Kaliforniyada məhkəmə binasında partlayış, şübhəli saxlanılıb

27-09-2024, 11:58           
Kaliforniyada məhkəmə binasında partlayış, şübhəli saxlanılıb
Çərşənbə günü bir nəfər Kaliforniya məhkəməsinin foyesində partlayıcı qurğunu işə salıb, nəticədə beş nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bu barədə Associated Press yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Partlayış səhər saat 8:45 radələrində Santa Barbara rayonunun 110 min əhalisi olan Santa Maria şəhərindəki ədliyyə binasında baş verib.

Ədliyyə binasına daxil olan şəxs təhlükəsizlik məntəqəsinə çanta atıb, daha sonra çanta partlayıb. Hüquq-mühafizə orqanları şübhəli şəxsi avtomobilinə minmək istəyərkən məhkəmə binasının qarşısında həbs edib. Onun gödəkçəsinin altından gülləkeçirməz jilet aşkar edilib.

Rəsmilər hadisənin terror və ya siyasi zorakılıqla əlaqəli olmadığını bildiriblər. Şübhəli şəxs öldürməyə cəhd, partlayıcı qurğudan istifadə və partlayıcı qurğuların saxlanması kimi cinayətlərdə ittiham olunur.

Santa Barbara şerifinin müavini Kreyq Bonner "Biz inanırıq ki, bu, uğurla həll edilmiş daxili bir işdir və ictimai təhlükəsizliklə bağlı heç bir problem yoxdur" deyib.

Şerifin ofisi qonşu Los-Anceles dairəsindəki məhkəmə binalarında patrulların gücləndirildiyini bildirib. Partlayışdan sonra səlahiyyətlilər beş blok radiusunda yerləşən iş yerlərindən, evlərdən və məktəbdən insanları təxliyə edib.

Bonner bildirib ki, beş qurbandan üçü yanıq xəsarətləri alıb. Onların hamısına tibbi yardım göstərilib və xəstəxanadan buraxılıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.