Çovdarovun daha bir planı ifşa olundu
20-09-2016, 19:23
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ən odioz fiqurlarından olan Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun azadlığa çıxmaq üçün qurduğu planlardan daha biri ifşa olunub.
AzNews.az-a daxil olan məlumata görə, o, həbsdən və məsuliyyətdən qurtarmaq üçün son günlər Azərbaycan mediasında tez-tez çıxış edən, Gürcüstanın Vahid Milli Hərakatı Partiyasının üzvü olan qohumu Azər Süleymanovdan istifadə etmək qərarına gəlib. Belə ki, plana görə, Marneuli rayonunu Gürcüstan parlamentində 3 dəfə təmsil edən A. Süleymanov növbəti parlament seçkilərində namizədliyini irəli sürüb təbliğat-təşviqat kampaniyası zamanı mətbuatın gücündən istifadə etməli, Azərbaycan iqtidarının dəstəyini almalı və etibarını qazanmalıdır.
Daha sonra isə etimad qazanan deputat Gürcüstan-Azərbaycan münasibətlərinin tənzimlənməsində xüsusi rolu olduğunu qabartmalı və qohumu Çovdarovun azad olunması üçün bu kartdan istifadə etməlidir. İddia olunur ki, son günlər A. Süleymanovun Azərbaycan mediasında tez-tez çıxış etməsi də məhz bu planla bağlıdır.
Məlumat üçün bildirək ki, Akif Çovdarov azadlığa çıxmaq üçün Gürcüstanın azərbaycanlı əhalisinin adından bir neçə dəfə istifadə edib. Belə ki, media vasitəsilə Gürcüstan-Azərbaycan münasibətlərində oynadığı “hansısa mühüm rolu”, “vəzifədə olarkən Gürcüstanda yaşayan azərbaycanlılar üçün bir ümid və inam yeri olması” haqda məlumatlar tirajlayan A. Çovdarov bu yolla azad olunmaq istəyinə çata bilməyib.
Bundan əlavə, bir müddət əvvəl Gürcüstanda yaşayan azərbaycanlı ziyalılar adından Prezident İlham Əliyevə müraciət də ünvanlanıb. Lakin müraciətin Çovdarovun qohumları tərəfindən hazırlandığı üzə çıxıb.