"Bu əsl axmaqlıqdır. Bəlkə təkəri də ermənilər icad edib..? “.
17-07-2015, 12:12
Müəllif Hüquqları Agentliyi (MHA) son günlər müxtəlif kütləvi informasiya vasitələrində təndirin ermənilər tərəfindən özününküləşdirməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Agentliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, azərbaycanlılar əsrlərdən bəri çörəyi təndirdə (erməniləşdirilmiş “tonir” variantı da buradan yaranıb) bişirirlər: “Təsadüfi deyil ki, ən qədim təndir Azərbaycan ərazisində tapılıb. Azərbaycanda təndirin “Çala”, “Doyma”, “Şirəli”, “Qoyma”, “Kürə” və digər növləri var. Azərbaycanda ən qədim təndir Eneolit dövrünə aiddir.
Yeraltı və yerüstü təndirlərdə müxtəlif lavaşlar, təndir çörəyi, bəyimçörəyi, müxtəlif xörəklər, qənnadı məmulatı hazırlanır.
Bu xüsusi gil sobalarında çörək bişirilərkən, xüsusən də yanacaq kimi təzəkdən istifadə edilərkən, “dəm qazı” əmələ gəlir. Elə “tindir” sözü də Azərbaycan dilində “dəm qazı” mənasını bildirir. Təndirdən istifadə edən xalqlar, bütün təndirlərin, o cümlədən erməni redaksiyasında verilən “tonir”lərin hava çəkən yeri – “külfə”si vardır. O, Azərbaycan dilində “kül üfürən” deməkdir. Bəllidir ki, “lavaş” çörəyi türk sözü “aş”-dan yaranıb. Onun ən nazik növünü isə azərbaycanlılar “yuxa”, yaxud “yayma” kimi adlandırırlar. Çörəyin bu növlərini azərbaycanlılar təndirdə bişirirlər və onlar ermənilər tərəfindən mənimsənilib”.
Agentlikdən onu da bildiriblər ki, təndirlə bağlı Azərbaycan folklorunda əmək nəğmələri var: “Belə nəğmələrdən biri təndirbaşı adlanır. Təndirbaşı təndir qalanarkən, təndirə çörək yapılarkən oxunan nəğmələrə deyilir. Bəzi bölgələrdə təndirbaşı mərasim, şənlik şəklində olur. Qərb rayonlarında yaşlı qadınların keçirdikləri axşam məclisi təndirbaşı, yaxud təndirbaşında adlanır. Təndirbaşıların bir qismi sacasma adlanır. Sacasma sac üzərində lavaş bişirilərkən mahnı ilə müşahidə olunur.
Ermənistanın məşhur mədəniyyət xadimləri hələ XIX əsrdə öz əsərlərində Azərbaycan folkloru nümunələrindən geniş istifadə edirdilər. X. Abovyan, N. Nalbandyan, Q. Ağayan, P. Proşyan, R. Patkanyan, Q. Sundukyan və başqaları onların sırasındadır. Konkret misal gətirək. X. Abovyanın yalnız “Ermənistanın yaraları” və “Ağasının nəğməsi” adlı iki əsərində istifadə olunmuş söz nümunələri əsasında Q. Qasparyan tərəfindən lüğət tərtib edilmiş və nəşr edilib. Həmin lüğətdə dilimizdən alınmış ifadələr “dialekt” adlandırılıb (Q. Qasparyan, Əsərləri, c. IV, Yerevan, EA-568391nın nəşriyyatı, 1947, erməni dilində). Hələ türkcədən birbaşa köçürülən atalar sözlərindən danışmadan X. Abovyanın “Ermənistanın yaraları” romanında “təndir” sözü ilə yanaşı, “plov”, “çalma”, “qarapapax”, “xurcun”, və s. kimi Azərbaycan sözlərini işlədib.
Beləliklə təndirin Azərbaycanda və azərbaycanlılar yaşayan tarixi məkanlarda geniş istifadəsi ilə yanaşı təndir sözü Azərbaycan sözüdür, türk etimologiyasına malikdir və təndirin ermənilər tərəfindən özününküləşdirilməsi ermənilərin əqli mülkiyyət oğurluğunun davamıdır”. ( APA )
Məsələ ilə bağlı Milli Kilinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Qafqaznews.org–a bildirib ki, bir bəyanatla heç nəyə nail olmaq olmaz: “ Ermənilər 6-cı ildir ki, təndir və lavaş festivalı keçirir. Tədbirə YUNESKO-nun nümayəndələrini dəvət edirlər, sonra inandırıcı olması üçün qonaqları təndir olan evlərə aparırlar”. STALIKMUS
Müxbirimizin “Belə tədbirlər keçirmək üçün Azərbaycana nə mane olur?” sualına Əmiraslanov belə cavab verdi: “ Biz də belə festivallar keçirib öz milli mətbəximizi təbliğ etməliyik. Bunun üçün dövlət tərəfindən ciddi maliyyə dəstəyi olmalıdır. Biz sübut etmişik ki, ən qədim təndir Azərbaycan ərazisindədir. Biz eyni zamanda məşhur teleaparıcı, kulinariya kitablarının müəllifi Stalik Xankişiyevə kömək elədik və o təndir barədə film çəkdi. Və film Rusiya telekanalları ilə nümayiş olunacaq. Ancaq bizim imkanlarımız məhduddur”.
Əmiraslanovun sözlərinə görə, bu gün bizim xanımlar lavaşı almağa üstünlük verirlər, ermənilər isə evdə bişirirlər. Həm də bizdə bürokratik əngəllər var. Mən YUNESKO-da komitə sədriyəm. Biz istədik ki, xalq yaradlıcılığı ictimai birliyi yaradaq. Ancaq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirə bilmədik”.
Məşhur teleaparıcı, kulinariya kitablarının müəllifi Stalik Xankişiyevin də fikrini öyrəndik. O, qafqaznews.org-a bildirdi ki, əlbəttə ermənilərin iddialarına qarşı etiraz etmək lazımdır: “ Təndir bütün bəşəriyyətə məxsusdur. Şərqdə təndirdən istifadə etməyən millət yoxdur. Hətta Hindistanda, İranda, Yəməndə təndirdən istifadə edirlər. Mən hazırda təndirlə bağlı material toplamaq üçün Lənkərana getməyə hazırlaşıram. Bu materaillar mənim kitabıma daxil ediləcək”.
Xankişiyevin fikrincə, sadəcə ermənilərə gülmək lazımdır: “ Təndir söhbəti bunların ağlına haradan gəlib? Bu əsl axmaqlıqdır. Bəlkə təkəri də ermənilər icad edib..? “.