Prezidentdən xalqa dəstək (FOTO, VİDEOLAR)

19-07-2015, 19:58           

“Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır."

ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclası

Dövlət başçısının söylədiyi fikirlər ictimaiyyət tərəfindən təqdirlə qarşılanıb və bu məsələ geniş rezonans doğurub. Bu gün ölkə vətəndaşları xaricə səfərə getmək üçün birbaşa “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xətti ilə bilet ala bilmir. Çünki ən çox təlabat olan marşurutlar üzrə biletlər şirkətin himayəsində olan özəl turizm şirkətlərin əli ilə satılır. Təbii ki, bu, qiymətlərin bahalaşması ilə yanaşı, kimlərinsə daha çox varlanmasına, biletdən gələn gəlirin dövlət büdcəsinə yox, məhz şəxsi ciblərə getməsinə əsas yaradır.

AZAL-ın saytında online və kassada satılan biletin qiyməti

Bakı-London istiqəməti üzrə onlayn satışın qiyməti


İstanbula getmək üçün bilet almaq istəyən paytaxt sakini Məhəmməd İmanov bildirir ki, AZAL-ın saytında Bakı-İstanbul istiqamətində (ekonom) gediş-gəliş üçün onlayn bilet sifariş etmək üçün göstərilən qiymət 315,63 manatdır. Bu, ilk baxışdan normal və sərfəli görünür. Lakin maraqlısı odur ki, vətəndaş AZAL-ın saytı ilə onlayn bilet sifariş edə bilmir. Çünki çox vaxt bu istiqamətə bilet olmur. Amma paytaxtın 28 may küçəsi boyunca yerləşən müxtəlif firmalara məxsus kassalarda həmin marşurut üzrə bilet istənilən qədərdir və 350 manatdan ucuz deyil.

Bu zaman vətəndaş haqlı olaraq sual verir, bu, nə üçün belədir? Cavab isə aydındır, əlavə qazanc əldə etmək, gələn gəlirləri büdcədən yayındırmaqla şəxsi gəlir götürmək. Bir istiqamət üçün bileti özəl kassalar 225 manata satır. Demək ki, vətəndaş İstanbula gedib gəlmək üçün dövlətə yox, kimlərəsə xeyir verməlidir.

Təbii ki, bu rəqəmlərin fonunda ölkə rəhbərinin səsləndirdiyi iradlar milyonlarla ölkə vətəndaşının ürəyincə oldu. Bu, dövlət başçısının xalqa necə dəstək olduğunu bir daha sübut edir. Ölkə başçısının dediyi kimi, sanki bəzi məmurlar düşünürlər ki, istədikləri hər şeyi edə bilərlər. Amma, onlar yanılırlar, xalqa xidmət göstərməkdən şərəfli heç nə ola bilməz.

Gürcüstanın sabiq prezidenti, hazırda isə Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsində çalışan Mixail Saakaşvili bu günlərdə Odessaya təyyarə uçuşlarında biletlərin baha olması ilə bağlı geniş iclas keçirib. O, həmin iclasda qiymətlərin nəyə görə baha olmasını xalqın dili ilə soruşur və buna qarşı ciddi tədbirlərin görüləcəyini elan edir. O, haqlı olaraq biletlərin baha olmasını monopoliya və korrupsiyaya qurşanmış şəxslərin oyunu kimi təqdim edir. Bu müşavirə sosial şəbəkələrdə böyük maraq doğurduğundan həmin videonu bizim məmurlara nümunə kimi təqdim edirik.
[media=https://www.youtube.com/watch?v=yTe82bW-Wxo]
Yəqin ki, bu videoya baxdıqdan sonra nəticə çıxarmaq olar ki, başqa millətə mənsub bir insan başqa bir xalqa mənsub insanların qayğısına necə qalır. Amma biz özümüz-özümüzə sanki qənim kəsilmişik. Nəyə görə yüksək vəzifələrdə çalışan məmurlarımız doğma millətinə ürəkdən xidmət göstərmirlər?! Axı, buna mane olan səbəb nədir? Zənnimizcə, bu barədə birlikdə düşünməyə və nəticə çıxarmağa böyük ehtiyac var.

