Ağstafa rayonunun Qaçaq Kərəm qəsəbəsində yollar BƏRBAD VƏZİYYƏTDƏDİR
Dünən, 11:24
Ağstafa rayonunun Qaçaq Kərəm qəsəbəsində yolların bərbad vəziyyətdə olması sakinlərin ciddi narazılığına səbəb olub.
32gun.az-a daxil olan şikayətlərdə qeyd olunur ki, qəsəbədaxili yollar nə piyadalar, nə də avtomobillər üçün yararlı deyil.
Qəsəbə sakinlərinin bildirdiyinə görə, Qaçaq Kərəm qəsəbəsinin yalnız ilk girişi, bir hissəsi asfalt örtüyünə malikdir. Qalan bütün yol isə tamamilə yararsız vəziyyətdədir. Bu vəziyyət, xüsusilə yağışlı havalarda hərəkəti çətinləşdirir və sakinlər üçün ciddi problemlər yaradır. Daha maraqlısı odur ki, qəsəbə sakinlərinin iddiasına görə, asfaltlanmış hissənin kağız üzərində daha böyük bir ərazini əhatə etdiyi və hətta bəzi asfaltlanmamış yolların da sənəddə asfaltlanmış kimi qəbul edildiyi bildirilir. Bu halların isə əvvəlki icra hakimiyyəti başçısının dövründə baş verdiyi qeyd olunur. Qəsəbə sakinləri aidiyyəti qurumları yolların təmirinə və bu məsələnin araşdırılmasına çağırır. Vətəndaşlar normal yol şəraitinin təmin olunmasını və mövcud problemlərin aradan qaldırılmasını tələb edirlər.