Neft şirkətinin yoxa çıxmış işçisinin meyiti tapıldı - BAKIDA
5-09-2016, 13:19
Sentyabrın 1-nə keçən gecə Azərbaycan Dövlət Neft Şirkətinə məxsus gəmidə şirkətin əməkdaşı, 1972-ci il təvəllüdlü Məmmədov Adil Bulud oğlu itkin düşüb. Lent.az-ın əldə etdiyi məlumata görə, gəmi Səngəçaldan Zığ limanına gələrkən gecə saatlarında A.Məmmədovun gəmidə itkin düşdüyü məlum olub. Sentyabrın 4-də isə A.Məmmədovun meyiti Bakı-Qazax magistralının 61-ci kilometrliyində, ƏIət qəsəbəsi yaxınlığındakı ləpədöyən ərazidə aşkarlanıb. İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlamətləri aşkarlanmasa da, onun qismən çürüməyə məruz qaldığı məlum olub.
İlkin ehtimala görə, A.Məmmədov intihar məqsədi ilə özünü dənizə atıb. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.