Prezidentin tapşırığından sonra mətbuatda Bakı-İstanbul aviareysinin qiymətinin 90 manata endirilməsi ilə bağlı xəbərlər yer aldı. Lakin çox keçmədən AZAL-ın vitse-prezidenti Sabir İlyasov bunu təkzib edərək dedi ki, bu məsələdə hələlik konkret yenilik yoxdur. Hazırda biletlərin ucuzlaşdırılması ilə bağlı məsələ müzakirə olunur.

Təyyarə bileti qiymətinin əlçatan olması ölkənin turizm potensialına da birbaşa təsir edir. Statistika göstərir ki, ən yaxın qonşummuz olan Gürcüstana bizdən 2 dəfə çox turist gəlir. Gürcüstanın iki gündə qəbul etdiyi turist sayı, bizim bir ayda qəbul etdiyimiz turistlərdən çoxdur.

Gürcüstana və Azərbaycana gələn turistlərin sayı

Mövzu ilə bağlı diqqətçəkici faktları təqdim edirik:

- Azərbaycan üçün yanacaq Gürcüstandan daha ucuz başa gəlir. Belə ki, Gürcüstan yanacağı kənardan aldığı halda, Azərbaycan özü istehsal edir.

- London-Köln-London marşrutu üzrə 500 km-lik uçuş 31 manata, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 400 km-lik uçuş 100 manata başa gəlir.

- AZAL bu ilin mart və aprel aylarında Macarıstanın WizzAir və Türkiyənin Pegasus hava yollarının Azərbaycanda fəaliyyətini dayandırıb. Buna səbəb bu iki hava yolunun təyyarə biletlərinin ucuz qiymətə satılması olub.

Cahangir Əsgərov, İlham Əliyev və Mehriban Əliyeva


Gəlirləri az olan təbəqənin “AZAL-ın qiymət siyasəti ilə bağlı nə etmək lazımdır” sorğusuna sosial şəbəklərdəki reaksiyaları, verdikləri cavablar da diqqət çəkicidir:

- Qiymətlərin yüksək olması AZAL-ın gənc şirkət olması ilə əlaqəlidir. AZAL yeni yaranıb və gənc şirkətdir. Zaman keçdikcə Heydər Əliyev adına Hava Limanı daha çox tranzit uçuşlar etməli və qiymətləri aşağı düşürməlidir. Ölkə prezidentinin də dediyi kimi, Azərbaycan təyyarələrində yüksək keyfiyyət var, dünya standartlarına uyğundur. Lakin, bu, təyyarə istehsalçısının göstəricisidir. Bəs, AZAL-ın göstəricisi nədir, yaxşı yeməkmi, yoxsa əyləncəli musiqi, ya bizə yad olan film göstərmək?! Milli təyyarəmizdə Azərbaycanla bağlı bir-iki filmi çıxmaq şərti ilə heç bir dəyərli nə sənədli, nə də bədii film, musiqi yoxdur. Axı, göstərilən filmlərə görə Dövlət Film Fonduna vəsait ödənməlidir. Maraqlıdır ki, AZAL heç bunu da ödəmir.

Yeri gəlmişkən bu mövzuya Mir Şahin də öz "Hesabat"ında toxunmuşdu.

- Ən azı rəqabət nöqteyi-nəzərindən qiymət siyasətinə mütləq baxılmalıdır. Hər kəs istəyər ki, öz ölkəsinin hava yolları şirkətinə xeyir versin. Qiymətlər həqiqətən bahadır və bəzən AZAL-ın qiymət siyasəti xeyli suallar doğurur. Məsələn, təxminən 1 il əvvəl açılmış Bakı-Nyu-York reysinə Bakıdan bilet Tiflisdən 20% baha başa gəlir. Baxmayaraq ki, Tiflisdən Nyu-Yorka uçmaq üçün iki uçuş lazım olur, yəni əvvəlcə Tiflisdən Bakıya, sonra isə Bakıdan Nyu-Yorka uçmalısan. Buna baxmayaraq, Tiflisdən Nyu-Yorka uçmaq, Bakıdan birbaşa ABŞ-ın bu şəhərinə uçmaqdan daha ucuzdur.

