Qarabağ döyüşçüləri İŞİD-ə qoşulub – ŞOK FAKTLAR

12-10-2015, 21:12           
Qarabağ döyüşçüləri İŞİD-ə qoşulub – ŞOK FAKTLAR
Xəbər verdiyimiz kimi, bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi anti-terror əməliyyatı nəticəsində Suriya və İraqda döyüşlərdə iştirak etmiş 5 Azərbaycan vətəndaşı tutulub.

MTN-nin rəsmi açıqlamasında bildirilib ki, həbs edilən İŞİD-çilər Heydərov Zaur Naib oğlu, Əzizov Elbrus Nurməmməd oğlu, Talıbov Vaqif Musa oğlu, Ağcabəyov Rufan Şərəfəddin oğlu və İsmayılov Elşən Aydın oğludur.

Məhkəmənin qərarı ilə həmin şəxslərin barəsində həbs-qətimkan tədbirləri seçilib. Müəyyən edilib ki, Zaur Heydərov, Elbrus Əzizov, Vaqif Talıbov, Rufan Ağcabəyov və Elşən İsmayılov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

AzVision.az həbs edilən İŞİD-çi azərbaycanlılarla bağlı yeni ilginc məlumatlar əldə edib.

Xudat rayon sakini, İŞİD-çi olduğuna görə həbs edilən Vaqif Talıbov Qarabağ müharibəsi veteranıdır. O, Qarabağda gedən döyüşlərdə iştirak edərək əlil olub.

“Vaqif Talıbov Qarabağda döyüşüb. Ayağının biri protezi idi. Buna görə, dövlət ona ev, maşın verib. Rayonda hamı onu sakit insan kimi tanıyırdı. İŞİD-ə qoşulmasından xəbərimiz olmayıb. Həbs ediləndən sonra bilmişik ki, Vaqif Suriyaya gedib.

Ümumiyyətlə, onların ailəsi çox qəlizdir. Bilmək olmur kim nə edir. Ağıllarına gələn bütün hərəkətləri qorxmadan, çəkinmədən edirlər. Vaqif ailəli idi, iki qızı var. Uşaqları hazırda məktəbdə oxuyur. Vaqif dövlətin ona etdiyi yardımı heçə sayaraq, Suriyaya getdi”-deyə İŞİD-çinin qohumları bildirib.

Yaxınlarının dediyinə görə, V.Talıbov dövlətin göstərdiyi köməyə baxmayaraq, hər şeydən narazı idi: “Dövlət onun üçün ikimərtəbli ev tikib verib. O, yenə də narazı idi. Dövlət onun evinə qaz xəttinə kimi çəkdirib. Evinin qarşısına yol salınıb. Yenə də o heç nə ilə razılaşmırdı. İndi də cəzasını çəkir. Vaqif çox qəliz adamdır. Hamı ondan uzaq gəzirdi”.

İŞİD-ə qoşularaq Suriyada döyüşlərdə iştirak edən Rufan Ağcabəyov da Qarabağ veteranıdır. Qohumlarının sözlərinə görə, əkiz qardaş olan Rufan və Uraf Ağcabəyovların bir neçə dəfə ölüm xəbəri yayılıb.

“Onlar əvvəl Xudat şəhərinin mərkəzində yaşayıblar. Daha sonra Bakıya köçdülər. İki qardaşdırlar. Birinin adı Rufan, digərinin adı isə Urfandır. Qardaşlar Qarabağ müharibəsində iştirak etiblər. Rufan həmişə saqqal saxlayırdı. Biz elə bilirdik ki, Rufan Suriyada öldürülüb. O biri qardaş Urfanın Əfqanıstanda rəhmətə getdiyini eşitmişdik. Hər ikisi evli idi. İkisi də yaxşı insan idi. Dövlət onlar üçün hər bir köməkliyi edirdi.

Biz Rufanın həbs edilməsini televizordan eşitdik. Çox təəccübləndik. Biz elə bilirdik ki, o çoxdan ölüb”.

AzVision.az-ın araşdırması zamanı həmçinin məlum olub ki, Azərbaycanın hüquq-mühafizə orqanları Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov barəsində hələ bir neçə il əvvəl beynəlxalq axtarış elan edib.

İnterpolun saytında yerləşdirilən məlumata görə, U. Ağcabəyov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.