Apple, Avropa İttifaqının 500 milyon avroluq cəriməsinə etiraz etdi
Bu gün, 00:10

Apple Inc. Avropa İttifaqı Komissiyasının şirkətə qarşı tətbiq etdiyi 500 milyon avroluq cəriməyə qarşı hüquqi mübarizəyə başlayıb.
Şirkət bu cəzanı “misli görünməmiş” və qanuni çərçivədən kənar hesab edir.
Apple tərəfindən yayılan açıqlamada vurğulanıb: “Biz inanıraq ki, Komissiyanın qərarı və bu qeyri-adi cərimə qanunun tələb etdiklərindən çox uzağa gedir. Buna görə də bu gün rəsmi etirazımızı təqdim etdik”.
Şirkət, Komissiyanın AppStore-un necə idarə olunmalı olduğu ilə bağlı verdiyi göstərişlərin proqram tərtibatçıları üçün əlavə çətinliklər yaratdığını və istifadəçilər üçün mənfi nəticələr doğurduğunu bildirib.
Apple, gündəlik maliyyə sanksiyalarından yayınmaq üçün qərarın bəzi tələblərini yerinə yetirdiyini, lakin məsələni hüquqi müstəviyə daşımaq qərarı verdiyini qeyd edib.
Xatırladaq ki, Avropa Komissiyası bu ilin aprel ayında AppStore-un tətbiq etdiyi texniki və kommersiya məhdudiyyətlərinə görə Apple-a qarşı cərimə sanksiyası tətbiq etmişdi. Cəriməyə səbəb, proqram tərtibatçılarının AppStore-dan kənar alternativ yayım kanallarından istifadə imkanlarının məhdudlaşdırılması olub.
Komissiya, həmçinin Apple-a yönləndirmə məhdudiyyətlərini aradan qaldırmaq əmrini də vermişdi. Bunun fonunda Apple iyun ayında qaydaları dəyişdirərək bəzi texniki və kommersiya məhdudiyyətlərini ləğv etmişdi.