Partlayışda uşağın ölümünə görə “Azəriqaz”ın vəzifəli şəxsi həbs edildi - TƏFƏRRÜAT
11-01-2024, 12:30
Şirvan Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Camal Hacızadənin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Masallı Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdə qeyd edilib ki, Camal Hacızadə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. İttihama görə, 08 dekabr 2018-ci il tarixdə, saat 19:30 radələrində Masallı rayonunun Sığıncaq kənd sakini Kərimova Günel Şakir qızının evində qaz sızmasından partlayış baş verib. Nəticədə evin birinci mərtəbəsində olan 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu, 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu və 2010-cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Sonra Ə.Müseyibov xəstəxanada dünyasını dəyişib. Əməliyyat-istintaq qrupunun üzvləri hadisə yerinə baxış keçirərkən həmin evin həyət qapısından keçən qaz borusundan qaz sızması müşahidə edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Daha sonra “Azəriqaz”ın ərazi üzrə Təmir-tikinti şöbəsinin mühəndisi, eyni zamanda Masallı Rayon Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətinin rəisi vəzifəsini faktiki olaraq icra etmiş Camal Hacızadə cinayət məsuliyyətinə cəlb olunub.