Bayrağı həyatından üstün tutan unudulmuş QƏHRƏMAN..... FOTO

9-11-2017, 14:11           
Bayrağı həyatından üstün tutan unudulmuş QƏHRƏMAN..... FOTO
Natiq Səlimovun bayraq sevdası onu unudulmaz edib.

Azərbaycan tarixində xüsusi yeri olan "Bayraq günü"ndə bayraq uğrunda həyatlarını fəda edən yüzlərlə aydınımızı, canından keçən minlərlə şəhidimizi rəhmətlə anırıq. Şücaətləri barədə dildən-dilə dastan olanlarla bərabər, təəssüf ki, qəhrəmanlıqları barədə az danışılanları da var. Məhz bu gündə Birinci Qarabağ Müharibəsi zamanı əsir düşən Natiq Qasımovu tanımayanlara tanıtmaq istəyirəm. O Natiqi ki, silahının patronu qurtardığından köməksiz vəziyyətdə tərksilah edilərək düşmən tərəfə əsir düşüb. Amma necə? -Əlində Azərbaycan bayrağını dalğalandıraraq!

Natiq Qasımov kim idi?


Əslən Gədəbəy rayonundan olan Natiq, Qarabağ savaşına könüllü yollananda 20 yaşında olub. «Qarabağ şahinləri» batalyonunun tərkibində döyüşlərdə iştirak edib. 1992-ci ilin mart ayının əvvəllərində «Qarabağ şahinləri» batalyonundan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı strateji əhəmiyyəti olan bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir. Döyüşdə komandir və bir neçə hərbçi həlak olur. Arxadan kömək gözləsələr də, kömək gəlmir. Ermənilərin iki gün yüksəkliyi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır. Bütün yoldaşları həlak olan Natiq, son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirir. O, üzərində bayrağımız sancılmış kilsədə beş gün ac-susuz qalır. Əsir düşən 22 nəfər Xocalı sakininin öldürüləcəyi ilə təhdid edilən Natiq, təklifi ona çatdırana "Komandirimə söz vermişəm. Bayrağı və postu qoyub gedə bilmərəm” deyir. Günlərlə davam edən mübarizədən sonra Natiqin avtomatının patronu da qurtarır. Lakin aclıqdan taqəti tükənən qəhrəman təslim olmaq niyyətində olmur. Natiq erməni hərbçilərinə əsir düşür. O, əlində üçrəngli bayrağımız erməni yaraqlılarının arasında irəliləyərkən orada olan xarici jurnalistlər sözügedən məşhur fotonu çəkirlər. Sonralar həmin şəkil «Oqonyok» jurnalında dərc edilir. O vaxtdan Natiq Səlimovdan heç bir soraq gəlmir...

Ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı var. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, erməni tərəfi bu günədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.

Mingəçevirdəki Şəhidlər Xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında onun da adı var.
AzNews.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.