Hərbi karvana hücum nəticəsində Pakistan ordusunun 4 əsgəri həlak olub
11-08-2022, 08:08

Pakistanın Xeyber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunun Mirəli bölgəsində hərbi karvana hücum nəticəsində 4 əsgər həlak olub.
Xidmətlərarası İctimai Əlaqələrin (ISPR) verdiyi bəyanatda bildirilir ki, Pakistan Ordusu terror təhlükəsini aradan qaldırmaq əzmindədir və terroru törədənlər cəzasız qalmayacaq.
“AzPolitika.info” xəbər verir ki, ISPR tərəfindən verilən açıqlamaya görə, kəşfiyyat agentlikləri hücumu həyata keçirən kamikadze, onun idarəçiləri və köməkçiləri ilə bağlı təfərrüatları öyrənmək üçün araşdırmalara başlayıb.
Baş nazir Şahbaz Şərif sosial media hesabında paylaşdığı açıqlamasında hücumu lənətləyib, ölkədə terrorun kökünü kəsməkdə qərarlı olduğunu vurğulayıb.
Prezident Arif Alvi də hücumu pisləyib və Pakistan Ordusu əsgərlərinin şəhid olmasından kədərləndiyini bildirib: “Bu cür qorxaq hücumlar ölkəni terror bəlasından və onun bütün təzahürlərindən təmizləmək əzmimizi zəiflədə bilməz”.
Son aylar Şimali Vəziristan bölgəsində təhlükəsizlik qüvvələrinə hücumlar və terrorçularla toqquşmalar artıb. İyulun 4-də kamikadzenin təhlükəsizlik qüvvələrinin karvanına hücumu nəticəsində ən azı 10 təhlükəsizlik işçisi yaralanıb. Rəsmilər o zaman bildirib ki, karvan Mirəlidən Mirəmşah rayon qərargahına gedirdi və motosikletdə olan kamikadze özünü maşınlardan birinin yaxınlığında partladıb. Bundan əvvəl, mayın 30-da motosiklet sürən kamikadzenin Razmak bölgəsində təhlükəsizlik qüvvələrinin digər karvanına hücumu nəticəsində iki əsgər və iki uşaq yaralanıb.