini bildirmək şəraiti yaradılıb;

3. Həmin gündən başlayaraq, özü və qardaşı müxtəlif kanallarda holdinq rəhbərliyinin ünvanına bir türk kişisinin dilə almayacağı təhqirlər, söyüşlər, ifadələr səsləndirilib.

Heç birinə cavab verməmişik!

Demək, adam xaricdə oturacaq, Qarabağı işğaldan azad edən, Azərbaycanın qəddini düzəldən qalib sərkərdənin “erməni olması” haqda şər və şəbədə yayacaq, istənilən şəxs haqda istənilən sözü deyəcək, özü haqda arxiv sənədi yayılanda isə həm söyəcək, ağır təhqirlər səsləndirəcək, həm də “şərəf və ləqayətini” qorumaq üçün söydüyü, təhqir etdiyi, müstəqil olmadığını dediyi Azərbaycan məhkəməsinə üz tutacaq və hakim Vüsalə Musayeva da onun iddiasını təmin edəcək!

Hakimdən soruşmuşdum: Londona sığınan Q.Məmmədovun onun babasının erməni olması ilə bağlı sənəd yayılması səbəbindən “şərəf və ləyaqət” müdafiəsinə qalxdığı haqda Britaniya rəsmilərinə məlumat çatarsa, onu yəqin ki, ölkədən çıxararlar – nə Azərbaycan dili lüğətində “erməni” sözü təhqirdir, nə də beynəlxalq hüquq prizmasından!

Vüsalə xanım ekspertiza təyin edir, ekspertiza isə rəy verir ki, sənədlər həddən artıq keyfiyyətsiz olduğu üçün orda yazılanların həqiqi olub-olmadığını müəyyən etmək olmur.

V.Musayeva “müəyyən etmək olmur”u iddiaçı tərəfin xeyrinə yozur və əleyhimizə qərar çıxarır.

Bununla da bitmir: bu gün məlum oldu ki, biz elektron qaydada qarşılıqlı iddia ərizəsi verərkən texniki yanlışlığa yol vermişik və və əvvəlcə qəbul edilsə də, sonra imtina edilib! Yəni V.Musayeva qarşı tərəfin şikayətini qəbul edib, bizim şikayətimizi isə Apellyasiya Məhkəməsinə göndərməyib və bu barədə də cavabdeh tərəfi məlumatlandırmayıb.

Beləcə, bizi Qurban Məmmədova uduzdurmaq üçün nə mümkündürsə, sona qədər edib!

...Vacib əlavə: Hakim “bu arxiv sənədi yalnız sizəmi gəlib və haradan” sualını verdi!

- Yox, - dedim: - Bu materiallar mənim poçtuma gələrkən orada 30-dan çox redaksiyanın elektron ünvanı “tikilmişdi”. Amma yalnız biz dərc etdik!

- Niyə yalnız siz?

- Çünki Qurban Məmmədovun onu dərc edənləri ağır sözlərlə söyüb, təhqir edib, ən aşağı ifadələrdən istifadə edib, sonra da məhkəməyə verəcəyini hər kəs, o cümlədən biz çox gözəl bilirdik! Ancaq dərc etdik – çünki həm canlı efirdə söyüb, təhqir edib, ən pis ifadələri ağzına alıb, öz əxlaqını xalqa nümayiş etdirib, həm də faktı yazanı məhkəməyə verməyi bir türk özünə yaraşdırmazdı. Bunu müşahidə etmək istəyirdim!













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.