Səudiyyə Ərəbistanı ABŞ vətəndaşını EDAM ETDİ
17-08-2023, 16:24

Avqustun 16-da Səudiyyə Ərəbistanında ABŞ vətəndaşı Bişoy Şərif Naci Nasif edam edilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o, atasına işgəncə verməkdə və öldürməkdə təqsirli bilinib.
Beləliklə, ölkədə bu il edama məhkum edilən əcnəbilərin sayı azı 19-a yüksəlib.
Qeyd edək ki, Nasifin ölüm hökmü Ər-Riyadda icra edilib.
Məhkəmədə müəyyən edilib ki, yaşı açıqlanmayan Nasif atasını döyərək öldürüb. O, həmçinin narkotik vasitələrdən istifadə edərək daha bir nəfəri öldürməyə cəhd edib.
Edam üsulu dəqiqləşdirilməyib, lakin keçmişdə Səudiyyə Ərəbistanı ölüm hökmlərinin icrasında tez-tez baş kəsmədən istifadə edib.
Məlumata görə, ABŞ edamla bağlı dərhal şərh verməyib.
“Hesabatlardan xəbərdarıq və vəziyyəti izləyirik, lakin konkret məlumat yoxdur”, – Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib.
Onun sözlərinə görə, sonuncu dəfə ABŞ konsulluğunun əməkdaşı Nasifə iyul ayında baş çəkib.
“Beynəlxalq Amnistiya” təşkilatının məlumatına görə, Səudiyyə Ərəbistanı edamların sayına görə dünyada üçüncü yerdədir.
Qeyd olunub ki, ölkədə ABŞ vətəndaşı ilə yanaşı, Bəhreyn, Banqladeş, Misir, Hindistan, İordaniya, Nepal, Pakistan, Filippin və Yəməndən olan insanlara da ölüm hökmü çıxarılıb.