Rusiya gecə saatlarında Ukraynanın 14 bölgəsinə hücum edib
27-09-2024, 00:13
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri "Xəncər" raketlərinin buraxılması barədə məlumat yayıb.
Sentyabrın 26-na keçən gecə Rusiya ordusu Ukraynanın 14 bölgəsinə hücum edib. Səhər saatlarında Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın səsdən sürətli "Xəncər" daşıyıcıları MiQ-31K təyyarələrinin havaya qalxması ilə əlaqədar bütün ölkə ərazisində üç dəfə raket xəbərdarlığı elan edib.
Onların sözlərinə görə, Jitomir və Xmelnitski vilayətləri təhlükə altındadır. Xüsusilə, Jitomir və Starokonstantinov şəhərlərində "Xəncərlər"in işə salınması barədə məlumat verilir. Verilən məlumata görə, Xmelnitski rayonunda partlayış səsləri eşidilib.
Ukrayna Silahlı Qüvvələri bəyan edib ki, gecə saatlarında Rusiya ordusu Sumı vilayətinə naməlum tipli iki raketlə zərbə endirib və Qara dənizdən Odesa bölgəsinə 4 ədəd Kh-59/69 raketi atıb, sonradan bu raketlər vurulub. Bundan əlavə, Ukrayna ərazisində 78 Şahed PUA buraxılıb, onlardan 66-sı zərərsizləşdirilib.
Ötən gecə Rusiya ordusu Zaporijyeyə də hücum edib, nəticədə 4-ü qadın və 14 yaşlı yeniyetmə olmaqla, 8 nəfər yaralanıb.
Sentyabrın 25-də Rusiya hərbçilərinin Xerson vilayətini atəşə tutması nəticəsində 80 yaşlı qadın həlak olub, 5 nəfər yaralanıb.
Rusiya ordusunun iki hava bombası atdığı Kramatorskda daha iki nəfər ölüb. Şəhərdə iki çoxmərtəbəli binaya ziyan dəyib, uşaqlar da daxil olmaqla, 19 nəfər xəsarət alıb.