Azərbaycanda maliyyə amnistiyası niyə olmadı?

28-02-2018, 09:30           
Azərbaycanda maliyyə amnistiyası niyə olmadı?
Ekspert deyir ki, kənara çıxarılan pulların çox böyük hissəsi passiv formada saxlanılır

Azərbaycandan kənara maliyyə axını davam edir. 2014-cü ildən başlayan böhrandan sonra hökumətin tətbiq etdiyi müxtəlif tədbirlərə rəğmən, ölkədən kənara pul çıxarılmasının qarşısı tam olaraq alınmayıb. Bu vəsaitlərin bir qismi müxtəlif ölkələrdə biznesə, daşınmaz əmlaka yatırılır, bir qismi isə Avropa və ABŞ banklarında saxlanılır.

Ölkədən kənara maliyyə axını əksər hallarda qeyri-leqal formada baş verir. Bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidmətinin aşkarladığı bir qrupun ölkədən çıxardığı vəsaitin həcmi 80 milyon dollar təşkil edirdi. Digər tərəfdən, ölkədən kənara çıxarılan pullar hesabına xaricdə daşınmaz əmlak alanların sayı durmadan artır. Məsələn, qonşu Türkiyədən Azərbaycan vətəndaşları 2016-cı ildə 610, 2017-ci ildə isə 942 mənzil alıblar. Türkiyə Statistika İdarəsinin məlumatına görə, bu ilin yanvarında alınan mənzillərin sayı isə 65 olub. Müqayisə üçün bildirək ki, ötən ilin yanvarında azərbaycanlılar Türkiyədən 54 mənzil almışdılar.

Maliyyə axınlarının bir xəttini müxtəlif ölkələrə sərmayə qoyuluşları təşkil edir. Hansı ki, bunun da əksər hissəsi gizli yollarla, Azərbaycandakı əsl sahibin deyil, onun yaxın adamlarının vasitəsilə həyata keçirilir. Bu gün Şərqi Avropa, Mərkəzi Asiya, elə qonşu Gürcüstanda Azərbaycan kapitalı ilə qurulan yüzlərlə şirkət fəaliyyət göstərir.

Onu da qeyd edək ki, vəsaitlərin Azərbaycandan kənara axmasının qarşısının alınması üçün müxtəlif üsulların tətbiq olunması təklif olunur. Belə üsullardan biri maliyyə amnistiyasının tətbiqidir. Dəfələrlə gündəmə gətirilən bu üsuldan bir çox ölkələrdə istifadə olunmaqdadır. O cümlədən qonşu Rusiyada böhran başlandıqdan dərhal sonra elan olunmuş maliyyə amnistiyasının müddəti 2019-cu ilədək artırılıb.

Hazırda Azərbaycan iqtisadiyyatının ən böyük ehtiyacı maliyyə vəsaitlərinədir. Əksər xarici və yerli ekspertlər iqtisadiyyatın maliyyə ehtiyaclarının qarşılanması üçün əlavə mənbələrin tapılmasının son dərəcə zəruri olduğunu vurğulayırlar.


İqtisadçı-ekspert Rəşad Həsənova görə, maliyyə təminatı Azərbaycan iqtisadiyyatının ən zəif həlqələrindən biridir: “Əgər söhbət iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafından gedirsə, bu istiqamətdə ən mühüm çatışmazlıq maliyyə təminatı sahəsindədir. 2014-cü ildən bank sistemində başlayan resessiya bu problemi daha da dərinləşdirib. Azərbaycanda faktiki olaraq, alternativ maliyyə mənbələrindən istifadə təcrübəsi də çox zəifdir. Qiymətli kağızlar bazarı demək olar ki, inkişaf etməyib, vençur fondları yox səvviyyəsindədir, etimad fondları yoxdur. Belə bir şəraitdə mövcud resurslardan səmərəli istifadə etmək lazımdır”.

Ekspert deyir ki, 90-cı illərin əvvəllərindən etibarən Azərbaycanda kapital yığımı qeyri-bərabər formada baş verib: “Daha çox kapital oliqarxların əlində cəmləşdi. Və kapitalın cəmləşməsi prosesi illeqal formada oldu: burada qeyri-qanuni biznes, korrupsiya kimi elementlər mühüm rol oynadı. Bu isə son nəticədə qeyri-qanuni vəsaitlərin müəyyən qrupların əlində cəmləşməsinə gətirib çıxarıb. Belə bir şəraitdə belə qruplar vəsaitlərin böyük hissəsini xaricdə saxlayırlar. Səhəri gün onların buradakı illeqal fəaliyyətlərinə təhlükə yaranarsa, araşdırma predmeti olarsa, o vəsaitlərlə öz gələcəklərini sığortalamış olurlar. Bu vəziyyətdə həmin qrupların digər mənbələr hesabına gəlirlərinin çox olması o gəlirlərin iqtisadiyyata geri dönməsinin qarşısını almış olur”.

R.Həsənovun sözlərinə görə, maliyyə amnistiyası əslində strateji yol xəritələrində milli iqtisadiyyatın şaxələndirilməsi prinsipləri çərçivəsində də nəzərdə tutulub: “Maliyyə amnistiyası elan etməklə ölkədə bu günə qədər əldə olunmuş gəlirlərin leqallaşmasına şərait yaradılır, leqallaşmış gəlirlərin iqtisadiyyata axını genişlənir, bunun üçün hüquqi baza formalaşdırılır. Bundan başqa, ən əsası isə dövlət gəlirləri artır. Amnistiyanın ilkin mərhələsində vəsaitlərin leqallaşması üçün hüquqi baza formalaşdırılmalıdır ki, əksəriyyəti məmur olan gəlir sahibləri vəsaitlərini gətirə bilsinlər. Daha sonra həmin gəlirlərin iqtisadiyyatın müxtəlif sektorlarına yatırılması üçün təşviqedici mexanizmlər yaradılır. Düzdür, ölkədən kənara çıxarılan pulların böyük hissəsi, vətəndaşların cibindən oğurlanan pullardır. Lakin artıq olan olub, keçmişi araşdırmaq heç də həmişə uğurlu alınmır, xüsusilə çıxarılan vəsaitlərin geri qaytarılması baxımından. Bunun üçün ən yaxşı çıxış yolu amnistiyanın elan edilməsidir”.

Ekspert deyir ki, kənara çıxarılan pulların çox böyük hissəsi passiv formada saxlanılır: “Ya banklara qoyurlar - hansı ki, xarici banklarda faiz dərəcələri çox aşağıdır. Ya da ən yaxşı halda daşınmaz əmlaka yatırırlar ki, bu da ən passiv yatırım formasıdır. Xaricdə aktiv biznes fəaliyyəti ilə məşğul olub, vəsaitləri bu istiqamətə yatıranlar çox azdır. Azərbaycan iqtisadiyyatında mənfəət norması yüksəkdir, işlənməmiş sahələr çoxdur. Yəni buraya qoyulan vəsaitləri çox tezliklə geri götürmək mümkündür. O passiv vəsaitlərin ölkə iqtisadiyyatına cəlb olunmasının ən yaxşı üsulu isə maliyyə amnistiyasıdır. Çox təəssüflər olsun ki, bu məsələ hələ ki reallaşmır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.