Bəzən mərkəzi və yerli icra hakimiyyətləri sahibkarları dinləmədən əsassız qərarlar qəbul edir - Prezident yanında Apellyasiya Şurası
22-01-2018, 14:00
Prezident yanında Apellyasiya Şurasına göndərilən şikayətlər, baxılan işlərin təhlili göstərir ki, sahibkarların hüquqlarının pozulması halları 2017-ci ildə ilində xeyli azalsa da, hələ də tam aradan qaldırılmayıb.
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyev bildirib.
E. Nuriyev qeyd edib ki, bəzən mərkəzi və yerli icra hakimiyyətləri, onların Apellyasiya şuraları müraciətlərə baxarkən sahibkarların özlərini dinləmədən, şikayətin bütün hallarını tam, hərtərəfli araşdırmadan, toplanmış sənədlərə düzgün hüquqi qiymət vermədən əsassız qərarlar qəbul edirlər: “Sahibkarların müraciətlərinin həllinə belə münasibət son nəticədə iqtisadi inkişafa mənfi təsir göstərir, qanun pozuntularına, haqlı narazılıqlara gətirib çıxarır, şikayətlərin sayının artması, əlavə iş yükünün yaranması ilə nəticələnir. İş adamlarının şikayətləri düzgün araşdırılmadığına görə hesabat ilində mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının doqquz qərarı ləğv edilib, bir halda Şuranın hərəkətsizliyi qanunsuz sayılıb. Qeyd edilən hallara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, nöqsan və çatışmazlıqların aradan qaldırılması, profilaktik tədbirlərin tətbiqi dairəsinin genişləndirilməsi, şikayətlərin vaxtında və hərtərəfli araşdırılması, sahibkarların haqlı tələblərinin təmin olunması məqsədilə bütün mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarına zəruri tapşırıqlar verilib”.