Rusiya Xəzər uğrunda mübarizəni gücləndirir - nə etməliyik?
7-04-2018, 09:31
Elxan Şahinoğlu: “Hərbi donanmanın Azərbaycan sərhədində yerləşdirilməsi Moskvanın rəsmi Bakıya xoş olmayan jestidir”
Rusiya Xəzərdəki hərbi təlimlərinin miqyasını getdikcə genişləndirir. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Xəzər donanmasının Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürüləcəyini açıqlaması məsələni daha da ciddiləşdirib. Şimal qonşumuzun bu addımları hər bir Xəzəryani ölkə kimi Azərbaycanı da ciddi narahat edir.
Xüsusilə “Komsomolskaya Pravda” qəzetinə müsahibə verən ehtiyatda olan rusiyalı polkovnik Viktor Baranetsin Rusiyanın Azərbaycana istiqamətləndiyini dilə gətirməsi, bu bölgənin gələcəkdə baş tutacaq enerji resursları uğrunda mübarizənin əsas meydanlarından birinə çevriləcəyini deməsi, Rusiya Baş Qərargahının artıq bu planlara bələd olduğunu, ona görə də Azərbaycan sərhədlərində möhkəmləndiyini vurğulaması narahatçılığı artırıb.
Görünən odur ki, Kreml Qərb dünyasının bölgəyə təsirini tamam aradan qaldırmağın yolu kimi hərbi təlimləri görür. Artıq bir neçə gündür ki, Rusiyanın Cənub Hərbi Dairəsində fəaliyyət göstərən 62-ci ordusu təlimlər keçirir. Ekspertlər Amerika başda olmaqla, Qərb ölkələri tərəfindən ciddi təzyiqlərlə, hədələrlə üzləşən Rusiyanın təlaşının təsadüfi olmadığını qeyd edirlər. Xəzər donanmasının Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürüləcəyi təqdirdə Rusiyanın Xəzərin tamhüquqlu sahibinə çevriləcəyi deyilir. Xəzərdə marağı olan Amerikanın seyrçi qalmayacağı və sona qədər Rusiyanı buradan sıxışdırmaq cəhdləri edəcəyi şübhəsizdir. Belə bir durumda Azərbaycanın hansı siyasətə üstünlük verməsinin vacibliyi ilə bağlı mövqelər də müxtəliflik təşkil edir.
Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu mövcud durumdan narahatlığını gizlətmədi: “Günün əsas aktual sualı budur ki, Rusiya Xəzər donanmasını kimə qarşı gücləndirir və hərbi bazanı niyə Həştərxan şəhərindən Dağıstana köçürür? Rusiya Hərbi Dəniz Donanmasının keçmiş qərargah rəisi, admiral Viktor Kravçenko deyib ki, ”bizim Xəzərdə güclü yumruğumuz olacaq. Bütün qüvvələr bir yerdə cəmləşəcək və donanma hava şəraitindən asılı olmayacaq". Generalın sözləri başqa bir sualı da aktuallaşdırır: rusiyalı generalın dediyi bu yumruq kimə qarşıdır? Rusiya Xəzəri sülh hövzəsi adlandırıb. Rusiyadan başqa 4 Xəzəryanı ölkə var - İran, Türkmənistan, Qazaxıstan və Azərbaycan. Rusiyanın hər 4 dövlətlə tərəfdaşlıq münasibətləri var, yəni münasibətlərdə heç bir problem yoxdur. Digər tərəfdən, Xəzərə 5 dövlətdən başqa heç bir kənar dövlətin hərbi gəmisi gələ bilməz. Çünki Xəzər qapalı dənizdir, hətta qapalı göl adlandırırlar. Yəni əgər Rusiya Xəzərdə rəqib saydığı ABŞ və NATO-nun varlığından ehtiyat edirsə, bu, fiziki olaraq mümkün deyil. Rusiya 2015-ci ildə Suriyada İŞİD mövqelərini Xəzərdən “Kalibr” qanadlı raketləri ilə vurdu. Əslində Rusiyanın buna ehtiyacı yox idi, həmin terrorçuları onsuz da hərbi təyyarələrlə bombalayırdı.
Sadəcə, Rusiya həm Qərbə, həm də Xəzərsahili ölkələrə öz gücünü nümayiş etdirmək istəyirdi. Xəzəryani ölkələrdən heç biri Rusiyanın nədən dənizdəki hərbi gücünü artırmasıy ilə bağlı sual səsləndirmir. Görünür, Moskvanın sərt reaksiyasından ehtiyat edirlər. Ona görə də bu dövlətlər Rusiyanın Xəzərdəki hərbi qüdrətini artırmasına bundan sonra da etiraz etməyəcəklər. Beləliklə, Rusiya Xəzəri sülh hövzəsi elan etsə də, Xəzərdə hərbi potensialını artırır. Hərbi donanmanın Azərbaycan sərhədində yerləşdirilməsi də Moskvanın rəsmi Bakıya xoş olmayan jestidir. ABŞ-ın Xəzərdə hərbi varlığı olmasa da, Xəzərin təhlükəsizliyi ilə bağlı Bakı ilə sıx əməkdaşlıq edib və müxtəlif illərdə Azərbaycana Xəzərdə enerji infrastrukturlarının mühafizəsi üçün hərbi katerlər verib, sualtı xüsusi təyinatlı qüvvələr hazırlanmasında iştirak edib. Görünür, bu faktor da Rusiyanı narahat edib.
Ancaq ABŞ-ın Azərbaycana verdiyi kiçik tutumlu katerlər Rusiyaya heç bir təhlükə törətmir. Rusiyanın Xəzərdə hərbi dəniz donanmasını gücləndirməkdə bir başqa marağı da var. Rusiya Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə boru xəttinin çəkilməsinin əleyhinədir. Bu mövzu ilə bağlı danışıqlar son illər intensivləşib. Türkiyə və Avropa İttifaqı Xəzər dənizinin dibi ilə boru xəttinin çəkilməsini istəyirlər. Moskva bundan narahatdır. Xəzərdə və Azərbaycana yaxın ərazidə hərbi dəniz donanmasının gücləndirilməsi həmin boru xəttinin çəkilməsinə də əngəldir. Rusiya Azərbaycana xoş olmayan daha bir addım atıb. Rusiyanın Ermənistana verdiyi İsgəndər raketləri Ermənistan-Azərbaycan sərhədində yerləşdirilib. Həmin raketlərin Dağlıq Qarabağda yerləşdirilməyəcəyinə heç bir zəmanət yoxdur".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”