Əli Evsen Azərbaycana qayıdır?
18-11-2016, 01:26
Bu barədə yayılan xəbərlərin mənbəyi bilinmir
Noyabrın 8-də İspaniyanın paytaxtı Madriddə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda konfrans keçirilib. Bu konfransı uzun müddətdir ki, ortalıqda olmayan, amma Azərbaycanda bir zamanlar böyük iş mərkəzlərinin açılması ilə xatırlanan Türkiyəli iş adamı Əli Evsen təşkil edibmiş. Görünür, elə buna görə də Azərbaycandan daha böyük nümayəndə heyəti dəvt edilib. Konfransda millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin İspaniyada fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri və nümayəndələri, elm və din xadimləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, İspaniyada yaşayan azərbaycanlılar iştirak ediblər.
Əli Evsenin Azərbaycandakı biznesini bərpa edib-etməyəcəyi məsələsi isə sual altındadır. Məlumdur ki, Əli Evsen 3 ölkənin – Türkiyə, Albaniya və Azərbaycanın vətəndaşıdır. Bir müddət əvvəl onun İnterpol xətti ilə axtarışda olduğu barədə xəbərlər çıxsa da, Əli Evsenin hansı tələblər əsasında axtarışa verildiyi hələ də qeyri- müəyyən olaraq qalır. O, bütün bu müddət ərzində İspaniyada yaşayıb və həbs edilməyib.
Əli Evsen Azərbaycanda “Star” taksi şirkətini, “Elit” ticarət mərkəzini, Şamaxıda soyuducu, kondisioner və məişət texnikası istehsalı üzrə zavodları, “A-lizinq” şirkətini, “Azsamand” avtomobilləri istehsalı xəttini və sair biznes qurumlarını yaradaraq onları “Evsen Group”da birləşdirmişdi. 2008-ci ildən isə ölkədəki biznesini satmağa başlamışdı. Elə həmin ildə Əli Evsen Albaniyanın “Albanian Airlines” və Fransanın “Eagle Aviation” şirkətlərini almışdı. Onun təkrar Azərbaycana gəlib biznes quracağını ehtimal edənlər olsa da, bu barədə dəqiq bir məlumat yoxdur.