Zooparkda babuinlər öldürüldü: Səbəb populyasiyanın artmasıdır
Dünən, 16:26

Almaniyanın Nürnberq şəhərində yerləşən zooparkda 12 qvineyalı babuin (meymun növü) öldürülüb. Bu qərar populyasiyanın normadan artıq artması səbəbilə qəbul edilib.
32gun.az xəbər verir ki, nəlumatı Almaniyanın Bild qəzeti yayıb.
Qəzetin məlumatına görə, 25 babuin üçün nəzərdə tutulmuş volyer artıq 40-dan çox meymunla dolub. Zoopark rəhbərliyi heyvanların sayına nəzarət məqsədilə 12 babuini "likvidasiya etmək", yəni öldürmək qərarına gəlib.
Hadisə 29 iyulda baş verib. Həmin gün zoopark texniki səbəblərlə fəaliyyətini müvəqqəti dayandırıb. Bu isə zoohüquq müdafiəçilərinin etirazına səbəb olub. Onlar bu bağlanmanın heyvanların öldürülməsini gizlətmək üçün edildiyini irəli sürüblər. Səhər saatlarında 20-yə yaxın fəal zooparkın girişində aksiya keçirib. Bəziləri əraziyə daxil olmağa cəhd göstərsə də, təhlükəsizlik əməkdaşları buna imkan verməyib.
Zoopark rəhbərliyi bildirir ki, daha əvvəl babuinlərin bir qismini başqa zooparklara verməyə çalışıblar, lakin razılıq əldə olunmadığı üçün bu addımı atıblar.
Qeyd edək ki, bundan öncə – 21 iyulda, Niderlandda Belçika sərhədi yaxınlığındakı Klinge kəndində yerləşən təmas zooparkında naməlum bir şəxs bir eşşəyə hücum edərək onu öldürmüşdü. Hücumla bağlı polis araşdırma aparır, şübhəli şəxs isə axtarışdadır.