Azərbaycanda güclü zəlzələ OLACAQ? - Seysmoloqdan bugünkü hadisələrlə BAĞLI AÇIQLAMA

12-05-2024, 08:54           
Azərbaycanda güclü zəlzələ OLACAQ? -
Xəbər verdiyimiz kimi, bir neçə saat əvvəl yerli vaxtla saat 17:22 də Lənkəranda güclü zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ episentrdə 6 bal, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub. Bu barədə Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatında deyilir.

Daha sonra isə bir az əvvəl Lənkəranda gün ərzində ikinci dəfə zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, rayonda 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Təbiət hadisəsi yerli vaxtla saat 20:23-də qeydə alınıb, zəlzələ ocağının dərinliyi 13 kilometr olub. Zəlzələ episentrdə 4, ətraf rayonlarda isə 3 bala qədər hiss edilib.

Qeyd edək ki, bir müddət əvvəl ölkəmizdə səfərdə olan türkiyəli akademik, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda mümkün zəlzələ ehtimalından danışmışdı. Şəhərdə gəzinti zamanı jurnalistlərə açıqlama verən geoloq bildirib ki, Azərbaycan seysmoaktiv zonada yerləşir. Onun sözlərinə görə, Azərbaycanda zəlzələnin maqnitudasının 7,5 bala qədər olma ehtimalı var.

Bu gün olanlar isə Celal Şengörün Azərbaycan haqqında dediklərini yenidən gündəmə gətirib. İnsanlar təşviş içində qorxuya düşüb.

Bəs Azərbaycanda yaxın günlərdə güclü zəlzələ ola bilər?

Məsələ ilə bağlı AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev Referans.az-a deyib ki, baş verən zəlzələlərdən qorxmağa ehtiyac yoxdur:

“Ümumiyyətlə, 4 bala qədər olan zəlzələləri seysmoloji stansiyalar qeydə alır. Ciddi dağıntı olacağı ehtimal edilmir. Talış dağlarının ətəyi seysmik cəhtədən aktiv zonadır. Orada ola biləcək hər bir zəlzələyə hazırlıqlı olmaq lazımdır. Həmin ərazilər cavan zonalardır, belə silklənmlərə hazır olmalıyıq. Sözügedən ərazilərdə daim yeraltı təkanlar aktivdir. Ola bilsin ki, artıq bitdi, yenidən həmin ərazilərdə zəlzələ olacağı düşünülmür. 6 bal əslində çox ciddi təşviş yaradacaq bir durum deyil. Bu normaldır”.

Seysmoloq qeyd etdi ki, 6 baldan sonra yenidən 4,4 maqnitudalı zəlzələnin olması gözlənilən idi, çünki istənilən halda həmin yeraltı təkanlar qayıtmalıdır.

Onun sözlərinə görə, ölkəmizdə səfərdə olan türkiyəli akademik, Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda mümkün zəlzələ ehtimalı haqqında dedikləri absurtdur: “Mən də deyirəm ki, Türkiyədə 6 ballıq zəlzələ olacaq. Bu nə vaxtsa olacaq, amma heç kim bilmir nə zaman olacağını. Buna görə də, zəlzələnin yerini, vaxtını və gücünü əvvəlcədən demək olmaz".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.