Azərbaycanda iğtişaş hazırlanır: Sol kibercinayətkarların rolu

6-07-2015, 15:59           

İyul ayının 4-də facebook sosial şəbəkəsində məşhurlaşan səhifələrdən biri “Monitor”un oğurlanması barəsində məlumat vermişdik.

Səhifəni oğurlayan şəxsin kimliyi ilə bağlı təsəvvürü olduğunu bildirən Faiq Azər yeni bilgiyə sahib olması barədə Etatist.com-a açıqlama verib:

"Apardığım araşdırma ilə səhifəni "hack" etdiyini deyən adamla qısa yazışmam olub və sonra mənə bunun kim tərəfindən həyata keçirildiyi barəsində dəqiq məlumat gəlib. Həmin şəxs, radikal sol fikirli gəncdir. O, bir neçə saxta profil işlədir. Məlum olan profillərindən biri Təhminə Əmirovadır. Bu şəxs ictimai fəallar və ictimai sektor kimi tanınan camiadan 100-ə yaxın adamın şəxsi profilini oğurlayıb, müxtəlif səhifələri ələ keçirib. Onun cəzasızlığının daha ciddi adamların, dövlət məmurlarının səhifələrinin oğurlanmasına gətirib çıxara biləcəyini istisna etmirəm. Ehtimal edirəm ki, millət vəkili Siyavuş Novruzovun adına açılan saxta profil də ona aiddir.

İnqilab, sosial partlayış, terror və terrora zəmin yaratmağın hansı ideologiyanın şüarı olduğunu nəzərə alsaq, bu adamın mənim admin olduğum səhifənin və müxtəlif ictimai simaların hesablarının üstündə gerçəkləşdirdiyi "məşqləri"n nəyə hesablandığını demək heç də çətin deyil. Bir daha deyirəm, radikal sol fikirli gəncin kibercinayətkarlıq üzrə ixtisaslaşması bir şeydən xəbər verir: Azərbaycanda iğtişaş hazırlanır.

Artıq Yasamal rayon 29-cu Polis Bölməsinə ərizə ilə müraciət etmişəm. Mənim bu fikrimin üstündə mütləq hüquq mühafizə orqanları araşdırma aparmalıdır. Apardıqdan sonra hər şey məlum olacaq".

Qeyd edək ki, videoblogger Faiq Azərə məxsus olan "Monitor" səhifəsi iyulun 4-də "hack" edilib. Bu barədə videoblogger Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.