5 nəfər tərəfindən zorlanan məktəbli qız: “Mən 3 il idi zorlanırdım, amma...”
14-08-2017, 15:39
Bir müddət bundan əvvəl Beyləqanda orta məktəb şagirdinin 5 nəfər həmkəndlisi tərəfindən zorlanması və hadisənin videoya çəkilməsi ilə bağlı məlumatlar yayılmışdı.
Həmin vaxt Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova “heç bir zorlama hadisəsindən söz gedə bilməz. Bir oğlanla, bir qız sinifdə mehriban şəkildə qucaqlaşıb oturublar. Burada artıq-əskik nəsə yoxdur”-deyə məsələyə aydınlıq gətirdi. Bundan sonra hadisəyə müxtəlif don geyindirilsə də iki nəfərin həbsi ortalığı sakitləşdirdi. Amma...
Uzun sürən axtarışlardan sonra 5 nəfərin zorakılığına məruz qalan məktəbli şagirdi tapa bildik. Nə qədər ağır olsa da cinsi təcavüzə məruz qalan bu qız və övladının başına gələnləri içində böyük bir yara kimi gəzdirən bədbəxt ana ilə üz-üzə gəldim...
“Rasim saçımdan tutdu, boynumdan vurdu”
Cinsi zorakılığa məruz qalan məktəbli qız:
“Bu hadisənin başında ilk olaraq Rasim dayanıb. Məktəb yoldaşlarım mənə hədə-qorxu gəlib. “Sənin şəkilini çəkmişik, onu istənilən anda internetə qoya bilərəm” deyə məni şantaj edirdi. Məni o, seksual hərəkətlərə məcbur edib, videoya çəkib, sonra da yayıb. Hələ 9-cu sinifdə oxuyanda məktəbdə mənimlə qeyri-ənənəvi yolla cisi əlaqədə olub. Sonra həmin videonu aparıb digər sinif yoldaşım Kamilə göstərib. Ondan sonra Kamil də mənə yaxınlaşıb deyirdi ki, “sənin şəkillərin, videon var. Əgər mənim istədiyimi, tələblərimi yerinə yetirməsən onları internetə qoyacam”. Mən də qorxurdum. Bu üzdən o nə deyirdi edirdim. Həmişə mənə deyirdi ki, “səndən qisas alacam, məcbur edəcəm ki, məni sevəsən”.
Kamil mənimlə etdiyi qeyri-ənənəvi yolla cinsi zorakılıq hərəkətlərini çəkib, dostlarına yayıb. Sinif yoldaşlarım da bunu görüb. Kamil gedib sinif yoldaşlarıma deyib ki, “bu qız qorxaqdır, hədələsəniz nə desən onu da edəcək”. Hamısı da deyirdi ki, “istəyimizi etməsən sənin videonu internetə yerləşdirəcəm”. Razı olmayanda saçımdan tutub, məcbur edirdilər. Mən də onun dediyini etdim. Kamil bir ara əl çəkdi məndən. Amma 2017-ci ildə yenidən başladı.
-İnternetdə yayılan video necə çəkilmişdi?
-Dərs bitdi, hamı gedirdi. Murad adlı sinif yoldaşım məni qolumdan tutub saxladı ki, “Dayan Rasimin sənə sözü var”. Çıxmaq istəyədə Rasim saçımdan tutaraq boynumdan vurdu. Dedi ki, “nə deyirəm elə”. Geri çəkildim ki, sinifdən çıxım, bu vaxt Murad qapını arxadan tutdu. Yalvardım ki, qapını aç, mənə kömək elə. O, mənə kömək eləmədi. Əksinə, dedi ki, “Rasim nə deyirsə o da olacaq”. Yalvardım ona, çəkmə məni dedim. Yalvarışlarıma, göz yaşıma belə baxmadı. Həmin anda Rasim olanları çəkirdi.
-Bu yaşadıqlarını məktəb rəhbərliyindən kiməsə dedin?
-Yox, heş kimə bu haqda danışmadım. Utanırdım.
-Bəs, sən onların “istəyini” yerinə yetirdiyin halda internet şəbəkələrində həmin video necə yayıldı?
