Separtaçı Azərbaycan məmuru özünü xəstəliyə vurdu - "Dala Nərgiz " sədaları altında
26-09-2017, 16:59
Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanırverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması məsələsi araşdırılır. Bildirilir ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.
Bu barədə Fizuli Tanrıverdiyev Unikal.org-un suallarını cavablandırıb.
-Öncə qeyd edim ki, kim nəyi araşdırır araşdırsın. Mənim haqqımda ilk dəfə deyil ki, araşdırma aparılır. Hətta məni 4-5 il bundan əvvəl terrorist olmaq iddiası ilə məhkəməyə vermişdilər. 2.7 il məhkəmə getdi və sonda ədalət, haqq qazandı. Hətta iddia edirdilər ki, Fizulinun Benladinlə əlaqəsi var. Guya silah alıb kürdlərə vermişəm. Dünən referendum keçirildi. 10 il bundan əvvəl niyə keçirmirdilər? Yaxud da iki il sonra niyə keçirmirdilər?
Biz Qarabağda öz dədə-baba torpaqlarımızı itirə-itirə gedirik. Düzdü? Şəhid vermişik, döyüşmüşük. Orada elə igid oğlanlarımız şəhid oldu ki, bir daha tarix elə igidləri yetişdirməyəcək. Biz Qarabağda kiminlə döyüşürdük? Bunu ehtiyatda olan zabit kimi deyirəm. Biz ermənilərlə deyil, ruslarla müharibə edirdik. Aprel döyüşlərində sübut etdik ki, düşməni məhv edib öz dədə-baba torpaqlarımızı geri qaytara bilərik. Amma böyük dövlətlər buna imkan vermir. BMT-nin 3 qətnaməsi var. Nəyə görə bu qətnamələr yerinə yetirilmir? Çünki Azərbaycan müsəlman dövlətidir.
Kürdlər referendum keçirdilər. Bunun nəyi pisdir? Xalq "hə” desəydi də, "Yox” desəydi də, münasibətim elə olacaqdı. Çünki bu silah gücünə olmadı. Demokratik sivil yolla olan hər bir seçkini dəstəkləyirəm. Bunu alqışlamaq lazımdır.
Siyasətçilər dedi ki, ay camaat, biz belə bir seçki keçirmək istəyirik. Camaatda seçkiyə getdi. İraq özü zəif dövlət deyil. Orada 28 milyon ərəb var. Həmçinin, Türkiyə də hegemon bir dövlətdir.
Bütün dünyanın danışdığını mən Azərbaycanda danışıramsa, niyə mənə belə təzyiq olmalıdır? Çünki mən kürdəm. Mən nəyəsə görə kürdlüyümü, soyumu, kökümü inkar etməliyəm?
Mən Qarabağda döyüşmüş hərbiçiyəm. Nəyə görə bu barədə indiyədək danışmırdılar? İndi bunu bu qədər şişirtmək düzgün deyil. Mən açıq fikirli demokratik insanam. Mən şəkər, təzyiq, beyininə qan sızmış insanam. Hazırda Bakıda müalicə alıram.
Mətbuat Milli Təhlükəsizlik Xidmətidir? Dövlətin güc orqanıdır? Nədir bu? Sadəcə, söz yığınağıdır. Mən qorxmadam çəkinmədən Kürdüstanın bayrağını qaldıraram başımın üstünə. Bu, bayraq mənim fəxrimdir. Necə ki, mən Azərbaycanı sevirəm, Azərbaycanın bayrağını dalğalandırır, vətən üçün ölümə gedirəmsə, bir kürd üçün də gedərəm. Dünyanın bu başından, o başına kimi yaşayan kürdlərin uğuru uğrum, kədəri kədərimdir. Necə Azərbaycanı sevirəmsə, kürdlüyümü də sevirəm.
Hansı dövlət orqanı mənim mövqeyimi araşdırmaq üçün çağırsa, ora da gedəcəm. Kimin nəyinə lazımdır mənim mövqeyim? Azəbaycanın daxili işi olmayan məsələdə kimsə məni niyə günahlandırmalıdır?
-İcra başçısı bu çıxışınıza görə sizə hər hansısa bir tapşırıq veribmi?
-Qardaş, mən Bakıda xəstəxanada yatıram, müalicə olunuram. İcra başçısının işi gücü yoxdur ki, mənim yastığımın dibində oturub, mənə xüsusi qərar verəcək? Bizim icra başçımız hüquqşunasıdır. Özü də sahəsin gözəl bilir. Söz azadlığı var. Özünüz də ölçüb-biçin. Yenə də deyirəm, mən kürdəm və kürdün kədəri kədərim, uğuru uğrumdur.
-Buna görə vəzifədən kənarlaşdırıla bilərsiz?
- Vəzifə mənim atamın-babanın verdiyi çörək deyil ki? Sağ olsun dövlətimiz, sağ olsun, rəhbərimiz. Bizə ehtimad göstərib orada işləyirik. 5 manat qazanıb balamıza aparırıq. Əgər etimadı doğrultmadımsa, o başqa məsələ. Heç nə deyə bilmərəm. Əgər çıxışmla bağlı məni işdən çıxarsalar, qərar verəcəm. İcra başçısı ölkə rəhbəri deyil ki? Bir rayon bütün Azərbaycanı təmsil edir? Başçının işi gücü Fizulidir? Başçı mənə o vaxt nöqsan tutar ki, işimdə problem olsun.
Mən ehtiyatda olan zabitəm. Əgər məni çıxışıma görə, mövqeyimə görə çıxarsalar, əhsən deyərəm. Fəxr edərəm ki, kürdlüyümə görə məni işdən çıxardılar. Gedərəm pasportu da, hərbi biletimi də xidmətdə olduğum fəxri fərmanları da yandıraram. Ölkəni tərk edərəm. Bilərəm ki, burada kürdün yeri yoxdur.
Kim nə istəyir yazsın. Necə deyirəm, o cür də yaz. Mən kürdəm. O kürd ki, Azərbaycanının daxili işinə qarışmır, kənarda gedib öz torpağında, yurdunda demokratik şəkildə nə iş görürsə, mən onu dəstəkləyirəm. Əgər bir kürd gedib Ermənistanda, Dağlıq Qarabağda yaşayırsa, ona şərəfsiz deyərəm.