OĞUZDA ERMƏNİ VƏHŞİLİKLƏRİNİN İZLƏRİ
Bu gün, 08:54

(və ya "harda erməni varsa, orda vay var")
Rusiyada baş vermiş bolşevik çevrilişindən sonra Cənubi Qafqazın müxtəlif yerlərində müsəlman əhaliyə qarşı törədilən erməni vəhşiliklərinin əks-sədası Nuxaya da gəlib çatır, burada onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirirdi. 1918-ci ilin fevralında «Şəki erməni batalyonu» adlı cəza dəstəsinin bölgəyə gəlməsi isə vəziyyəti daha da ağırlaşdırmışdı. Komandiri latış İvan Bredis olan “Şəki erməni batalyonu”nun qərargahı Ərəş qəzasının Qayabaşı kəndində (indi Şəki rayonu ərazisindədir) yerləşdirilmişdi. Onlar dörd alay, qeyri-sıravi alay və pulemyot komandası ilə Nuxa və Ərəş qəzalarının dağlıq erməni kəndlərini nəzarət götürmüşdülər. Onu da qeyd edək ki, keçmiş Vartaşenin – hazırkı Oğuzun ərazisi 1930-cu ilə kimi Nuxa qəzasının bir nahiyəsi olub.
Bu yazıda erməni quldurlarının yerli azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri qəzanın Vartaşen (indiki Oğuz) nahiyəsi üzrə araşdırmağa çalışmışıq.
Tarix üzrə fəlsəfə doktoru, tədqiqatçı K.İsmayılovun “Nuxa qəzası Cümhuriyyətin yaranması ərəfəsində: bölgədə erməni fitnəkarlığının iflasa uğraması” adlı məqaləsində (AMEA-nın Tarix İnstitutu, Elmi əsərlər-2016, cild 60, səh:96-114) oxuyuruq ki, erməni alayının qəzaya gəlməsi Vartaşenin də yerli ermənilərini xeyli ruhlandırmış, onların azərbaycanlılara münasibəti açıq-aşkar fitnəkar xarakter almağa başlamışdı. Qəzaya gələn hərbi qüvvə sayəsində üstünlüyü ələ alan erməni quldur dəstələri yerli azərbaycanlılara qarşı kütləvi vəhşiliklər həyata keçirməyə başlamışdılar. Bu işdə erməni şuralarından gələrək burada anti-müsəlman təbliğatı aparan emissarların da güclü təsiri olmuşdur. Vartaşen nahiyəsinin kəndlərdəki kilsələrin keşişləri də öz moizələrində açıq-aşkar şəkildə dindaşlarını müsəlmanları qırmağa təhrik edirdilər. (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f. 277, s. 1, iş 16 )
Vartaşen ərazisində hay quldur dəstələrinin cəmləşdiyi əsas yerlər isə Calud, Vartaşen, Söyüdlü, Xoşkaşen, Qozlu, Axpiləkənd, Covlan, Cucamış, Otmanlı və Yaqublu kəndləri idi. Bu kəndlərdə yuva salmış erməni silahlı dəstələri də “Şəki erməni batalyonu”nun və onun Vartaşendəki qarnizonunun törətdiyi cinayətlərə dəstək verirdilər. Məsələn, AXC-nin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK-nın) üzvü Ç.B.Klossovskinin ermənilərin vəhşilikləri haqqında məruzəsindən bəlli olur ki, indiki Qəbələnin Kürd kəndində türk qoşunlarının Azərbaycana gəlişindən təqribən 20 gün əvvəl törədilmiş cinayətdə - çoxu qadın və uşaq olan 68 kənd sakininin ağlasığmaz vəhşiliklə qətlə yetirilməsində erməni əsgərləri və digər kəndlərin erməni sakinləri ilə yanaşı, Xoşkaşen və Böyük Söyüdlü kəndlərinin silahlı erməniləri də iştirak etmişdilər. Ermənilər Yaqublu kəndində də 28 nəfər kənd sakini öldürlmüş, əhaliyə 6 milyon manat zərər vurmuşlar. (https://www.anl.az/down/meqale/adalet/2018/mart/583447)
Həqiqət naminə onu da qeyd edək ki, bu hadisələrdə xristianlığın qriqorian təriqətini qəbul etmiş və erməniləşmiş udilər də iştirak edirdilər. (Nədənsə çox zaman biz bunu qeyd etməyə çəkinirik, halbuki bu faktdır. Ermənilərin milli qəhrəmanına çevrilmiş udi əsilli M.Silikovu (Silikyanı) xatırlayın!). Udulər “Şəki erməni batalyonu”nun gəlişini də sevinclə, duz-çörəklə qarşılamışdılar. (AMEA-nın Tarix İnstitutu, Elmi əsərlər-2016, cild 60, səh:98).
Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı FTK-nın üzvü N.Mixaylovun məruzəsində göstərilir ki, Qayabaşıdakı qərargahın Vartaşen kəndində bütöv bir qarnizonu (II alayı) olub. 1918-ci ilin fevral ayında həmin qarnizonun zabitlərindən Qabriel Rubenoviç Ter Qriqoryants (o, 1918-ci ilin mart-iyul aylarında həm də Vartaşen qarnizonunun rəisi vəzifəsini tutmuşdu, mənbələrdə üzdəniraq S.Şaumyanın qohumu olduğu da göstərilir) adlı bir daşnak baş qaldırmışdı. Qayabaşıdakı baş qərargahla sıx əlaqə saxlayan Ter Qriqoryants Nuxa və Ərəş qəzalarının erməni milli şuralarının üzvü, sonralar sədri olmuş, özünü hər iki qəzanın komissarı elan etmişdi. Bu quldur ermənilər yaşayan Vartaşen, Calud, Yaqublu, Söyüdlü, Xoşkaşen, yaxınlıqda – Qutqaşın (indiki Qəbələ) rayonundakı Nic və başqa kəndləri gəzərək onları silahlanmağa və alaylar təşkil etməyə çağırırdı. O, öz dəstəsi ilə müsəlman kəndlərinin əhalisinə hücum çəkir, qətl və qarətlər törədirdi. Ter Qriqoryants qısa müddətdə 20 müsəlman kəndini viran qoymuşdu. AXC yarandıqdan sonra da o, bölgədə hökumətlə əlaqəni kəsmək, özü başda olmaqla erməni çoxluğundan ibarət hökumət yaratmağa çalışırdı.
1918-ci ildə Batum müqaviləsinə əsasən köməyə gəlmiş türk hərbi qüvvələri yerli qüvvələrlə birlikdə (yerli qüvvələrə Miralay Süleymanov komandanlıq edirdi) iki gün müddətində Qayabaşıdakı terror yuvasına çevrilmiş erməni qərargahını ləğv edərək, 1918-ci ilin iyul ayının altısında oradan “8 vers” şimal-şərqdə yerləşən Yaqublu kəndini də erməni daşnaklarından təmizləmişdi. Ermənilərdən müsəlmanları qətl etmək üçün istifadə etdikləri yüzlərlə müxtəlif növlü odlu silahlar–pulemyot, tüfəng, tapança, bomba, çoxlu sayda patron və başqa soyuq silahlar toplanmışdı. Yaqubludakı (eləcədə Qayabaşıdakı) silahlı ermənilər Söyüdlü kəndinə geri çəkilmiş, oradan isə ayrı-ayrı kiçik dəstələrə bölünərək müxtəlif erməni kəndlərində, eləcə də qaçqın adı ilə Vartaşendə, Calutda və qonşu rayondakı Nic kəndində gizlənmişdilər.
