Elçibəy iqtidarının baş nazirindən 4 iyun qiyamı haqda yeni açıqlamalar
3-06-2017, 09:52
“Prezident komandasının borcu idi ki...”
Sabah Əbülfəz Elçibəy hakimiyyətinin devrilməsi ilə nəticələnən 4 iyun qiyamının 24-cü ildönümüdür. Surət Hüseynovun başçılığı ilə 1993-cü ilin 4 iyununda hakimiyyətə qarşı başlanan hərbi qiyam qısa müddətdə Əbülfəz Elçibəy hakimiyyətinin iş başından götürülməsi ilə nəticələndi.
4 iyun qiyamını doğuran səbəblər barədə indiyə qədər çoxsaylı fikirlər ifadə olunub. Bəziləri Azərbaycanın taleyini dəyişən bu hadisəni Elçibəy hakimiyyətinin səhvlərinin nəticəsi, bir çoxları isə həmin hakimiyyətin uğurlarının davam edəcəyindən narahatlıq keçirən xarici güclərin həyata keçirdiyi plan adlandırır.
Bu barədə Elçibəy hakimiyyətinin baş naziri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qeyd olunan hər iki məqam 4 iyun qiyamının səbəblərindən idi. Bir tərəfdən Elçibəyin Azərbaycanın müstəqilliyi, ölkənin inkişafı ilə əlaqədar irəli sürdüyü strategiya Rusiya və İranda ciddi qüvvələri Elçibəy hakimiyyəti əleyhinə hərəkətə gətirmişdi. Onun devrilməsi üçün xarici mərkəzlər çox ciddi iş aparırdı.
Elçibəy siyasətinin dayandırılması və bunun ətrafa təsirinin zərərsizləşdirilməsi üçün plan qurulmuşdu: “Azərbaycanın istər təbii sərvətlərinin, istər geosiyasi mövqeyinin həmin dövlətlərin maraqlarına cavab verən məcraya yönəlməsini istəyən qüvvələr çox ciddi fəaliyyət göstərirdi. Elçibəy siyasətinin ölkənin maraq və mənafelərinə cavab verməsi Azərbaycanı istəməyən gücləri hərəkətə gətirmişdi. Həmin güclər Azərbaycanın daxilindəki əlaltılarının, xainlərin əli ilə hərbi qiyam hazırladılar və həyata keçirdilər. Fakt odur ki, xalq tərəfindən seçilmiş Elçibəy hakimiyyətinə qarşı daxildəki bir çox siyasi qüvvələr-bu qüvvələrin bir hissəsi vəzifədən ötrü hər cür cinayətə hazır olan insanlar idilər, bir hissəsi xaricdən idarə olunmaqla birləşmişdilər-Azərbaycanın müstəqil dövlət olaraq inkişafını istəməyən xarici dairələrin, müəyyən strukturların birbaşa iştirakı ilə qiyamı hazırladılar və həyata keçirdilər. 1993-cü ilin iyununda Azərbaycanda qanuni hakimiyyəti zorla, silah gücünə devirdilər. Gəncədə Surət Hüseynovun hərbi hissədə başladığı qiyam Bakıda Milli Məclisdə və digər siyasi aksiyalarda davam etdirilib başa çatdırıldı. Bu, silahlı qiyam vasitəsilə həyata keçirilmiş dövlət çevrilişi idi. Bu, indi əslində heç kim tərəfindən inkar olunmur. Elçibəy iqtidarının dövlət çevrilişi nəticəsində devrildiyi barədə hətta mövcud iqtidar rəhbərliyinin də nitq və müsahibələrindən çoxsaylı sitatlar gətirmək olar”.
P.Hüseyn onu da qeyd etdi ki, qiyamın inkişaf edib hakimiyyətin, dövlətin əsaslarını təhdid etmə səviyyəsinə gəlib çatmasına imkan verilməsi səhv idi: “İstər ölkə daxilindəki qiyamçıların zərərsizləşdirilməsi istiqamətində daha ciddi addımlar atılmalı idi, istər ölkədə müəyyən islahatların, dəyişikliklərin daha sürətli aparılması istiqamətində işlər görülə bilərdi. Müəyyən addımları isə sonrakı mərhələlərə saxlamaq olardı. Ölkədəki vəziyyətin siyasi böhran həddinə və konkret hərbi qiyam həddinə gəlib çatmasının qarşısını almaq olardı. Hərbi qiyam və siyasi böhran meydana gəlmişdisə, görünür ki, bunların olmaması üçün kompleks addımlar atılmamışdı. Qiyam başlandıqdan sonra da subyektiv amillərin müəyyən rolu oldu. Hesab edirəm ki, burada məsuliyyət baxımından prezidenti kənara qoymaq lazımdır. Çünki prezident öz komandasına bütün səlahiyyətləri vermişdi və bu komandanın borcu idi ki, qiyamı neytrallaşdırmaq üçün daha təsirli, cəsarətli addımlar atsınlar, dövlətin bütün gücündən qanun çərçivəsində istifadə etsinlər. Hesab edirəm ki, heç də bütün vasitələr, imkanlar qiyamçılara qarşı mübarizədə istifadə olunmadı. O baxımdan da konkret siyasi məsuliyyət daşıyan vəzifəli şəxslər var. Birinci olaraq mən həmişə o cümlədən özümün məsuliyyətimi qeyd edirəm. Bu, hansısa konyuktura xatirinə deyil”.
P.Hüseynin fikrincə, Elçibəy hakimiyyəti bircə il də duruş gətirə bilsəydi, onu devirmək mümkün olmayacaqdı və Azərbaycan tamamilə fərqli, modern inkişaf yoluna qədəm qoyacaqdı: “Qiyamın qarşısı alınsaydı Elçibəy hakimiyyətinin başlatdığı uğurlar 1993-cü ilin payızında kifayət qədər bitkin bir şəkil alacaqdı. Qarabağ məsələsində ciddi irəliləyiş gözlənilirdi. 1993-cü ilin yazında Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurasının qətnaməsi qəbul edildi və bu qətnamə hüquqi baza yaratdı. Aparılan beynəlxalq danışıqların bilavasitə iştirakçısı olaraq deyirəm ki, iyun ayında Kəlbəcərdən başlayaraq, Ermənistan silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxmalı idilər. Yəni 1993-cü ilin payızınadək Qarabağ məsələsinin həll edilməsi planı mövcud idi. Parlament seçkiləri haqqında layihə göndərilmişdi və siyasi rəhbərliyin ümumi fikri belə idi ki, payızda parlament seçkiləri keçirilməlidir. Neft kontraktları hazırlanmışdı. Yayın sonu, payızın əvvəlində neft müqaviləsinin imzalanması gözlənilirdi. Özəlləşdirilmə haqqında dövlət proqramı hazır idi. Avropa Yenidənqurma və İnkişaf Bankının 1993-cü il yaz hesabatında qeyd edilirdi ki, postsovet ölkələrində ən uğurlu islahatlar Azərbaycanda aparılır. Bu dörd hadisə reallaşandan sonra Azərbaycanda hər hansı qiyam, çevriliş etmək, Azərbaycana kənardan təzyiq göstərmək, müharibə yolu ilə şantaj etmək minimuma enəcəkdi. Bütün bunları istəməyən xarici və daxili qüvvələr bir araya gələrək hakimiyyəti devirmək üçün bütün səylərini birləşdirdilər və hakimiyyəti devirdilər”.
MUSAVAT.COM