Ağa Mikayıl hamamı Bakının nemətlərindəndir. - Həm də İçəri Şəhərin incilərindəndir.
Dünən, 09:14

Ağa Mikayıl hamamı Bakının nemətlərindəndir. Həm də İçəri Şəhərin incilərindəndir. Bilən bilir, bilməyən üçün deyim, bu, Məşədi İbadın hamam səhnəsi çəkilən məkandır. Yəni hər biriniz filmdə də olsa o gözəlliyi görmüsünüz.
Ağa Mikayıl hamamı gerçəkdən nemətdir, əfsanədir, `ölü girən diri çıxar` deyilən yerin özüdür.
Düz, 4-cü yüzildir həftənin 2 günü xanımlara, 5 günü bəylərə xidmət göstərir. İndi turist güzərgahına çevrilib, ruslar daha çox gəlir, hind, ərəb tək-tək... çox vaxt elə belə... baxıb gedirlər...
Ağzıpozuq, üzü göyçək hamamçı qaradərili görəndə üzünü turşudur, `bunlar çimən zibil döyüllər`deyir... bir-iki `bəzəkli` söz də əlavə edir...
Yerlilərdən Ağa Mikayıl hamamının daimi müştəriləri də az deyil...
Hər həftə xərcləsən bir az bahalı məkandır, amma tiryakisi olan parasına baxmaz. Mən fakir də aşağı-yuxarı 30 ildir, bəlkə daha çox bu mübarək işin mübtəlasıyam. Bakıdayamsa vazkeçmərəm. Qızlar məni görən kimi ilk sözləri bu olur, `xoş gəldiz,nə vaxt gəlmisiz`... köhnə dostlar kimi görüşürük...
Bu müddətdə çevrə - həm işçisi, həm müştərisi ilə dəfələrlə dəyişib, davamlı gələnlərdən tək-təki qalıb. Gözümüz önündə işə gələn gənc qızların qızları indi İstanbul məzunudur.
Hamamdı, bazardı... ümumən həyatdı insanın içini dışına çıxaran nəsnələrdir.
Gördüyüm qədər Ağa Mikayıl hamamına işləməyə gələn qız-qadından kiminin daxili dirənişi güclü olar, 30 il əvvəl hansı üzlə gəlimişsə elə həmin halını saxlayar. Kiminin də zamanla üzünün suyu tökülər, ağzı yava məxluqa dönər...
Bu Ağa Mikayıl hamamı da həyat kimi bir şeydir - sınaq meydanıdır. Həyat, ruhu güclü olanla bacarmır, böyründən keçib gedir. Zəif olanın içinə soxulur, darmadağın edir, mənliyini öldürür, dönük edir, həyasızlaşdırır, yavalaşdırır...
Bu hamamın əhvalatları çoxdur...
Bu son günlərdə... ilk dəfə idi hamamda kefli arvad görürdüm. Yerli və milli idi. Ortayaşın üstündə, yaşına görə zərif, dimdik, saçları məcnun kimi belində. Pəs deyincə içmişdi. Ortalıqda gəzir, hər kəsə diqqətlə baxır, arada ona buna söz atırdı.
Mənzərə müdhiş idi...
Tez-tez kisəçilərdən içki istəyirdi. Onlar da `bəsindi` deyirdilər. O da deyirdi, `2003-dən içmirəm... bu gün içəcəm... piyan olacam...`
Bu dialoq yarımsaatda bir təkrar olurdu. O istəyir, hamamçı vermirdi.
Kefli arvad hər dəfə `2003-dən içmirəm...` deyəndə kisəçilər şaqqıldayıb gülürdülər.
Bu şaqqıltı Ağa Mikayıl hamamının günbəzinə çaxır, dama qonmuş göyərçinləri hürküdür, quşlar dəstə ilə pırr eləyib uçuşurdular.
Ağa Mikayıl hamamı ilə bağlı yazılarım çoxdur. Tarixindən yazmışam. Repressiyaya uğramış Ağa Mikayıl törəmələrindən hekayəm var. Orada baş vermiş məzəli olaylarla bağlı yazılarım var. Qısası, əziz məkandı...
Bu kefli arvadla bağlı da yazacam yəqin. Məncə xırda bir məişət hekayəsi üçün yetərincə malzəmə var...
Axı nə qədər kişilər içib sərxoş olub meydan sulayacaqlar?!
Amma bu dəfə bir şey kəşf etdim, kefli arvad kefli kişi ilə o qədər bənzəyir... heç olmayan qədər... eyni danışıq tərzi, eyni səs tonu, eyni tələblər, eyni səndələmələr, eyni şikayətlər, dumanlı baxışlar...
Və kefli arvadla ətrafdakıların rəftarı da eyni imiş. Çevrə onlara çox ehtiyatla, anlayışla, hətta qayğı ilə yanaşır. Onun etibarsız kişilərdən şikayətlərinə həmdərd olur, kişilərin ünvanına yağlı söyüşlər yağdırır, `harda yaxşısı varsa... ` ilə başlayan, hər ağızda fərqli variasiya ilə sonlanan, sonluğu dilə gəlməyən göndərmələr səsləndirirdilər. Kefli arvad taqətsiz-taqətsiz bu göndərmələri təsdiq edir, kövəlirdi.
Ortada tam bir qadın həmrəyliyi vardı...
s.a. yadıma düşdü ki, bir dəfə, bir qohum məclisində gənc bir qadın içib keflənmiş, yıxılana qədər oynamışdı. Əri, daha içməsin deyə onu dilə tutur, nazı ilə oynayır, hər hərəkətinə uşaq kimi gülür, boynunu qucaqlayıb oturtmağa çalışırdı...
Mehriban Vezir
TEREF