Sevgilisi ilə birləşib, ərini doğrayan tibb bacısıyla bağlı YENİ XƏBƏR
30-08-2016, 17:42
Ərini sevgilisi ilə birlikdə öldürüb, parçalara ayıran və izi itirmək üçün basdıran qadın növbəti dəfə hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və onun tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses qapalı baş tutub. Məhkəmədə ittiham aktı elan olunub. L.Mahmudova özünü təqsirli bilmədiyini, S.Məmmədov isə özünü qismən təqsirli bildiyini deyib.
Məhkəmə sentyabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, qətli törədən S.Məmmədov və L.Mahmudovanın hər birinin himayasində iki uşaq var.
Cinayət işində zərərçəkmişin hüquqi varisi kimi onun qardaşı Elçin Zahidov tanınıb.
Qeyd edək ki, qətl hadisəsi ötən il sentyabrın 26-da Yasamal rayonunda baş verib.
Paytaxt sakini L.Mahmudova Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək, həyat yoldaşı 39 yaşlı Kamran Mahmudovun itkin düşməsi barədə məlumat verib. Hadisədən 5 gün sonra K.Mahmudovun öldürüldüyü müəyyən edilib.
Cinayətin mərhumun həyat yoldaşı L.Mahmudova və onun tanışı S.Məmmədov tərəfindən törədildiyi aşkara çıxarılıb. Hər 2 şəxs saxlanılaraq ifadələri alınıb. İstintaq araşdırmaları zamanı məlum olub ki, sentyabrın 26-da gecə saatlarında S.Məmmədov L.Mahmudovanın yaşadığı evə gəlib. Bu zaman mərhum Kamran Mahmudov və evdəki azyaşlı uşaqlar yatırmış...
L.Mahmudova ilə əvvəlcədən plan quran S.Məmmədov özü ilə gətirdiyi tapança ilə yatmış K.Mahmudovun baş nahiyyəsindən 3 dəfə atəş açaraq, onu qətlə yetirib. Onlar izi itirmək məqsədilə meyiti hissələrə bölərək, bağlamalara yığıblar. Sonra həmin bağlamalarla S.Məmmədov Bakıdan İsmayıllı rayonuna yola düşüb. O, meyiti İsmayıllı rayonunda meşədə basdıraraq Bakıya qayıdıb.
Xatırladaq ki, L.Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, əri isə bizneslə məşğul olub. (musavat.com)