Bakıda kütləvi dava: Ər-arvad icra məmurları ilə dalaşıb
12-02-2016, 18:40
Bakıda vətəndaşlarla icra məmurları arasında kütləvi dava olub.
Musavat.com-un əldə etdiyi məlumata görə hadisə bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsinin həyətində baş verib. Dava zamanı tərəflər müxtəlif bədən xəsarətləri alıblar.
Dava məhkəmə prosesindən sonra baş verib. Səbəb isə vətəndaşlar Zaur Məmmədov və onun arvadı Mehriban Məmmədovanın məhkəmə prosesinin gedişatından narazı qalması və bundan sonra tərəflər arasında yaranan mübahisə olub.
Ətrafdakıların müdaxiləsi ilə tərəflər sakitləşdirilib. Davada Bakı Apellyasiya Məhkəməsi üzrə icra şöbəsinin 3-cü dərəcəli ədliyyə qulluqçusu, icra məmuru Faiq Əkbərov və bir neçə icra məmuru iştirak edib.
Daha sonra hər iki tərəf polisə müraciət edib. Ər-arvad polisə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin həyətində icra məmurları tərəfindən döyüldüklərini bildiriblər.
Elə həmin gün Faiq Əkbərov da polisə müraciət edərək, ər-arvad tərəfindən döyüldüyünü deyib.
Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində araşdırma aparılır.