"MTN-də mənə dedilər ki, Səfər Əbiyevin üzünə dur" - Mehman Səlimov
23-10-2015, 13:15
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin veridyi məlumata görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.
Bugünkü prosesdə şahid qismində Müdafiə Nazirliyinin əsaslı tikinti və istismar şöbəsinin sabiq rəisi Firuz Cumayev və Atakişi Məcidov ifadə verdilər.
Prosesin sonunda isə Mehman Səlimov həbs olunmağının səbəbi kimi MTN-i günahlandırdı: “Mənim həbs olunmağıma Səfər Əbiyev işdən çıxarılandan sonra onun üzünə durmamağım səbəb olub. MTN-də mənə dedilər ki, Səfər Əbiyevin üzünə dursan, tutulmayacaqsan. Harada görünüb ki, adamı avansa görə həbs edələr? Bütün bunların hamısı MTN-in işi idi”.
Növbəti məhkəmə prosesi oktyabrın 30-na təyin edilib.
Qeyd edək ki, Mehman Səlimov ötən ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.
İttihama görə, 2006-cı ildən başlayaraq, M.Səlimovun sahibi olduğu MMC-də Müdafiə Nazirliyinin sifarişi əsasında aparılmış tikinti işlərində külli miqdarda mənimsəməyə yol verilib. Təqsirləndirilən şəxsə qarşı qanunsuz sahibkarlıq, mənimsəmə və digər maddələr üzrə ittiham irəli sürülüb.
Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləyib.
Mehman Səlimovun işdən çıxarılmasının səbəbi kimi onun Baş Qərargah rəisi Nəcməddin Sadıqova qarşı mətbuatda səsləndirdiyi ittihamlar göstərilir. M.Səlimov 1999-cu ildə mətbuata verdiyi açıqlamalarda Nəcməddin Sadıqovun ünvanına kəskin ittihamlar səsləndirmişdi. O, Baş Qərargah rəisinin müdafiə naziri olmaq üçün səylər göstərdiyini, faktiki olaraq həmin vaxt müdafiə naziri olan Səfər Əbiyevə qarşı iş apardığını bildirmişdi. Bu açıqlamalardan sonra Mehman Səlimov tutduğu vəzifədən azad edilmişdi.