Bakıda 2 məktəbli uşaq oğurlanıb? - Valideynləri danışdı
18-02-2016, 15:05
Bakıda 11 yaşlı Şamil Babayev və 10 yaşlı İsmayıl Safiyev itkin düşüb. Məktəblilər ötən gün dərsdən çıxdıqdan sonra evə qayıtmayıblar. Azyaşlıların itkin düşməsi ilə bağlı ailələri tərəfindən polisə müraciət edilib.
32 saylı orta məktəbinin şagirdləri olan Şamil və İsmayılın axtarışları davam etdirilir.
İtkin düşən məktəbli İsmayıl Safiyevin anası Viktoriya Safıyeva azvision.az-a açıqlamasında övladının dərsdən çıxandan sonra “Neftçilər” metrostansiyasına tərəf getdiyin bildirib.
“İsmayıl və Şamil sinif yoldaşıdırlar. Onlar 32 saylı orta məktəbdə oxuyurlar. Dərsə birlikdə gedib gəlirdilər.
İsmayılın atası hazırda Rusiyadadır. Bilmirik nə edək? Bütün qohumlara, tanışlara zəng etmişik, dünəndən bəri onları tapa bilmirik”.
V.Safıyeva məktəblilərin Nizami rayonunda yerləşən parkdan yoxa çıxdıqlarını deyib: “Sonuncu dəfə “Neftçilər” metrosu tərəfdə olublar, metronun yanından keçərək Heydər Əliyev adına parka gediblər, oradan da yoxa çıxıblar”.
Şamil Babayevin anası Yekaterina Babayeva oğlunun itkin düşməsini təsdiqləyib: “Şamil sakit uşaqdır. O, hara gedib, niyə yoxa çıxıb bilmirik. Evdə heç bir problemi olmayıb. Maraqlanmışıq dərsdən gülə-gülə çıxıblar. “Qara Qarayev”,” Neftçilər”, “Xalqlar dostluğu” metrostansiyasının ətrafında hər herə baxmışıq. Bəlkə uşaqlara nəisə deyiblər. Ağlımıza heç nə gəlmir. Bəlkə kimsə onları oğurlayıb? Hər şey ola bilər”.
Qeyd edək ki, sonuncu dəfə Şamilin əynində qara gödəkçə, göy şalvar, ağ idman ayaqqabısı, İsmayılın əynində isə göy şalvar, bordo gödəkçə və şabalıdı rəngdə çəkmə olub. Uşaqları görənlərdən polisə və ailələrinə məlumat vermələri xahiş olunur.