-Rasim yayıb. Murad mənə zəng elədi, dedi ki, “xəbərin var, səni “youtube”yə qoyublar. Dedim nə? Sən demə videonu qoyub, dərhal da çıxarıblar. Amma artıq olan-olmuşdu. Xəbər qısa zamanda anama, nənəmə çatdı.
-O hadisədən sonra məktəbdə sənə qarşı münasibət necə oldu?
-Dəyişdi...Heç kəs məni görmək istəmirdi. Qızlar mənə əxlaqsız kimi baxırdı. Hamı “bizdən uzaq ol, sən pozğunsan, tərbiyəsizsən” deyə məndən uzaq gəzirdi. Mən onları başa salmaq istədim, amma heç kim məni dinləmirdi. Ondan sonra məktəbə getməyin də mənası yox idi. Odur ki, qapıları bağladım, oturdum evdə, yaşamamaq üçün yollar axtarırdım.
-Bəs, direktor bunun qarşısını almaq üçün hər hansı bir addım atmadı?
-Direktor yox idi. Həmin anda əvəzləyici vardı. O, da gəlib məni günahlandırdı. Dedi ki, “bunlar səni ilk dəfə zorakılığa məcbur edəndə gərək deyəydin”. Mən 3 il idi zorlanırdım, amma bu hadisəni içimdə çəkirdim. Olanları dəftərə yazdım. Dedim ki, ölsəm bunu kimsə görsün. Özü də həmişə dəftəri evdə stolun üstünə qoyardım. Deyirdim kaş anam onu oxuyaydı, mənə kömək edəydi. Özümü öldürmək istəyirdim. Çıxış yolum ölüm idi. Dözə bilmirdim, iyrənirdim bu həyatdan.
-Onlar səni ancaq məktəbdə zorlayırdı, yoxsa...
-Çox vaxt mətəbdə...Amma, bir neçə dəfə də kənarda olub. Məktəbə yaxın boş ərazi var idi. Məni darta-darta ora aparıblar. Videodan da görünür ki, məni ora təhdidlə aparıblar. Döyərək saçımı yolublar, “eləməlisən” deyib zorakılığa məcbur ediblər, daha sonra da çəkiblər. Videoda mənim yalvarışlarım eşidilir. İstəmirdim, canım ağrayırdı. Onlar məni zorlayanda gözümdən yaş gəlirdi, güclə nəfəs alırdım. Yalvarırdım buraxın məni. Heç kim baxmırdı, ehtiyaclarını ödəyəndən sonra məni buraxırdılar.
“Mən qızımı öldürə bilmərəm”
Zorlanan qızın anası:
1995-ci ildə ailə qurmuşam. Bu evlilikdən bir qızım dünyaya gəldi. Gözünü açandan onu zəhmətlə böyütdüm. Bu hadisənin kökü hələ qızım 5-ci sinifdə oxuyanda qoyulub. Həmin vaxt qızıma məktəbdə xərclik pulu verirdim. Rasim onu qorxudub əlindən pulunu alırmış. Bu hal dəfələrlə baş verirdi. Getdim məktəbə ki, müəllimələr buna bir əncam çəksin. İki dəfə də Rasimin anası ilə danışdım. Mənim uşağımı ilk olaraq Rasim pozub. Onu seksual hərəkətlərə məcbur edərək videoya çəkib, sonra da yayıb. Amma, bu adam hələ azadlıqdadır. 9-cu sinifdə isə onunla məktəbdə qeyri-ənəvi yolla cisi əlaqədə olub. 3 il onu şantaj altında saxlayıb. Hədələyib ki, “səni çəkmişəm, gəlməsən video görüntülətin internetə qoyulacaq”. Rasim məktəbdə çox qıza təklif edib. Bunu mənə məktəbin müəlliməsi deyib. Ən dəhşətlisi isə baş verənlərdən sonra hamının kənara çəkilməsi oldu. Müəllimlərin bundan xəbəri olub, amma susublar.
-Bəs, siz bir ana olaraq hadisəni bildikdən sonra susan müəllimələrdən qızınızın məktəbdə davranışı ilə maraqlanmadınız?
