"İnsan ömrünün uzunluğuna görə 190 ölkə içində 119-cu yerdəyik"... 1 gündə 40 nəfər dönərdən zəhərləndi
11-05-2024, 15:44
"İnsan ömrünün uzunluğuna görə 190 ölkə içində 119-cu yerdəyik"... 1 gündə 40 nəfər dönərdən zəhərləndi
Ötən günlərdə Zaqatalada baş verən qida zəhərlənməsindən zərərçəkənlərin sayı 40-a çatıb. Məlumata görə, zəhərlənənlər təzə dayanacaq adlanan ərazidəki dönərxanadan, eyni zamanda, ucuz dönər satan bir neçə dönərxanadan dönər alıblar. Xəstəxanaya müraciət edənlərin hamısı toyuq dönəri ilə qidalandığından, zəhərlənməyə toyuq ətinin səbəb olduğu güman edilir.
Sakinlərin Meydan TV-yə dediklərinə görə, bu gün bir neçə dönərxananın işi dayandırılıb. Ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına aid 40-a yaxın şəxs müraciət edib.
TƏBİB-dən bildirilib ki, dünən saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın, 13 kişi olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Onlardan 15-i uşaqdır.
Dönər məshulları arasında ən çox toyuq əti dönərlərinin zəhərlənmələrə səbəb olmasının əsas səbəbi nədir? Hər il yüzlərlə şəxs bu ət məhsulundan hazırlanmış dönərlərdən zəhərlənir, həyatını itirir. Ölkədə toyuq ətindən hazırlanmış dönər satışına qadağanın olduğu deyilsə də, bu barədə real addımlar atılmır. Zəhərlənmənin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir və niyə görülmür? Bu vəziyyət kimlərə sərf edir?
Azad İstehlakçılar Birliyinin sədri, qida üzrə mütəxəssis Eyyub Hüseynov bu haqda Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.
"Ümumiyyətlə, qida zəhərlənmələri Azərbaycanda illərdir, "gizlədilir". Bu, hələ AQTA yaradılmamışdan öncə başlayıb və indi onun zamanında da davam edir. Biz AQTA-nın saytına baxsaq, orda görərik ki, azərbaycanlılar dünyanın "ən xoşbəxt" xalqıdır. Çünki ən az zəhərlənmə bizdə göstərilir. Bütün bunlara baxmayaraq, orta insan ömrü baxımından Azərbaycan 190 ölkə içərisində 119-cu yerdədir. Yəni, 118 ölkədən geridə qalır. Afrikanın, Asiyanın bir sıra geridə qalmış ölkələrindən, o cümlədən, Banqladeşdən, Filippindən, Şri-Lankadan insan ömrünün uzunluğu baxımından geridə qalırıq. Bu, o deməkdir ki, qəbul etdiyimiz qidalar heç də təhlükəsiz deyil. AQTA yarananda biz çox sevinirdik, düşünürdük ki, bu məsələlər tezliklə həll olunacaq. Ancaq indi zəhərlənmələr səbəbindən apteklar qarşısında növbə tutan istehlakçılara çevrilmişik. Eyni problem dönərxanalarda yaşanır. Mən AQTA-da ictimai şuranın üzvü oldum və daim məsələ qaldırdım ki, dönərxanalarda vəziyyəti düzəltmək lazımdır. Çox vaxt mənim bu çıxışlarımı AQTA ironiya ilə qarşılayır. Yüksək tribunalardan; "Bəzi ekspertlər deyir ki, dönərin üst hissəsi bişir, istilik daxilə keçmir və siniyə tökülən yağ heyvan xəstəliklərinin daşıyıcısıdır, bu da istehlakçılarda ciddi zəhərlənmələr yaradır" - ifadəmizi əsas götürərək, bu fikrə istehza və ironiya ilə yanaşırlar.
Bəli, quş əti dönərlərində ciddi zəhərlənmə halları baş verir, amma burada zəhərlənmə həm də mayonezlərdən və digər qatqı maddələrindən də yarana bilir. Mayonezlərin istifadə müddəti açıldıqdan cəmi dörd saat sonra bitir. Biz müşahidə edirik ki, mayonezlər dönərxanalara açıq şəkildə gətirilir. Onların harada və necə hazırlandığı bilinmir. Bu maddələr isti şəraitdə saxlanılır və zəhərlənmələr əsasən dünəndən bu günə qalan dönərlərdə baş verir. Dönər elə bir qidadır ki, onu səhərdən axşamadək hansı şəraitdə saxlayırsan, saxla, yenə də xarab olacaq. Ona görə də elə bir nəzarət sistemi qurulmalıdır ki, vaxtı keçmiş dönərlər saxlanmasın, yaxud ümumiyyətlə, ondan istifadə oluna bilməsin.
Dönərxanalarda sertifikat anlayışı yoxdur. AQTA kiçik həcmli rüsum qarşılığında dönərxanaları dövlət reystrinə keçirir. Bununla guya orada nəzarət işi aparır. Bu məsələdə qanun boşluqları çoxdur. AQTA-nın səlahiyyətləri məhduddur və ona görə də istənilən yerə cəld müdaxilə edə bilmir. AQTA-nın əsasnaməsində dəyişikliyin olunması mütləqdir. Həmçinin, bu qurumun cəld reaksiya mexanizmi olmalıdır. Bu mexanizm təəssüf ki, yoxdur və bürokratik yoxlama mexanizmi mövcuddur. Yəni üç gün öncədən xəbər verilsin ki, "səni nə üçün yoxlayacağıq". Bu hal hələ uzun müddət davam edəcək, dünya uzunömürlü insanlar statistikasında tutduğumuz yer daha da aşağı düşəcək.
Zaqatalada baş verən zəhərlənmə hadisəsi ilə bağlı onu deyə bilərəm ki, bu problemin kökü xammaldan gəlir. Bu dönərxanaların əksəriyyəti bizə məlum olmayan eyni məkandan məhsul götürürlər. Həmin məhsulların böyük qismi quş ətidir və orada ciddi çirklənmə baş verir. Ona görə də AQTA müəyyən araşdırmalar aparmalıdır.
Həmçinin, zəhərlənmənin statistika işi düzgün aparılmır. Bu işlərə son qoyulmalı, "mükəmməl istehlakçı" siyasətinə başlanılmalıdır. İnsanların tədrici və qəfil zəhərlənmələrinə son qoyulmalıdır. Təsadüfi deyil ki, Bakının Bayıl qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən hadisəni AQTA zəhərlənmə faktı kimi qəbul etmir. Çox təəssüflər olsun ki, belə hallar da var. Vəziyyət nə qədər mürəkkəb olsa da, dönərxanalar ləğv edilməyəcək. Ölkədə biznesin inkişafı siyasəti var, amma istehlakçı siyasəti yox dərəcəsindədir. Özüm AQTA-da ictimai şuranın üzvü olan zaman dəfələrdə qeyd etdim ki, nümunəvi dönərxanalar yaradaq, onları təbliğ edək ki, digərləri də ona bənzəsin və biz bu sektoru düzəldək. Lakin vəziyyət düzəlmir, əksinə, dövlətin toxunulmazlıq şəraitindən sui-istifadə olunur. Bir daha qeyd edirəm ki, dönərxanalar birmənalı şəkildə ləğv olunmayacaq. Çünki bu, biznesin inkişafı siyasətinə ziddir" - deyə, qida üzrə ekspert əlavə edib.
Mətin Şükürlü, Bizimyol.info