- Qiymətləndirmələrə görə, biletin qiyməti maya dəyərindən aşağı olmamalı, buna uyğun müəyyənləşdirilməlidir. AZAL yay mövsüm dövründə Bakı-İstanbul reysi ilə gediş-gəliş üçün 250 manat təklif etməklə mənfəət əldə etmək imkanına malik ola bilər. Yay mövsümündən sonra bu rəqəm 180 manata azaldıla bilər.

- Bəzən deyirlər ki, AZAL gəncdir, tədricən hər şey düzələcək. Amma bu yerdə AZAL prezidenti Cahangir Əsgərovun diqqətinə çatdırmaq lazımdır ki, "Emirates Airline" şirkəti yeni yarandığı illərdə dünyada ən keyfiyyətli və ucuz xidmət göstərən aviaşirkətlərdən idi. İndi də dəyişiklik yoxdur bu siyasətdə. Şirkət dünyanın 10 ən güclü şirkəti arasındadır.

Onu buradan çıxardılar ki, insanları ora-bura ucuz daşıyır. Cənab Cahangir Əsgərov özü biznesmendir, belə şeyləri yaxşı bilməlidir ki, yeni fəaliyyətə başlayan şirkətlərdə qiymətlər ucuz olmalıdır. Bizdə isə əksinədir. AZAL-ın qiymətləri ilə yanaşı, təqdim etdikləri yeməkləri də ürəkaçan deyil. AZAL həm bahadır, həm də xidməti zəifdir.

- Bu gün hər kəs AZAL-da qiymətlərin həddən artıq baha olduğunu əsas gətirərək Türk Hava Yollarına üstünlük verir. AZAL-ın razı olmadığım sahəsi qiymətlərinin baha olmasıdır. Qiymətlər ən azı 2 dəfə aşağı olsa daha yaxşı olar. Çünki indiki qiymət bahalılığı sünidir. AZAL Azərbaycanda işçisinə ən çox maaş verən şirkətlərdən biridir. AZAL rəhbərlərinin nə qədər maaş almasını öyrənmək mümkün deyil, bunu gizli saxlayırlar. Təbii ki, kasıb şirkət olsaydı özünə paytaxtımıza yaraşıq verən gözəl bina inşa etdirməzdi. Bu, sevindirici haldır, amma biletlərin qiymətində də dəyişiklik olsa, hər kəsin ürəyincə olar. Axı, hər kəs gözəl bilir ki, xalqın pulları ilə özlərinə rayonlarda, xarici ölkələrdə villa tikən, əyləncələrini xarici ölkələrdə keçirən məmurlar bir gün hesabat verəcəklər.


Yadınızdadırsa, Milli Məclisin deputatı Zeynəb Xanlarova hələ 2014-cü il fevralın 25-də parlamentin iclasında məmurları sadə insanlar haqda düşünməyə çağırmışdı. Zeynəb xanım Allahın bizə bəxş etdiyi dənizi xalqın üzünə bağlayan harınlamış şəxsləri ittiham edib, hətta onların adlarını da çəkmişdi.

Nədənsə bütün neqativ halları, nöqsanları dövlət başçısı özü göstərir. Biz ona təşəkkür edirik. Halbuki, indiyədək bu məsələyə Prezident Adminstrasiyası rəsmiləri, Baş nazir, Nəqliyyat, Maliyyə, İqtisadiyyat və Sənaye, Vergilər nazirlikləri diqqət yertirməli və tədbir görməli idilər. Nə yaxşı ki, prezident var, nə yaxşı ki, o, məmurların yox, xalqın, kasıbların tərəfində dayanır.

Ümid edək ki, dövlət başçısının tapşırığına uyğun olaraq, aidiyyəti qurumlar, o cümlədən Maliyyə, İqtisadiyyat və Sənaye nazirlikləri, eləcə də Hesablama Palatasının bu sahədə apardıqları ciddi araşdırmanın nəticələrini xalqa çatdıracaq. Onda hər şey daha aydın olacaq.

AZAL-ın 2015-ci ildə tamamlanması gözlənilən 28 mərtəbəli yeni inzibati binası



AZAL-ın Heydər Əliyev prospektində inşa olunan, hündürlüyü 119,23 metr olacaq binası












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.