Azərbaycanda itkin düşənlər: evdən çıxıb geri qayıtmayanların sayı

11-05-2024, 12:18           
Azərbaycanda itkin düşənlər: evdən çıxıb geri qayıtmayanların sayı
2023-cü ildə Azərbaycan Respublikasının ərazisində 997 nəfər itkin düşmüş şəxs kimi axtarışda olub.

Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin ötən illə bağlı hesabatında bildirilib.

Rəsmi məlumata görə, itkin düşmüş şəxslərdən 129 nəfəri 18 yaşadək uşaqlar olub.

İtkin düşənlərdən 119 nəfər, o cümlədən 2 uşaq 2023-cü ilin sonuna kimi tapılmayıb.

Bəs dinc şəraitdə vətəndaşların itkin düşməsi nə ilə əlaqədardı?

Hüquq-mühafizə orqanları mütamadi olaraq Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə də Bakı şəhərində itkin düşənlər haqqında məlumatlar açıqlayır. Adətən itkin düşənlərin əksəriyyətinin ruhi xəstələr olduğunu düşünürük. Amma bəzi hallarda tamamilə sağlam insanların da evdən çıxıb bir daha geri qayıtmamalarına təsadüf olunur.

İtkin vətəndaşlardan bəzilərinin axtarışları illərlə nəticəsiz qalır. Daxili işlər orqanları onların sonrakı taleyi barədə heç bir məlumat toplaya bilmədiyindən öldüsü və ya qaldısı məlum olmayan şəxslərin yaxınlarının gözləri də yollardan yığılmır.

İtkinlərin arasında bütün yaş təbəqəsindən olan vətəndaşlar var: qocalar, orta yaşlı kişi və qadınlar, cavan oğlan və qızlar, uşaqlar. Aralarında ruhi xəstələr də az deyil.

İtkin düşən vətəndaşların axtarışı ilə onların qeydiyyatda olduğu ərazinin polis orqanı məşğuldur.

Psixoloqlar dinc dövrün itkinlərini müxtəlif kateqoriyalara bölürlər. Bildirilir ki, əqli cəhətdən sağlam olan, lakin psixoloji sarsıntı keçirən və bu üzdən evdən gedən insanlar az deyil. Bəziləri ailədə başa düşülmədiyindən, digərləri cəmiyyətdə düzgün qəbul olunmamalarından, bir qrup isə valideynləri tərəfindən haqsız təpkiyə məruz qalmaları səbəbindən evlərini tərk edir və bir daha geri qayıtmamaq barədə qərar qəbul edirlər. Ailədə qayğısızlıqdan, baxımsızlıqdan əziyyət çəkdikləri üçün doğmalarından uzaqlaşan yaşlılar da az deyil.

Özlərinə qapanan, kəskin depressiya vəziyyətinə düşən bəzi insanlar yaxınlarından qaçırlar. Bəzən belə şəxslərin adı illərlə itkin düşənlərin siyahısında qalır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.