-Sinif rəhbəri deyirdi, “bu qız həmişə ağlayırdı. Heç kimə yaxınlaşmırdı, tək qalırdı. Bilirdim ki, qızda nəsə var, hər hansı problem daşıyır. Soruşurdum, amma, heç nə demirdi, elə bütün günü ağlayırdı”. Mən heç bir şey hiss etməmişəm. Evdə, ailəmdə də problemlər olub. Bir tərəfdən də bu onu sıxıb. Bu üzdən qızım utandığı üçün deməyib. Mənim qızım çox qorxaqdır. 3 il şantaj altında olub. Sonra başa düşdüm ki, qızım özünü öldürmək istəyir. Lap dəhşətlisi budur ki, bütün ailəm üstümə gəldi ki, ana olaraq bu qızı öldürmək sənə düşər. Dedilər ki, “elə öldür ki, qızın bunu hiss etməsin”.
-Yəni, qızını öldürmək üçün sənə hansı təklifləri irəli sürürdülər?
-Kimi dedi yuxu dərmanı ver, kimi də dedi ki, qazı aç boğulsun ölsün. Hətta, bacıma da deyiblər ki, qazı aç ikisi də ölsün. Dedim nə olursa-olsun uşağım mənə qəbuldu. Bir ana olaraq mən onu öldürə bilmərəm. Mən anayam, bir ana doğduğu uşağı necə öldürə bilər? Mən onda hər hansı əxlaqsız hərəkət görməmişəm. Mənim uşağımı zorlayıblar, məcburən bu hərəkəti etdiriblər. Çantamı, qızımı götürüb gecə ikən qaçdım.
-Kənd camaatı nə deyirdi?
-Kənddə bizi qəbul eləmirdilər. Hadisədən sonra bizim o kənddə qalmağımız təhlükəli idi. Bütün həyatımı qızıma, ərimə həsr etdim. Amma sonda həyat yoldaşım məni qoyub getdi.
-Həyat yoldaşınızın tələbi nə idi?
-Mənə dedi ki, “qızı burax küçəyə, sənə arxa olacam. Hamı görsün ki, biz onu küçəyə atdıq. Bundan sonra kim neyləyir eləsin”. Bacarmadım, axı o mənim övladımdır, onu necə atım? Görəndə ki, mən qızıma sahib çıxdım o məni atdı. O gündən sonra bir dəfə də olsun həyat yoldaşımı görmədim. Camaat da bizi daş-qalaq edir, deyirlər ki, “kəndə gəlməsinlər”. Bəs onu bu işə məcdur edənlər? 3 il təhsil müəssisəsində zorlayanlar?
-Deyilənə görə, qızınızı zorlayanlardan biri onu almaq istəyib?
-Hə, Rasimin valideyinləri mənə qızımı almaq təklifini də etdi. Amma razı olmadım. Onsuz da bir aydan sonra boşayacaqdılar. Məqsəd mənə şikayəti geri götürtmək idi. Hələ pul da təklif edilib.
-Nə qədər?
-30 min...Hardasa 20-30 nəfər adam gətirmişdilər. Mən heç birini qəbul eləmədim.
“Biz sona kimi gedəcəyik”
Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə: Hazırda iş məhkəmədən geri qaytarılıb. Məlum olub ki, istintaq düzgün aparılmayıb. İşi ilk olaraq Telman adında müstənq aparıb. Məlum olub ki, Telman müəllim dindirmədə ana və qızı ilə kobud rəftar edib, onların üstünə qışqırıb. Məsələ ilə bağlı Beyləqan Rayon Prokororluğu və Baş Prokurorluğa müraciət etdik. 150-ci maddənin bütün bədlərinin qoyulmasını, işi aparan müstəntiqin dəyişdirilməsi tələblərini irəli sürdük. Prokurorluq bunu nəzərə aldı. Mən bu cinayət işinin obyektiv aparılacağına əminəm. Əslində burada mütəşəkil cinayətdən söhbət gedir. Bu cinayətdə 5 nəfər iştirak edib. Baş verən cinayət işində iki nəfər tutulub. Hazırda Babayev Rasim, Həziyev Murad, Hüseynov Rahib azadlıqdadır. Hansı ki, bu videonun çəkilməsində bunlar iştirak edib. Biz sona kimi gedəcəyik.
Bayaqdan bəri yaşadıqlarını danışdıqca tir-tir əsən, dəfələrlə nəfəsi gedib-qayıdan bu qızın gözləri bir nöqtədəydi...Ona ən çətin anda yenidən sarılaraq qucaq açan anasında...