Kamçatkadakı zəlzələyə görə Yaponiyada ölən və yaralananlar var
Dünən, 11:26

Kamçatkada baş verən zəlzələ və onun yaratdığı sunami nəticəsində Yaponiyada bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
TASS xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayasi məlumat verib.
Xilasetmə xidmətlərinin məlumatına görə, bir nəfər şəxsi avtomobili ilə Kumamoto prefekturasında sahilyanı ərazini tərk edən zaman baş vermiş avtomobil qəzası nəticəsində həlak olub - sürücü dağ yolunda idarəetməni itirib. Təxliyə zamanı yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sunami nəticəsində ölənlər və yaralananlar, eləcə də ciddi dağıntılar barədə hələlik məlumat verilməyib.
"Biz insanları Milli Meteorologiya İdarəsinin göstərişlərinə əməl etməyə çağırırıq", -deyə Hayası bildirib.
Yaponiyada sunami xəbərdarlığı ölkənin demək olar ki, bütün Sakit okean sahilləri üçün qüvvədə qalır. Çərşənbə günü hündürlüyü 20 sm-dən 1.3 m-ə qədər olan dalğalar ölkənin şərq, şimal-şərq və şimal rayonlarının sahil zolağında müşahidə edilib.
Ümumilikdə ölkənin Sakit okean sahillərinin 2 milyona yaxın sakini təxliyə əmri alıb. Yaponiya Milli Meteorologiya İdarəsi təxliyə edilənləri sunami xəbərdarlığı tamamilə aradan qaldırılana qədər evlərinə qayıtmamağa çağırır.