Tarix üzrə fəlsəfə doktoru K.İsmayılovun yuxarıda adı çəkilən məqaləsində o da göstərilir ki, “ermənilərin hücumları üçün ümumi bir qanunauyğunluq səciyyəvi idi: onlar adətən səhər tezdən, müsəlmanlar yuxuda olarkən hücuma keçir, kəndləri əhatəyə almağa çalışır, bu zaman təkcə tüfənglərdən deyil, pulemyotlardan istifadə edirdilər. Əksər hallarda müsəlmanlar qeyri-mütəşəkkil və silahsız olduqlarından bütün əmlaklarını taleyin ümidinə buraxır, öz yurd-yuvalarını tərk edərək qaçmağa məcbur olurdular... Ermənilər hücum etdikləri kəndlərdə hər şeyi dağıdır, tut ağaclarını, meyvə bağlarını doğrayıb məhv edirdilər. Lakin əhaliyə ən çox iqtisadi ziyan ermənilərin kütləvi şəkildə mal-qaranı oğurlayıb aparmalarından dəymişdi. Ermənilər təqib olunduqları zaman oğurladıqları mal-qaranı tələf etməyə çalışır, bununla da müsəlmanların təsərrüfat və iqtisadi həyatını dağıtmaq məqsədi güdürdülər...”.
Vartaşen nahiyəsinin Vardanlı (indiki Kərimli) kəndinin 1898-ci il təvəllüdlü sakini Qurban kişi söyləyirmiş ki, Calud kəndində ermənilərin müsəlman əhaliyə ağılasığmaz işgəncələr verdiyinin canlı şahidi olmuşdur. O, deyirmiş ki, ermənilər körpə uşaqları diri-diri çəpərlərin payasına keçirmiş, hamilə qadınların qarnını yarıb, körpələri çıxarıb məhv etmişlər. Əliyalın əhali silahlı kafirlərin qarşısında dayana bilməyib dağlara çəkilmişlər. (https://anl.az/el/y/Azf-265975.pdf)
Ermənilərlə, onların rəhbərləri ilə aparılan söhbətlər, qaçqınların yerləşdirilməsi və kəndlərin qarşılıqlı dəyişdirilməsi barədə edilmiş təkliflər, köməkliklər, güzəştlər və xəbərdarlıqlar da heç bir nəticə vermirdi. Erməni mənbələrində də (“Proqrammı armyan v Bakinskoy i Elizavetpolskoy qubernie” sənədlər və materiallar məcmuəsi) qeyd olunduğu kimi, 3 may 1918-ci il tarixdə Padar kəndində (Belə bir görüş hər iki millətin nümayəndələrinin iştirakı ilə Vartaşen kəndində də keçirilmişdi.) Zaqafqaziya müftisi Mustafa Əfəndizadənin; Nuxa və Ərəş qəzalarının rəhbər şəxslərinin, 32 kəndin rəsmi nümayəndələrinin (müsəlman və ermənilərin) iştirakı ilə keçirilmiş geniş sülh konfransında kəndlərin qarşılıqlı dəyişdirilməsi, ədavətə son qoyulması və dinc-yanaşı yaşamaq barədə razılıq əldə olunsa da, sonralar erməni daşnakları tərəfindən bu razılaşmalar pozulmuşdu. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın qaçqın düşmüş ermənilərin ərazidəki müxtəlif kəndlərə, o cümlədən Yaqubluya yerləşdirilməsi təklifi də erməniləri qane etməmiş, onlar öz murdar əməllərini davam etdirmişdilər.
Özünü Nuxa və Ərəş qəzalarının komissarı elan etmiş Ter Qriqoryants da baş verən erməni vəhşiliklərini dana bilmir, məcburiyyət qarşısında qalıb, ermənilər tərəfindən müsəlmanlara qarşı müxtəlif quldurluq hərəkətlərinin baş verdiyini təsdiq edirdi. (https://anl.az/el/kitab2022/06/cd/Azf-322964.pdf).
Onu da qeyd edək ki, ermənilər ancaq azərbaycanlılara qarşı deyil, həm də rayon ərazisində yaşayan yəhudilərə və ləzgilərə qarşı da qətl və qarət törədirdilər. Ona görə də həmin dövrdə rayon ərazisində yaşayan yəhudilərin çoxu Gəncəyə, Tiflisə və Bakıya köç etmişdilər. Ermənilər indiki Qəbələnin Savalan kəndi yaxınlığında 7 nəfər ləzgini vəhşicəsinə qətlə yetirmişdilər. Bu cinayətdə yenə Böyük Söyüdlü və Xoşkaşen kəndlərindəki silahlı ermənilərinin iştirakı istisna olunmur.
1918-ci ilin iyun ayının əvvəllərində Nuxa-Ərəş qəzasının Vartaşen (Oğuz) nahiyəsinin Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazqışlaq və digər kəndlərinin quldur erməni silahlı dəstələrinin (Böyük Söyüdlü, Yaqublu, Calud, Vartaşen, Nic kəndlərindəki erməni silahlıları dəstələrinin) hücumlarına məruz qalmış dinc sakinləri Məmməd Kərim meşəsinə və Sincan çayının yatağı boyunca quzeyə doğru yol gedərək 10-15 km. aralıdakı Xaçmaz meşələrinə sığınmışdılar. Onların köməyinə Qafqaz İslam Ordusu çatmışdır. (https://modern.az/medeniyyet/450450/ oghuz-rayonunda-muqeddes-turk-shehidliyi/).
Oğuz bölgəsində bu ordunun bölməsinə Abdulla Paşa rəhbərlik edirdi. O, öz toplarını Yaqublu kəndinin cənubundakı (Sarıca) təpələrin üstündə quraraq, Oğuz nahiyəsinin Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazdışlaq və başqa kəndlərin ətrafındakı erməni mövqelərini atəşə tutmağa başlamışdı. Burada erməniləri susdurandan sonra o, Oğuzun Vardanlı və Padar kəndlərinə gəlmiş, bir müddət Padar kəndində Qərib Yüzbaşının evində qalmışdı.
Qafqaz İslam Ordusunun alayının bir bölüyü də (Əli Osman əfəndi və Tahir əfəndinin əsgər-zabit heyəti) Oğuz nahiyəsinin Sincan və Xaçmaz kəndlərində yerləşmişdi. Onların qərargahları məscid həyətlərində (Sincan kəndində Cümə məscidində və Xaçmaz kəndindəki Səməd bəy məscidində), düşərgələri isə kəndlərin ətrafında yerləşirdi. Sincan-Xaçmaz cəbhə xəttində gedən döyüşlərdə ağır yaralanan və vəfat edən Tahir əfəndi vəsiyyətinə görə, Sincan kəndinin orta məhəlləsindən keçən yolun üstündəki köhnə qəbiristanlıqda torpağa tapşırılıb.
Qafqaz İslam Ordusunun və yerli dəstələrin sayəsində nahiyənin Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazqışlaq və digər kəndlərinin sakinləri erməni soyqırımından xilas ola bilmişdilər.
Erməni silahlı dəstələri Qafqaz İslam Ordusuna yardım edən hər kəsi ağır cəzalandırır və ya öldürürdülər. Hələ də Padar kəndinin sakinlərinin dilində dolaşan bir rəvayətdə deyilir ki, Azərbaycan Cümhuriyyəti Məclisi-məbusanının (parlamentinin) üzvü, görkəmli ictimai xadim, Qərib yüzbaşıya Bakıdan parlamentdən xəbər gəlir ki, türk əsgərlərini qarşılayıb yerləşdirsin. Yüzbaşı tapşırığa əməl edir, türk əsgərlərini qarşılayıb onları özünün tikdirdiyi məsciddə yerləşdirir. Hər birini yatacaqla, yeməklə təmin edir. Əsgərlər Padarın və qonşu kəndlərin əhalisini erməni silahlılarından qoruyurdular. Türk əsgərlərinə göstərdiyi diqqət və qayğıya görə qəzəblənən ermənilər Qərib yüzbaşını oğurlamaq üçün tələ qurur və gecə onun yaşadığı evə basqın edirlər. Türk əsgərlərlə, yerli müdafiə dəstəsinin üzvləri ilə basqın edən silahlı ermənilər arasında qanlı savaş olur. Hazırda kəndin “Erməni çökəyi” adlanan yerində türk əsgərləri ermənilərin hamısını məhv edirlər. Hadisə yerinə gələn Qərib yüzbaşı əsgərlərə tapşırır ki, ermənilərin üstünü torpaqla örtüb dəfn etsinlər. (Y.Rzayev: “Oğuz və Qəbələ folkloru”, Bakı-2023, səh:67)
1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalma materiallarında həmin dövrdə erməni fitnə-fəsadları nəticəsində Vartaşen nahiyəsinin ərazisində olan 9 kəndin - Axpilakənd, Salabəyli, Cucamış, Məclis, Qozlu, Zərrab, Top, Yenikənd, o cümlədən Yaqublunun dağıdılıb viran qoyulduğu qeyd edilmişdi.
Qafqaz İslam Ordusunun və yerli milli qüvvələrin sayəsində ermənilərin hərbi qərargahları və silahlı dəstələri məhv edilsə də, onların soyqırım törətməklərinin qarşısı alınsa da, rayon ərazisində yaşamağa davam etmişlər. 1970-ci il üçün Azərbaycanın şimal-qərbinin 6 rayonunda ermənilərin sayını müqayisə etsək, görərik ki, onlar əsasən Vartaşen rayonunda yaşayıblar.
Lakin ermənilər heç vaxt müsəlmanlara qarşı kin-küdurətlərindən əl çəkməmişdilər. Heç yadımdan çıxmaz. 1986-ci il sentyabr ayının (dəqiq günü yadımda qalmayıb) sonları idi. Rayonun Calud kəndində yaşayan, bütün rayonda Kolya kimi tanınan bir erməni bizi evinə qonaq çağırmışdı. Başqa bir yoldaşla onlara getdik. Təzəcə stol ətrafında əyləşmişdik ki, içəri çox yaşlı, əlində əsa olan qoca bir kişi girdi. O, salamsız-kəlamsız üzünü Kolyaya tutaraq ermənicə bir neçə cümlə deyib, otağı tərk etdi. Geri qayıdanda yanımdakı yoldaş soruşdu ki, sən qocanın nə dediyini başa düşdün? (Sən demə o, azdan-çoxdan ermənicə bilirmiş). Qoca Kolyaya deyirmiş ki, bir də bu türkləri bizə gətirmə, onları görmək istəmirəm. Beləliklə, bu, bizim Kolyagilə birinci və sonuncu gedişimiz oldu. Onların kin-küdurətlərindən o qədər çəkmişik ki, saymaqla bitməz. (Hikkələrindən hətta 2020-ci ildə ölkəmiz üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atmışdılar. (https://525.az/?name =xeber&news_id=153173)
1930-1988-ci illərə kimi rayonda yüksək vəzifə tutan ermənilər də az olmayıb. Amma onlar həmişə burada yaşayan öz soydaşlarının mənafeyini üstün tutmuşlar. Məsələn, rayonun hərbi komissarı olan Osipov soyadlı biri hər vasitə ilə hərbi məktəblərə erməni gənclərinin (azərbaycanlıların rus dilini yaxşı bilmədiklərini bəhanə gətirməklə) göndərilməsinə cəhd edirdi. “Ovçular mağazası” deyilən mağazada işləyən Jora adlı bir başqa daşnak ovçu silah-sursatlarını müxtəlif bəhanələrlə azərbaycanlılara yox, ermənilərə satırdı. Mən hələ rayonun keçmiş “milis” şöbəsində “pasportstol” olan erməni Atakişiyevin udi soyadlarına –yan artıraraq onları erməniləşdirməsindən, rayon xəstəxanasındakı axçiklərin yeni doğulan müsəlman körpələri qəsdən virusa yoluxdurmalarından danışmıram. Rayon Maliyyə İdarəsinin müdiri Rita, tədarük kontorunun müdiri Xaçanyan, kommunal müəssisələri idarəsinin müdiri Xanadyan və digərləri də belə əməllərin sahibi idilər.
Vartaşen (Oğuz) rayonunda yaşayan ermənilər XX əsrin 90-cı illərin sonunda və baş vermiş Qarabağ müharibəsi zamanı rayonda yenə millətçi çıxışlar etməyə, kin-küdurətlərini açıq-aşkar nümayiş etdirməyə başlamışdılar. Hətta gizli şəkildə erməni terror təşkilatları üçün maliyyə vəsaiti toplamaları da söylənilir. Lakin bu dəfə əhalinin sərt mövqeyi ilə rastlaşdıqları üçün onların əksəriyyəti, Azərbaycanın digər bölgələrində olduğu kimi, Oğuz rayonundan da köçüb getmişlər.
Lakin gedəndən sonra bu dəfə də özlərinin üzdəniraq saytlarında rayon ərazisindəki bir sıra toponimləri “soyqırımına” məruz qoymaqda davam edirlər. Məsələn, Vardan adından yaranmış “Vartaşen” toponiminin erməni mənşəli olmasını və buraların qədim erməni yaşayış məntəqəsi olduğunu iddia edirlər. Bu bədbəxtlər bilmirlər ki, digər adlar (Artavaz, Vasak, Samuel, Manvel, Amayak, Vaqan, Vard, Vaçe...) kimi Vardan adı da Çin Türküstanından gələrək III əsrdən Ermənistanda (həmçinin Gürcüstanda) yaşamağa başlamış, azərbaycanlılarının etnogenezində böyük rol oynamış (professor Q.Qeybullayev “Qədim türklər və Ermənistan” (Azərnəşir, Bakı-1992, səh:91-93), sonralar bütün Albaniyaya yayılmış (M.İrəvanlı: “Erməni xisləti” adlı məqalə (“Hürrüyyət” qəzeti, 26 oktyabr 2021-ci il) Çin adlı qədim türkdilli və türkəsilli tayfaya mənsubdur.
Vartaşen toponiminin tərkibindəki “şen”ə istinadən onun erməni sözü olması haqqında deyilənlər isə tamamilə cəfəngiyatdır. “Şen” sözü türk əsilli xristian qıpçaqlardan ermənihay dilinə keçmiş və erməniləşdirilmişdir. (A.Qarabağlı: “Qarabağ, onun qədim tayfaları və toponimləri” əsəri, “Mütərcim”, Bakı-2008, səh:62)
Tədqiqatçı F.Rzayev özünün “Naxçıvan əhalisinin etnogenizi tarixindən m.ö. II-I minilliklər (Naxçıvan oykonimləri əsasında)" əsərində (II cild, səh: 129, Naxçıvan-2017.) haqlı olaraq yazır ki, “bu gün erməni dilində gen-bol işlənən “şen” sözü (eləcə də qədim Vardan adı -İ.V.) qədim türk sözü olmaqla onların dilinə adlamış qar dənəsi - “qar kut”, “lavaş”, “dolma”, “soğan” kimi minlərlə sözlərimizdən biridir. Ermənilər həm dilimizi, həm tariximizi, məişət və inanclarımızı oğurlamaqdan bu gün də əl çəkmir, özlərini “qədim xalq” kimi tanıtmağa çalışır, oğurluqlarını davam etdirirlər”.
Niyyətlərində məkrlik olan, oğurluğa vərdiş etmiş erməni millətindən hər şey gözlənilir! Onların özləri haqda yaratdıqları aforizm də təsdiqləyir ki, “Varteğ hay, aynteğ vay” – "Harda erməni varsa, orda vay var".
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.