“Tesla”-dan 4 dəfə ucuz! - Çin şirkəti Maskı “əzib keçir”
28-05-2025, 16:24

Çinin “BYD” şirkəti İlon Maskın “Tesla” avtomobili ilə rəqabəti gücləndirərək Çində elektrikli avtomobillərinin qiymətlərini kəskin şəkildə aşağı salıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “The Telegraph”-ın yaydığı məlumata görə, məşhur Çin istehsalçısı öz baza modelini Teslanın ən ucuz avtomobilindən belə 75% ucuz satmağa başlayıb.
Belə ki, “Seagull” hetçbekinin qiyməti 20% ucuzlaşaraq 55 800 yuana (təxminən 7 700 dollar) düşüb.
Bu, “Tesla”nın ən ucuz modeli olan “Model-3”-dən (231 900 yuan) dörd dəfə ucuzdur.
İnvestorları arasında Uorren Baffett-in də olduğu Çin şirkəti həftə sonu Çində iyunun sonuna qədər 22 modelə endirimlər elan edib. Bu addım daxili bazarda tələbin azalmasına və Aİ ilə ABŞ-də artan tariflərə cavab olub.
Kütləvi endirimlər bazarda şiddətli rəqabəti nümayiş etdirir. Aprel ayında sözügedən Şin şirkətinin 3,5 milyon elektrik avtomobili diler anbarlarında satılmamış qalıb. Bu, 2023-cü ilin dekabrından bəri ən yüksək göstəricidir. Görünür ki, Çində iqtisadi artımın yavaşlaması satışlara zərbə vurub. Mütəxəssislər qeyd edirlər ki, “Tesla” və digər Qərb istehsalçıları artıq uzun müddətdir qiymət savaşında çinli rəqiblərinə uduzurlar.
Məsələn, keçən ay BYD “Tesla”-nı ilk dəfə satış həcminə görə Avropada, yanvarda isə Böyük Britaniyada geridə qoyub. Buna həm də İlon Maskın Donald Trampı dəstəkləməsi və buna görə “Tesla”nın boykot edilməsi də təsir göstərib.