AZAL daha 20 ədəd “Boeing 747-8F” təyyarəsi almaq niyyətindədir
7-02-2018, 14:23
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov Bakıda səfərdə olan “Cargolux” yük aviaşirkətinin prezidenti və icraçı direktoru Riçard Forsonla görüşüb.
AZAL-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tərəflər görüşdə əsası 2001-ci ildə “Cargolux” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Hava Limanı və əks istiqamətdə müntəzəm reyslərin yerinə yetirməsi ilə qoyulan yük aviadaşımaları sahəsindəki 17 illik əməkdaşlıqdan razılığını bildiriblər. Aviaşirkətlər arasında əməkdaşlıq 2010-cu ildən 2014-cü ilə kimi “Cargolux” şirkətinin Azərbaycanın “Silk Way Airlines” aviaşirkətinə 3 ədəd “Boeing 747-400F” təyyarəsinin tədarük edilməsini nəzərdə tutan müqavilənin imzalanmasından sonra daha da möhkəmlənib. Hazırda hər iki aviaşirkət arasında əməkdaşlıq həmçinin “Boeing 747” təyyarələrinə texniki xidmət, bu təyyarənin simulyatorunda heyət hazırlığı və s. nəzərdə tutur.
Eyni zamanda C.Əsgərov “Boeing” şirkətinin “Boeing 747-8F” təyyarələrinin istehsalı proqramının bağlanması barədə potensial qərarından təəssüfləndiyini bildirib. Belə ki, Azərbaycanın mülki aviasiyası üçün yaxın 10 il ərzində 20 ədəd “Boeing 747-8F” təyyarəsinin alınmasına ehtiyac olacaq və bununla da əlaqədar C.Əsgərov bu tipli hava gəmisinin istehsalının davam etdirilməsi üçün "Boeing" Korporasiyasına müraciət etməyi təklif edib.
AZAL-ın prezidenti qonağa bildirib ki, onun dəvəti ilə yaxın həftələrdə “Boeing Commercial Airplanes”ın prezidenti və baş icraçı direktoru Kevin Makalister Bakıya işgüzar səfərə gələcək. C.Əsgərov R.Forsona görüşə qoşulmağı və geniş füzelyajlı yük laynerinin gələcəyini müzakirə etməyi təklif edib.
Qeyd edək ki, “Silk Way Airlines” Avropa, Asiya, Yaxın Şərq və Şimali Amerikada 20-dən çox istiqamətdə müntəzəm reyslər yerinə yetirir. Aviaşirkətin donanması “Boeing 747-8F” və “Boeing 747-400F” yük təyyarələrindən ibarətdir.