Bu restoranda şəhid övladlarının ad günü pulsuz qeyd edilir – VİDEO
22-08-2017, 00:34
Lənkərandakı restoranlardan birinin rəhbərliyi təqdirəlayiq addım atıb. Xezerxeber.az-ın məlumatına görə, torpaqlarımız uğrunda şəhid olan şəxslərin övladları ad gününü öz yaxınları ilə birlikdə həmin restoranda təmənnasız qeyd edə bilər. Hətta bunun üçün ad günü olan şəhid övladına restoran tərəfindən dəvətnamə də göndərilir. Şəhid övladları 5 nəfər yaxını ilə birlikdə ad gününü burada qeyd edə bilər. Restoranın qarşısında bununla bağlı elan lövhəsi də vurulub. Sonda isə qeyd edilib ki, “Haqqı atanız tərəfindən ödənilib”. Ad gününü qeyd edən şəhid ailələrinin yeməyi üçün heç bir limit yoxdur. Doğum günü süfrəsinin bəzədilməsi də ailələrin istəyinə uyğun həyata keçirilir. Tortun kəsilməsi mərasimində klounlar da iştirak edir. Ad günü qeyd edilən şəxs uşaq olarsa, mərasim ona uyğun təşkil edilir. İndiyədək bu rəstoranda ad günü qeyd edənlər də olub. Restoran rəhbərliyi tərəfindən bu cür xeyriyyə tədbirlərinin davam etdiriləcəyi bildirilib. teref.az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: