İlqar Məmmədov bu gün azadlığa buraxıla bilər

18-11-2016, 09:23           
İlqar Məmmədov bu gün azadlığa buraxıla bilər
REAL sədrinin çoxdan gözlənilən məhkəməsi başlayır; ictimaiyyətin Ali Məhkəmədən gözləntiləri var
Bu gün-noyabrın 18-də saat 11:00-da Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə REAL hərəkatının həbsdəki sədri İlqar Məmmədovun kasasiya şikayətinə baxılacaq. Vicdan məhbusunun məhkəməsindən gözləntilər böyükdür. Çoxları onun bu prosesdə azadlığa buraxılacağına inanır.

Əksəriyyət barəsində Avropa İnsan Haqları Məhkəməsinin 6 qətnaməsi olan, həbsinin yarıdan çoxunu geridə qoyan REAL sədrinin azad edilməsinin vacib olduğunu vurğulayır. Ali Məhkəmənin bu ilin martından etibarən bəzi tanınmış siyasi məhbuslar barəsində müsbət qərarlar qəbul etməsi İ.Məmmədovun bu gün azadlığa çıxacağına olan ümidləri daha da artırır.

REAL sədrinin vəkili Fuad Ağayev proses barədə “Yeni Müsavat”a bunları dedi: “Mən öz işimi görür, vəzifə borcumu yerinə yetirirəm. Məhkəmə barədə proqnoz vermək mənlik deyil”.

İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova onunla noyabrın 16-da telefon vasitəsilə əlaqə saxladığını bildirdi: “Özünün məhkəmə ilə bağlı elə də ümidləri yoxdur. Nələrin ola biləcəyini əvvəlcədən bilmək çox çətindir. Hər halda, mənim ümidim az da olsa var. Hər şey məhkəmə günü məlum olacaq”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı 18 noyabrda İ.Məmmədovu azadlıqda görmək sevincini yaşayacaqlarına çox ümid etdiyini söylədi: “Allahdan ümidimi kəsmirəm. O, çox ləyaqətli, azadlığa yaraşan bir insandır. Ona görə də bu məhkəmədə azadlığına qovuşmalıdır. Ümid edirəm ki, bu ilin sonunda bu problemlərlə bağlı bir çox insan azadlığa buraxılacaq. İlqar Məmmədov sıradan biri deyil. Onun işi beynəlxalq təşkilatların daima diqqət mərkəzində olub. Bu iş üzrə iki vicdan məhbusundan Tofiq Yaqublu artıq azadlıqdadır və ümid edirəm ki, İlqar Məmmədov da onun kimi bu hissi yaşayacaq. İnsanları qorumaq, onlara inanmaq lazımdır. Bunu həm zaman, həm də həyat tələb edir. Hesab edirəm ki, İlqarın azad olunması ölkəmiz və bizlər üçün çox vacibdir. Bu məsələni qapatmaq lazımdır. Ali Məhkəmənin düzgün, ədalətli qərar qəbul edəcəyinə və İlqar bəyi ailəsinə, azadlığına qovuşduracağına inanıram. Azərbaycan hər zaman istiqamətini gizlətməyərək, yolunun Qərb yolu olduğunu bildirib. Bu işin Qərb institutlarının gündəmində olması məhz bundan irəli gəlir. İlqar Məmmədovun azadlığı onu sübut edəcək ki, Azərbaycan bu problemi həll etməyə qadir ölkədir. Veriləcək qərar Qərblə olan münasibətləri daha da istiləşdirəcək. İndiyə qədər məhz İlqar Məmmədovun işi ilə bağlı başımız çox ağrıyıb. Bu məsələ gündəmdən çıxarılsa, daha da önəmli addımlar atılacaq”.

Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti ilə Şəki Apelyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların apelyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kasasiya şikayəti veriblər. Ali Məhkəmə kasasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərib.
Şəki Apelyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ.Məmmədov həmin qərardan kasasiya şikayəti verib. Xatırladaq ki, T.Yaqublu bu ilin martında verilən əfv sərəncamı ilə azad olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.