Borclu həbsdədirsə, borc sahibi neyləsin? - çıxış yolu

21-09-2016, 22:16           

Masallı rayon sakini Elnur Ağayev Qaynarinfo.Az saytına müraciət edərək, üzləşdiyi çətin vəziyyətlə bağlı kömək istəyib. Onun sözlərinə görə, 2009-cu ildə, Moskva Univermağında satıcı işləyərkən, həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu onun etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb.

2015-ci ildə E.Ağayevin iddia ərizəsi əsasında Masallı rayon Məhkəməsi qərardada çıxardıb. Qərardada görə, Z.Məmmədov şikayətçiyə 3700 dollar vəsaiti ödəməlidir.

Elnur Ağayev yazır:"Mənim mülki işimlə bağlı 04.04.2016-ci il tarixdə məhkəmə qərarını könüllü icra etmədiyi üçün o, 10 sutka inzibati həbs edildi. 14.04.2016-cı il tarixdə mən tələbkar kimi işi aparan Masallı rayon icra söbəsinin icra məmuru ilə telefon əlaqəsi yaratdım. İşimin nə yerdə olduğunu soruşduqda icra məmuru mənə borclunun yenidən başqa bir cinayət əməlinə görə bir il həbs olunma xəbərini verdi".

E.Ağayev qərardadın icrası üçün Masallı rayon İcra Şöbəsinə müraciət edib: "Şöbənin rəisi İsmayıl Abazəliyev mənə rəsmi cavab verib. Cavabda bildirilir ki, borclu Məmmədov Zaur Qalabəy oğlu Salyan rayonun 5 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Ona görə də, icra sənədi “İcra haqqında” qanunun 10 və 24-cü maddələrinə əsasən həmin cəzaçəkmə müəssisəsinə göndərilib".

Şikayətçi bildirir ki, icra sənədinin icra olunması üçün 5 saylı Cəzaçəkmə Müəssisəsinə müraciət edib: “Burdan mənə bildirildi ki, borclu hazırda işləmədiyi üçün borcunu qaytarması qeyri-mümkündür. Mən media vasitəsi ilə Ədliyyə naziri Fikrət Məmmədova və Pentensiar Xidmətinə müraciət edirəm ki, borclunu müvafiq işlə təmin etsinlər. Məcburiyyət qarşısında son zamanlar mən də borc götürmüşəm, Z.Məmmədov borcumu qaytarsın, mən də borcumu ödəyim”.

Bəs Elnur Ağayevinin üzləşdiyi problemdən çıxış yolu nədir? Qanunlar bununla bağlı nə deyir?



Hüquqşünas Səməd Rəhimli Qaynarinfo.Az-a bildirib ki, Cəzaların İcrası Məcəlləsinin 99.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların qazancından, pensiyalarından və digər gəlirlərindən tutulmalar aparılır:

"Həmin Məcəllənin 99.2-ci maddəsinin ikinci cümləsinə əsasən icra vərəqəsinə və başqa icra sənədlərinə görə tutulmalar qalan məbləğdən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır; məcəllənin 99.3-cü maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların şəxsi hesabına, bütün tutulmalı məbləğlərdən asılı olmayaraq onlara hesablanmış aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı əlli faizi, altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumların, birinci və ikinci qrup əlilliyi olan məhkumların, yetkinlik yaşına çatmayanların və ya hamilə, cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınların şəxsi hesabına isə aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı altmış faizi keçirilir.

Bu halda İcra haqqında Qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz".

Hüquqşünas bildirib ki, indiki halda Elnur Ağayev həm həmin işi icra etdirməli olan icra məmuruna, həm də həmin şəxsin cəzaçəkmə müəssəsinə məktub yazmalıdır ki, Cəzaların İcrası Məcəlləsinin 99 və İcra haqqında Qanunun 65-ci maddəsinə uyğun olaraq tələbin icrası üçün həmin şəxsin gəlirin 50 faizindən tutmalar aparılsın:

"Əgər borclunun gəliri azdırsa, onda yaxşı olar ki, Elnur Ağayev icraçıya yazsın və icraçı aydınlaşdırsın ki, borclunun başqa əmlakı varmı? Əgər varsa həmin əmlak satılıb borc ödənilə bilər. Əgər yoxdursa, onda zərəçəkən qanuna görə hissə-hissə icranı gözləməlidir. Çünki icra borclunun gücünə uyğun olmalıdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.