DİQQƏT! ƏDV çekini verməyən obyektləri hansı cəza gözləyir?
Dünən, 12:14

Müasir cəmiyyətlərdə şəffaf iqtisadi münasibətlərin qurulması və vergi intizamının təmin olunması məqsədilə restoran və mağazalarda alış-veriş və xidmətlər qarşılığında qəbzlərin təqdim olunması qanunvericiliklə tələb olunur. Qəbzlər istehlakçının hüquqlarının qorunmasında, məhsul və ya xidmətlə bağlı yaranan problemlərin həllində mühüm rol oynayır.
Lakin bəzən vətəndaşlar alış-veriş etdikləri yerlərdə qəbz verilməməsi halları ilə qarşılaşırlar ki, bu da həm onların hüquqlarının pozulmasına, həm də dövlətə vergi ödənişlərinin yayındırılmasına səbəb ola bilər. Belə hallarla qarşılaşdıqda vətəndaşların hansı addımları atmalı olduqları, hansı orqanlara müraciət edə biləcəkləri haqqında məlumatl ı olmaları vacibdir.
Bir çox restoranlarda və bəzi mağazalarda insanlara ödənişlərinə görə qəbzlər verilmir. Bu halda vətəndaş nə etməlidir? Mövzuyla bağlı "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov REFERANS-ın suallarını cavablandırıb.
Eyyub Hüseynov bildirib ki, bu məsələ çox aktualdır. Ümumiyyətlə vətəndaşlar bilməlidirlər ki, hər hansı yerdə pul verdilər və yaxud ödəniş etdilər mütləq onun rəsmi sənədini almalıdırlar. Hər zaman bildirmişəm ki, müəllim və ya həkim sizdən vəzifə başında etdiyi xidmət üçün pul istəyəndə heçbir problem yaratmadan ödənişi edin. Sonra həmin şəxsdən kassa qəbzini geri istəyin.
Eyyub Hüseynov onu da xatırladıb ki, əgər kassa qəbzi verilmirsə onda hər bir vətəndaşın etiraz haqqı vardır. Bundan sonra bildirməlisiz ki, nə vaxt kassa qəbzi verilərsə onda siz deyən ödənişi edərəm. Vətəndaşın etdiyi ödənişin qəbzi verilmirsə və vətəndaş buna göz yumursa bu halda həmin şəxs öz hüquqlarını pozmuş olur. Çünki İstehlakçıların müdafiəsi haqqında qanunda göstərilir ki, malın və yaxud xidmətin hardan satıldığını sübut edən sənət olmalıdır. Bu isə kassa qəbzidir. Bu çox vacib sənəddir və həmçinin verilən sənəddə vöen olmalıdır. Bunun səbəbi isə budur ki, bilinsin ki, sənin ödədiyin vergi dövlət büdcəsinə gedib. Belə hallara diqqət etmək lazımdır.
"Kassa qəbzi verilməyəndə vətəndaş mütləq qəbzi tələb etsin, əks halda qəbz verilməyəndə həmin malı xidmətə almasın və ən son halda 195 qaynar telefon xətti vasitəsilə Vegilər Nazirliyinə məlumat vermələrini tövsiyə edirəm",-deyə Eyyub Hüseynov əlavə edib.