Göyüşovun Amerika səfirliyində yarım milyonluq yeyintisi... - TƏFƏRRÜAT
Bu gün, 00:05

ABŞ-nin Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin məsul əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, səfirlikdə 20 ilə yaxın çalışan Rafiq Göyüşov yarım milyon manatdan artıq dələduzluqda ittiham olunur.
Cinayət işi Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində istintaq edilib.
İstintaq materiallarına əsasən, Göyüşovun qanunsuz əməllərindən biri xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin ələ keçirilməsi ilə bağlıdır. Məsələn, qonaq üçün günlük 200 manata kirayə mənzil tutulduğu halda, o, sənədlərdə bu məbləği 400 manat kimi göstərib. Bu və digər oxşar halların nəticəsində yarım milyondan artıq vəsait ələ keçirilib.
İlkin istintaqın sonunda Rafiq Göyüşova CM-nin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan olunub. Onun barəsində məhkəməyə qədər “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
ABŞ səfirliyinin zərərçəkmiş qismində tanındığı iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.
Təqsirləndirilən şəxsin vəkili İlham Əsədov isə saytımıza açıqlamasında müvəkkilinin ittihamla razılaşmadığını deyib.
Qeyd edək ki, R.Göyüşov dəymiş ziyanı ödəməyib. Təqsirli bilinərsə, onu 10 ildən 14 ilədək həbs cəzası gözləyir.