Məktəblərdə Konstitusiya dərsi ləğv edilib? – RƏSMİ

22-09-2016, 21:09           
Məktəblərdə Konstitusiya dərsi ləğv edilib? – RƏSMİ
Təhsil Nazirliyi ümumtəhsil məktəblərində bir sıra dərslərin, xüsusilə bu ilə qədər IX siniflərə keçirilən Konstitusiya dərsinin ləğv edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Nazirlikdən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil pilləsində ayrı-ayrı səviyyələr üzrə tədris edilən fənlərin siyahısı Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sənədində təsbit olunub.

Həmin sənəddə ümumi orta təhsil səviyyəsində “Azərbaycan Respublikasının Konstitusiyası” fənninin tədrisi nəzərdə tutulmayıb. Bununla belə, ümumi orta təhsil səviyyəsində tədris olunan fənlər sırasına yeni daxil edilmiş inteqrativ “Həyat bilgisi” fənninin təhsil proqramında “Fərd və cəmiyyət” məzmun xətti vasitəsilə şagirdlərin əsas insan hüquq və azadlıqlarını, Azərbaycan Respublikasının Konstitusiyasında və Beynəlxalq Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş hüquq və vəzifələri öyrənməsi, onlarda özlərinin və başqalarının hüquqlarını müdafiə etmək və bunu başqalarından da tələb etmək bacarıqlarının formalaşdırılması nəzərdə tutulur. Eyni zamanda ümumtəhsil məktəblərinin ümumi orta və tam orta təhsil səviyyələrində tədris olunan “Ümumi tarix” və “Azərbaycan tarixi” fənlərinin təhsil proqramlarında da insan hüquqlarına, demokratik, milli-mənəvi dəyərlərə, vətənə hörmət hissinin formalaşdırılması əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib.

Məlumatda, həmçinin qeyd edilib ki, 2008-2009-cu dərs ilindən etibarən ümumtəhsil məktəblərinin I siniflərindən başlayaraq tədris yeni təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir. 2016-2017-ci dərs ilində həmin proqramlar artıq IX siniflərə də şamil edilir. Nəzərinizə çatdırırıq ki, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sənədinə əsasən, “Musiqi” fənninin ibtidai (I-IV) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələrində tədris olunur. Həmin fənnin hazırda IX siniflərdə tədris olunması adıgedən sənədin tələbindən irəli gəlir və “Azərbaycan Respublikasının Konstitusiyası” fənninin tədris olunan fənlər sırasından çıxarılması ilə heç bir əlaqəsi yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.