Cahangir Hacıyevin işində 6 şahid Azərbaycandan çıxıb - MƏHKƏMƏDƏN

19-09-2016, 15:17           
Cahangir Hacıyevin işində 6 şahid Azərbaycandan çıxıb - MƏHKƏMƏDƏN
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Cahangir Hacıyevin işində 6 şahid Azərbaycandan çıxıb

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, 6 şahid barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, məhkəməyə onların ölkə xaricində olduğu haqda sənədlər daxil olub. Buna görə də prosesdə həmin şahidlərin ifadəsi elan edilib.

Buna Cahangir Hacıyevin vəkili Aqil Layicov etiraz edib. Digər vəkillər və prokuror isə ifadələrin elan olunmasına etiraz etməyib.

Şahid Vüqar Sadıqovun ifadəsi elan olunan zaman bilinib ki, o, "İnter Security" şirkətinin əməkdaşı olub və onun adına 550 min manat pul götürülüb. Şahid istintaqa verdiyi ifadədə pulu görmədiyini və yalnız sənədlərə qol çəkdiyini bildirib.

Digər şahid Tərlan İsmayılov ifadəsində Məmməd Cahangirovu tanıdığını deyib. O bildirib ki, başqa bir iş üçün bankda olarkən M. Cahangirov ondan şəxsiyyət vəsiqəsini istəyib. Onun adına 300 min manat kredit götürülüb. O bildirib ki, 2014-cü ilə qədər bu kreditlə bağlı ona zəng olunmayıb.

Prosesdə hal şahidi olmuş Ədalət Muradov ifadəsində bildirib ki, Azad Cavadovun bağ evinə baxış keçirilən zaman yatağının altından patron və silah götürülüb, eləcə də evdən qılınc dəsti və of tüfəngi aşkarlanıb: “Azad Cavadov orda dedi ki, tapança onun deyil, ov tüfənginin isə sənədləri var. Azad Cavadov protokola qol çəkməkdən imtina edib".

Maliyyə Bazarlarına Nəzarət Palatasının böyük inspektoru Ayaz Vəliyevin ifadəsi elan olunub. O bildirib ki, Beynəlxalq Bankda fiziki şəxslərin adına verilən kreditlər, eləcə də Cahangir Hacıyevin və yaxınlarının adına olan kredit kartları vasitəsilə çəkilən ayırılan pulların xərclənməsi, ödənilməsi ilə bağlı yoxlama aparılıb. Yoxlama zamanı kreditlərin ayrılması ilə bağlı qanunvericliyin tələbləri və qaydalarına riayət edilmədiyi aşkarlanıb. Bununla bağlı banka külli miqdarda ziyan vurulub.

Vəkil Azər Tağıyev bildirib ki, ifadəsi elan olunan şahidlərin məhkəməyə gətirilməsi vacibdir. Təqsirləndirilən İbrahim Hüseynov bildirib ki, istintaqda ifadə verən bir neçə şəxs özünü onun rəhbəri olduğu "İnter Security" şirkətinin əməkdaşı kimi təqdim etsə də, həmin şəxslər orda çalışmayıb. Buna görə də onların məhkəməyə çağırılması nıtələb edib.

Vəkil Aqil Layicov Maliyə Bazarların Nəzarət Palatasının baş inspektorunun dəvət edilməsini istəyib. Bildirib ki, ekspert hüquqi rəy verə bilməz ona görə prosesdə dindirilməlidir.

Hakim bildirib ki, şahidlər gələ bilmədiyi üçün ifadələrinin elan olunması ilə bağlı qərar qəbul edilib.

Prosesdə sənədlərin tədqinə başlanılıb. Bəzi sənədlər elan edilib.

Proses nahardan sonra davam edəcək.

Qeyd edək ki, C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.